Banerlər
Xəbərlər

 

MOSKVADAKI “AZƏRBAYCAN” PAVİLYONU HEYDƏR ƏLİYEV FONDUNUN DƏSTƏYİ İLƏ BƏRPA OLUNUR

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılır.

Bərpa işləri binanın eksteryer və interyerini əhatə edir. Burada orijinal rənglər saxlanılmaqla, naxışlar, şəbəkə pəncərələr dəqiqliklə yenidən qurulur, pavilyonun zalları yenilənir.

Qeyd edək ki, əvvəllər SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi, 1992-2014-cü illərdə isə Ümumrusiya Sərgi Mərkəzi adlandırılan bu məkan dünyanın ən böyük sərgi komplekslərindəndir. XTNS-nin ərazisi Sovet dövründə yaradılan memarlıq abidələri ilə zəngin olub. “Ostankino” parkı ilə birləşdirildikdən sonra onun ümumi ərazisi 325 hektardan çoxdur.

XTNS-nin incilərindən olan “Azərbaycan” pavilyonu 1939-cü ildə tikilib. Layihənin müəllifləri olan memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov II dərəcəli Stalin mükafatı ilə təltif olunublar. Pavilyon Azərbaycan milli motivləri ilə zəngindir. Bina düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Fasad Azərbaycan naxışları, qızılı rənqdə üzüm ornamentləri ilə, pavilyonun pəncərələri isə vitraj-şəbəkə ilə bəzədilib. Pavilyonun ekspozisiyası Azərbaycan SSR-in sənaye, heyvandarlıq, ipəkçilik, bitkiçilik, kənd təsərrüfatı, mədəniyyət, sənət və məişət sahələrində nailiyyətlərini əhatə edirdi.

2016-cı ildə pavilyon rəsmi olaraq Azərbaycana təhvil verilib və burada bərpa işlərinə başlanılıb.

Pavilyonda yeni sərgi mərkəzinin yaradılması nəzərdə tutulur.

Yenilənmiş pavilyonun konsepsiyasının əsas ideyası Azərbaycanın zəngin tarixə malik qədim, eyni zamanda, sürətlə inkişaf edən bir dövlət olduğunu nümayiş etdirmək üzərində qurulub.

“Azərbaycan inciləri” sərgi zonasında qonaqlar Azərbaycanın xalçaçılıq ənənələri, zəngin musiqi tarixi ilə tanış ola bilərlər. Burada, eyni zamanda, arxeoloji qazıntılar zamanı aşkar olunan və Azərbaycanın qədim tarixini əks etdirən eksponatlar, milli geyimlər, xalq sənəti nümunələri nümayiş etdiriləcək.

Pavilyonda, eyni zamanda, müasir Azərbaycan, ümummilli lider Heydər Əliyev, Azərbaycanın tanınmış ziyalıları barədə müxtəlif materiallar, foto və videolarla tanışlıq mümkün olacaq.

Mühazirə və konfranslar, musiqi proqramları üçün müxtəlif zalların yaradılması, turizm zonasında Azərbaycanın turizm marşrutları barədə məlumatların təqdimatı nəzərdə tutulur.

“Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim ediləcək, eyni zamanda, burada milli suvenirləri əldə etmək mümkün olacaq.

Pavilyonda, həmçinin Azərbaycanın tarixi və müasir həyatına, müxtəlif sahələrə dair kitablar da nümayiş olunacaq. Burada, eyni zamanda, əyləncə zonalarının yaradılması nəzərdə tutulur.

BAKI. 01.07.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8592
Rusiya rublu
0.0263
Hava proqnozu
+24°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010