Banerlər
Xəbərlər

 

CENEVRƏDƏ KEÇİRİLƏN TƏDBİRDƏ AZƏRBAYCANIN QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN PROBLEMLƏRİNİN HƏLLİ SAHƏSİNDƏKİ TƏCRÜBƏSİNDƏN DANIŞILIB

Dekabrın 18-19-da İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) üzv dövlətlərinin iştirakı ilə Müdafiə Sahəsində Təhdidlər üzrə Dialoqun 11-ci iclası keçirilib. İclasda ölkəmiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Komitədən bildiriblər ki, iclasda qaçqın və məcburi köçkünlərin müdafiə məsələləri, şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı, yerli özünüidarəetmə orqanlarının bu sahədə rolu müzakirə edilib.

Dövlət Komitəsinin sədr müavini iclasda çıxış edib. İclasın mövzusunun Azərbaycan üçün iki baxımdan aktual olduğunu qeyd edən sədr müavini deyib: “Qaçın və məcburi köçkünlərin sayına görə ölkəmiz dünyada ilk yerlərdən birini tutur. Eyni zamanda, 2017-ci ilin may ayında Bakı IV Mədəniyyətlərarası Dialoq Forumunun sessiyalardan biri məhz bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi məsələsinə həsr olunub”.

Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsindəki təcrübəsi və tətbiq etdiyi model barədə iclas iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin sosial sahə ilə bağlı siyasətində bu məsələlər prioritet istiqamət kimi müəyyənləşdirilib. Qəbul edilmiş Dövlət Proqramı əsasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirilir. Proqramın icrası nəticəsində indiyədək 300 min məcburi köçkün ailəsinin yeni mənzillə təminatına şərait yaradan 100-dən çox qəsəbə salınıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərlə işin daha da təkmilləşdirilməsi sahəsində böyük və müstəsna xidmətləri var. Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və ilk dəfə özəl sektorun vəsaiti hesabına 1026 mənzilli yaşayış kompleksi tikilərək istifadəyə verilib və bu istiqamətdə fəaliyyət davam etdirilir.

Dövlət Komitəsinin sədr müavini BMT və BMT QAK-a bugünədək və hazırda Azərbaycanda məcburi köçkünlərlə bağlı göstərdikləri fəaliyyətə görə minnətdarlıq edib.

BAKI. 21.12.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9005
Rusiya rublu
0.0260
Hava proqnozu
+28°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010