COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib

COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı COP29-un baş qərargahında aprelin 15-də ilk mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova iştirak edib.

Konfransa hazırlıq işlərindən danışan Muxtar Babayev bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyini üzərinə götürdüyünü deyən M.Babayev qeyd edib ki, ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək.

M.Babayev yaşıl keçidin Azərbaycanın milli prioritetləri sırasında olduğunu da bildirərək xatırladıb ki, ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyən edilib. Azərbaycan baza ili - 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaldılmasını hədəfləyir.

Bu gün Azərbaycanın özünün də qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini deyən M.Babayev çaylarda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemləri vurğulayıb.

Tədbirdə COP29-dan gözlənilən yekun sənədlər üzrə danışıqların gündəliyinə toxunulub. COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, Azərbaycan COP29-a ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır. COP29-un danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur. Danışıqların uğurlu nəticələnməsi üçün mümkün həll yolları üzərində fəal iş aparılır.

COP29-un baş icraçı direktoru Elnur Soltanov bu tədbirin yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacağını qeyd edərək, Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əmin olduğunu bildirib. E.Soltanov qeyd edib ki, Azərbaycanın rolu sadəcə ev sahibliyi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında Bakı bütün dünyanın diqqət mərkəzində olacaq.

COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova qeyd edib ki, Azərbaycan bu günədək müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etsə də, iştirakçı sayına və miqyasına görə COP29 ən böyük tədbirdir. O bildirib ki, COP29-un keçiriləcəyi məkan kimi Bakı Stadionu seçilib. Bu qərar BMT ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. İndiyədək bu məkanda keçirilən böyük miqyaslı tədbirlərdə infrastrukturun effektiv istifadəsi və dayanıqlılığı tam təmin edilib. Onun sözlərinə görə, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonaları stadion ərazisində kompakt şəkildə təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır. Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadion ətrafında konstruksiyalar quraşdırılacaq.

Mətbuat konfransında qonaqları qəbul edəcək mehmanxanalarla bağlı məsələyə də aydınlıq gətirilərək bildirilib ki, bütün yerləşdirmə imkanları tezliklə vahid beynəlxalq platforma üzərindən təqdim ediləcək.

COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai vətəndaş cəmiyyəti nümayəndələrinin və özəl sektorun COP29-da iştirakından bəhs edərək, onların mühüm qərarların müzakirəsi və qəbuluna cəlb edilməsinin vacibliyini vurğulayıb.

COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova isə gənclərlə bağlı fəaliyyət istiqamətlərinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında önəmli yer aldığını, bu sahədə mövcud təcrübələrin və qlobal layihələrin əhəmiyyətini vurğulayıb. O, mətbuat nümayəndələrinə gənclərin inkişaf və təcrübə mübadiləsi istiqamətlərinin genişləndirilməsi, qlobal proseslərdə onların iştirakçılığının təmin olunmasına yönəlmiş tədbirlər haqda danışıb.

Mətbuat konfransında COP29-un loqosu ictimaiyyətə təqdim olunub. Təqdimat zamanı bildirilib ki, COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.

Kökləri Azərbaycan tarixi-mədəni irsinə dayanan buta motivi özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpü salır. Bunların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özlüyündə beş fərqli elementi ehtiva edir - flora və fauna, hava və külək, su, enerji və kainat. Loqo iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönümlü fəaliyyətin əhəmiyyətini əks etdirir.

Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

2024-04-15