Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN-İNDONEZİYA PARLAMENTLƏRARASI ƏLAQƏLƏRİ MÜZAKİRƏ OLUNUB

İyulun 31-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Nümayəndələr Palatası sədrinin müavini Fadli Zonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ziyafət Əsgərov Azərbaycanın İndoneziya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd edib. Bildirib ki, dövlətlərimiz beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlıq edirlər. Azərbaycan-İndoneziya əlaqələrinin bütün sahələrdə inkişafı üçün böyük potensial mövcuddur.

Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Bölgə iqtisadiyyatının 75 faizi məhz Azərbaycanda formalaşır. Ölkəmizdə müxtəlif neft və qaz layihələri həyata keçirilir. Milli Məclis Sədrinin birinci müavini qonağa Bakı-Tbilisi-Ceyhan, TAP və TANAP layihələrinin əhəmiyyəti barədə də məlumat verib.

Söhbət zamanı Ziyafət Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Diqqətə çatdırıb ki, otuz ilə yaxındır Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamələr qəbul olunub. Lakin bu qətnamələrə bugünə qədər əməl olunmur. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında dəfələrlə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti pislənib, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək verilib.

İndoneziya Nümayəndələr Palatası sədrinin müavini Fadli Zon Azərbaycan parlamenti ilə əlaqələrə böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, ölkələrimiz arasında parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bu dostluq qrupları əlaqələrimizin inkişafına öz töhfəsini verir. Parlamentlərarası əlaqələrin yaxşı olması siyasi, iqtisadi, sosial sahələrdə əlaqələrin inkişafına, həmçinin xalqlarımızın bir-birinə yaxınlaşmasına xidmət edir.

Fadlı Zon ölkəsinin daim işğala qarşı olduğunu deyib. O, parlament diplomatiyası yolu ilə bu məsələdə Azərbaycana dəstək verəcəklərinə əminliyini söyləyib.

Söhbət zamanı Azərbaycan-İndoneziya əlaqələrinin perspektivlərinə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

BAKI. 01.08.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8788
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +26°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010