Banerlər
Xəbərlər

 

BAKIDA ASİYA SİYASİ PARTİYALARI BEYNƏLXALQ KONFRANSININ GƏNCLƏR QOLUNUN 5-Cİ VƏ QADINLAR QOLUNUN 6-CI İCLASI KEÇİRİLİB

Sentyabrın 7-də Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə "Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi" mövzusunda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası keçirilib.

Tədbiri ICAPP-ın Baş katibi Park Ro-byug açıb və gündəlik barədə məlumat verib.

Çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov ICAPP-ın Asiya qitəsində ictimai-siyasi proseslərin, bir sıra problemlərin müzakirəsi baxımından vacib platforma olduğunu deyib. O, bugünkü toplantıda təşkilatın gələcək fəaliyyəti ilə bağlı faydalı qərarların qəbul olunacağına ümidvar olduğunu bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası ICAPP-ın fəal üzvü kimi bu təşkilatla səmərəli əməkdaşlıq edir.

Baş Nazirin müavini vurğulayıb ki, cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil. Asiya dünya iqtisadiyyatının inkişafına böyük töhfələr verir. Asiya həm də bir çox təzadlarla müşahidə olunan regiondur. Bir tərəfdən inkişaf prosesləri gedir, digər tərəfdən inkişafın geridə qaldığı hallar da narahatlıq yaradır. Bu da bütövlükdə Asiya regionunun rəngarəng palitraya sahib olduğunu göstərir. Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, qitənin gələcək inkişafı ilə bağlı layihələrin hazırlanmasında konfransın üzərinə böyük iş düşür. Xüsusilə də gənclər və qadınlar problemini ayrıca vurğulamağa ehtiyac var. Asiya ölkələri üçün xarakterik olan məsələlərdən biri də əhalinin dinamik artımı ilə bağlı gənclərin xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır. Bu da ICAPP-ın fəaliyyətində gənclərlə bağlı görülməli işlərin nə qədər əhəmiyyətli olduğundan xəbər verir. Demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində ICAPP-ın böyük rolunun olması mümkündür. Sabitliyin, əmin-amanlığın bərqərar edilməsi və möhkəmləndirilməsi, region üçün problemə çevrilən terrorizm kimi bəlaların aradan qaldırılması da ICAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdir. Əli Əhmədov əmin olduğunu bildirib ki, ICAPP bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində öz üzərinə düşən missiyasını lazımınca yerinə yetirə bilir.

Sonra çıxış edən ICAPP Gənclik Qolunun sədri, Malayziya parlamentinin üzvü Seri Şahidan bin Kassim Azərbaycan xalqına yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Ölkəmizə ikinci dəfə səfər etdiyini deyən qonaq ötən dövr ərzində böyük inkişafın şahidi olduğunu, Bakının isə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini söyləyib.

O qeyd edib ki, Bakıda keçirilən tədbirdə Asiya ölkələrindən olan müxtəlif baxışlara malik gənclər iştirak edirlər. Bu günün gəncləri sabahın liderləridir. Bu isə imkan verir ki, onlar gələcəyin siyasətçisi, lideri kimi qətiyyətli və vacib qərarlar qəbul edə bilsinlər.

Azərbaycanın Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyini bildirən qonaq tədbirin məhz Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, gənclərin cəmiyyətdə sosial ədalətin bərqərar olunması istiqamətində fəaliyyəti vacibdir və onlar bu prosesə ciddi töhfə verməlidirlər.

Daha sonra çıxış edən ICAPP Qadınlar Qolunun həmsədri, Nepal parlamentinin üzvü Sujata Koirala bugünkü iclasın qadınların ictimai həyatda iştirakçılığının gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O bildirib ki, qlobal dünyada gender bərabərliyinin təmin edilməsində mühüm nailiyyətlər əldə olunub, qadınların parlamentdə və dövlət qurumlarında təmsilçiliyi xeyli artıb. ICAPP fəaliyyət göstərdiyi dövr ərzində qadınların mövcud problemlərinin həlli istiqamətində zəruri işlər görüb.

Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da tədbirin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, dünyada mövcud olan ictimai-siyasi durum, bütün qitələri təhdid edən təhlükələr və çağırışlar bizi ən müxtəlif formatlarda beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə siyasi partiyaların birlikləri olan ICAPP tipli təşkilatlarda birləşməyə vadar edir. Bu regionda siyası partiyaların bir araya gəlməsi və regionun inkişafı üçün, qarşıda dayanan hədəflərə nail olunması üçün yolların axtarılması çox vacibdir.

Gənclər və İdman naziri Azad Rəhimov isə çıxışında Azərbaycanın dövlət gənclər siyasəti haqqında məlumat verib. O bildirib ki, ölkəmizdə gənclərlə bağlı bır sıra dövlət proqramları qəbul olunub. Əhalimizin 30 faizindən çoxunu gənclər təşkil edir. Prezident İlham Əliyev tərəfindən gənclərin inkişafı üçün yaradılmış şərait nəticəsində dövlət qurumlarında onların təmsilçiliyi xeyli sayda artıb. Gənclərimizin beynəlxalq əlaqələrinin inkişaf etdiyini deyən Azad Rəhimov son illərdə Azərbaycanda gənclər siyasəti ilə bağlı beynəlxalq tədbirlərin sayının da dəfələrlə artdığını vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Sədaqət Qəhrəmanova bildirib ki, müasir inteqrasiya, eləcə də davamlı inkişaf prosesində qadınların iştirakçılığının artırılması, bunun üçün mexanizmlərin yaradılması əsas məsələlərdəndir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolu qadınların hüquqlarının müdafiəsi istiqamətində çox mühüm layihələr həyata keçirir, onların iqtisadi, sosial həyatda iştirakının təmin olunmasında, bərabər hüquqlar əldə etməsində xüsusi rol oynayır. Müasir dövrdə qloballaşma şəraitində dünyanın bir çox, həmçinin ən inkişaf etmiş ölkələrində eyni problemlərə rast gəlinir. “Qadın istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə mühiti yaradır, vətənə layiqli vətəndaşlar yetişdirir. Ümumiyyətlə, gender bərabərliyinə nail olmaq, qadınların imkanlarını genişləndirmək inkişafın fundamental əsasıdır və qloballaşma prosesində önəmli yer tutur”, - deyən S.Qəhrəmanova Azərbaycan dövlətinin qadın siyasəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra tədbir panel iclaslarla öz işini davam etdirib.

BAKI. 09.09.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8746
Rusiya rublu
0.0259
Hava proqnozu
+25°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010