Banerlər
Xəbərlər

 

STATİSTİKA KOMİTƏSİNİN ƏMƏKDAŞLARINA “DÖVLƏT QULLUĞUNDA FƏRQLƏNMƏYƏ GÖRƏ” MEDALI TƏQDİM EDİLİB

İyulun 31-də Dövlət Statistika Komitəsində komitənin bir qrup əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdim olunması mərasimi keçirilib.

Komitədən bildirilib ki, tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov dövlət qulluğunun çətin və məsuliyyətli, eyni zamanda, şərəfli bir peşə olduğunu deyib. Bildirib ki, ölkənin nüfuzu, inkişafı dövlət qulluqçusunun, məmurun fəaliyyəti ilə bilavasitə bağlıdır.

Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşmasından, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolundan geniş bəhs edən Tahir Budaqov diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanda dövlət qulluğunun formalaşdırılması və inkişafı istiqamətində mühüm işlərin görüldüyünü, həmin sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən komitə sədri bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, bu gün dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun təşkili tamamilə yeni prinsiplərə əsaslanır, dövlətlə vətəndaş arasında inam və etimad yüksək səviyyədədir. Həyata keçirilən dövlət qulluğu siyasəti qanunçuluq, hesabatlılıq, şəffaflıq, cavabdehlik prinsiplərinə əsaslanan dövlət idarəçiliyi sisteminin daha səmərəli inkişafına xidmət edir. Çıxışının sonunda T.Budaqov dövlət qulluqçularını yüksək dövlət təltifi münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən dövlət qulluqçuları ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı prosesində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini önə çəkib, Ümummilli Liderin əsasını qoyduğu dövlətçilik konsepsiyasının hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirildiyini diqqətə çatdırıblar. Bildirilib ki, dövlət qulluqçularının peşə bayramının qeyd olunması onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir. Çıxışlarda dövlət qulluqçularının xalqın xidmətçisi olduğu diqqətə çatdırılıb, dövlətin və onun vətəndaşlarının qulluğunda durmanın şərəfli, eyni zamanda da bir o qədər çətin və məsuliyyətli olması, həyatını, bütün mənalı ömrünü bu sahəyə həsr edən insanların böyük rəğbətə, dərin hörmətə və ehtirama layiqliyi vurğulanıb. Qeyd olunub ki, dövlət qulluqçusu başqaları üçün nümunə olmalı, məsuliyyətini dərindən dərk etməlidir. Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi dövlət qulluqçularına olan qayğının əyani nümunəsidir. Çıxış edənlər onların əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən Dövlət Statistika Komitəsinin 6 əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.

BAKI. 01.08.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8788
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +26°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010