Banerlər
Xəbərlər

 

BAKIDA XƏZƏR DƏNİZİ MƏSƏLƏLƏRİ ÜZRƏ YÜKSƏK SƏVİYYƏLİ İŞÇİ QRUPUNUN İLK İCLASI KEÇİRİLİR

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilir.

Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfov iclasın açılışında deyib ki, Xəzər dənizi üzrə tarixi sammitdən bir neçə ay sonra tərəflər işləri davam etdirirlər. İrəliləyiş var, bir neçə dəyişiklik olunub və bunları işçi qrupunun ilk iclasında müzakirə edəcəyik. Ölkələr regionda sabitliyi təmin edən sənəd imzalayıb. Xəzər hövzəsindəki bu sabitlik bütün dünya üçün nümunə ola bilər.

X.Xələfov qeyd edib ki, Xəzəryanı ölkələr arasında dostluq və əməkdaşlıq, qarşılıqlı hörmət və etimad, eləcə də ölkələrin suverenliyinə hörmət münasibətləri mövcuddur. Məhz buna görə də Xəzər dənizinə dair Konvensiyanın imzalanması mümkün oldu. O bildirib ki, Konvensiyanın mexanizmi kimi yüksək səviyyəli işçi qrupu hövzə ölkələrini maraqlandıran məsələlərlə bağlı işlərini davam etdirəcəklər. Konvensiyada Xəzər sabitlik dənizi elan edilib və biz bu statusu qorumalı və möhkəmləndirməliyik.

Bildirilib ki, iclas zamanı iştirakçılar, ilk növbədə, işçi qrupunun iş prosedurlarını müəyyənləşdirəcək, Konvensiyanın hər bir ölkənin qanunvericiliyi əsasında təsdiqlənməsi məsələsini müzakirə edəcəklər. Həmçinin Xəzər dənizində ərazi sularını müəyyənləşdirmək məqsədilə birbaşa çıxış xətlərinin qurulması metodikası müzakirə olunacaq.

Qeyd edək ki, 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanıb və beşinci Xəzər Zirvə toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu yaradılıb.

BAKI. 19.02.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9008
Rusiya rublu
0.0262
Hava proqnozu
+27°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010