Banerlər
Xəbərlər

 

ERMƏNİSTAN NÜMAYƏNDƏ HEYƏTİNİN ATƏT PA-DA NÖVBƏTİ UĞURSUZLUĞU

Bu gün Lüksemburqda ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası davam edir. Xatırladaq ki, dünən, Komitə iclasının açılışı günündə irlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunulub. Təklif olunmuş yekun qətnaməyə düzəlişlər Ermənistan və Azərbaycan nümayəndələri arasında kəskin debatlara səbəb olub.

Qətnamədə Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına tam hörmət etməklə ümumi və davamlı sülhə nail olmaq üçün mövcud formatlar çərçivəsində və qeyd-şərtsiz nəticələr əldə edilməsinə yönəlmiş konstruktiv danışıqları intensivləşdirməyə çağırış təsbit olunub.

Ermənistan nümayəndə heyəti qətnamə layihəsində Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünün dəstəklənməsindən bəhs edilən 19-cu paraqrafından “Azərbaycan“ sözünün çıxarılmasına cəhd göstərdi, lakin bu cəhd baş tutmadı. Bunun ardınca Ermənistan nümayəndə heyəti həmin dövlətlərin hər birinin adbaad xatırladılmadığı, yalnız Helsinki Yekun Aktının prinsiplərinə istinad olunduğu düzəliş edilməsi yolu ilə “hesabı bərabərləşdirməyə” çalışdı, lakin bu cəhd də uğursuz oldu.

Nümayəndələr ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyevin gətirdiyi dəlilləri səs çoxluğu ilə qəbul etdilər və Ermənistan nümayəndəsi Hayk Koncoryanın təklif etdiyi düzəlişi, habelə təşəbbüskarlarından biri deputat Tiqran Urixanyan olan növbəti düzəlişi də rədd etdilər və 19-cu paraqraf əvvəlki redaksiyada saxlanıldı. Qətnamənin müəllifi Alan Farrell özü də ermənilərin təklif etdiyi düzəlişlərin əleyhinə səs verdi.

Beləliklə, Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, ATƏT PA Komitə iclasında Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü və bu dövlətlərin sərhədlərinin toxunulmazlığını növbəti dəfə dəstəklədi.

BAKI. 08.07.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8739
Rusiya rublu
0.0266
Hava proqnozu
+24°
 / +15°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010