Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN-İRAN ƏLAQƏLƏRİNİN İNKİŞAFI PERSPEKTİVDƏ DAHA BÖYÜK NAİLİYYƏTLƏRİN ƏLDƏ EDİLMƏSİNƏ İMKAN VERİR

Prezident İlham Əliyevin 15 il ərzində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.

Bütün sahələrdə olduğu kimi xarici siyasət də öz uğurları və ölkəmizə qazandırdığı iqtisadi və siyasi dividendlərlə nəzərə çarpır. Azərbaycanın xarici siyasətində İran ilə əlaqələr xüsusi yer tutur. İranın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmasına baxmayaraq, istiqlaliyyətimizin ilk illərində xalqın emosiyaları üzərində hakimiyyətə gələn qüvvələrin düşünülməmiş bəyanatları və reallığa uyğun olmayan addımları Azərbaycan-İran münasibətlərində gərginlik yaratdı və 765 kilometr sərhədə malik olduğumuz bir dövlət ilə heç bir sahə üzrə əlaqələr qurulmadı. Eyni zamanda, İranın regiondakı siyasi proseslərdəki yeri və rolu düzgün qiymətləndirilmədi. Naxçıvan Muxtar Respublikasının blokada şəraitinə düşməsinə belə biganə yanaşıldı. Lakin həmin dövrdə Naxçıvana rəhbərlik edən ümummilli lider Heydər Əliyev İranın əhəmiyyətini nəzərə alaraq bu dövlətin rəsmi şəxsləri ilə danışıqlar apararaq sözün əsl mənasında Naxçıvanı zülmətdən işıqlığa çıxartdı.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev İran ilə hələ 1990-cı illərin əvvəllərində Naxçıvanda Heydər Əliyev tərəfindən yaradılan əlaqələri inkişaf etdirərək dövlətlərarası qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsinə yüksəldib. Hələ 2005-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev İrana səfər edib. Səfər zamanı tərəflər arasında sərhəd, maliyyə, mədəniyyət, hidroenergetika sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan müqavilələr imzalandı. 2005-ci ilin dekabrında isə İran Prezidenti Mahmud Əhmədinejad İrandan Naxçıvana çəkilmiş qaz kəmərinin açılışında iştirak etmək üçün muxtar respublikaya gəldi. Burada Prezident Mahmud Əhmədinejad və Prezident İlham Əliyev tərəfindən enerji əməkdaşlığına dair bəyannamə imzalandı. Dövlətimizin başçısı blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının təbii qaz ilə təmin edilməsinə nail oldu. İran ilə əməkdaşlıq nəticəsində təbii qaz mübadiləsi həyata keçirildi. Azərbaycan Astaradan İrana, İran isə Təbrizdən Azərbaycanın əsas ərazisindən ayrı düşən Naxçıvan Muxtar Respublikasına qaz verdi.

Prezident İlham Əliyevin siyasi iradə nümayiş etdirərək müstəqil xarici siyasət kursu həyata keçirməsi şübhəsiz ki, İran rəhbərlərinin nəzərindən qaçmadı. Məhz buna görə də sonralar Azərbaycan və İran prezidentlərinin görüşləri qarşılıqlı anlaşma ilə nəticələnirdi.

2005-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulması İrana Avropa ölkələri ilə iqtisadi əlaqələrini genişləndirmək üçün böyük imkan yaratdı. Bundan başqa dəhlizin əsas istiqaməti olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Rəşt-Astara xəttinin inşası üçün Azərbaycanın 500 milyon dollar güzəştli kredit ayırması İranda işlərin sürətlənməsinə böyük təkan verdi. Bu dəhliz İranın Fars körfəzini Şimali Avropa ilə birləşdirəcək. Cənub-Şərqi Asiya ölkələrindən yüklər İranın Bəndər-Abbas və Çabahar limanlarına, buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycana, Rusiyaya və Avropa ölkələrinə daşınacaq. Bu beynəlxalq layihənin reallaşması iqtisadi gəlirləri artırmaqla yanaşı, siyasi dividendlər də qazandıracaq. Avropa dövlətləri bu dəhlizin formalaşmasına xüsusi önəm verir və İranın sanksiyalardan yayınmasına cəhd göstərirlər. Bütün bunlar İranın siyasi elitası tərəfindən yüksək qiymətləndirir və Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir.

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhaninin 2014-cü il yanvarın 23-də İsveçrənin Davos şəhərində keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində görüşlərini qarşılıqlı münasibətlərin inkişaf mərhələsinin əsası da hesab etmək olar. Görüşdə ikitərəfli münasibətlərin və regional əməkdaşlığın daha da genişləndirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 9-da İran İslam Respublikasına rəsmi səfəri də əlaqələrimizin genişləndirilməsi baxımından önəmli rola malik olub. Səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Həsən Ruhani arasında təkbətək görüş keçirilib, həmçinin dövlətimizin başçısı İranın ali dini lideri ayətullah Əli Xamenei ilə də görüşüb. Görüşlərin nəticəsi olaraq İranla Azərbaycan arasında “Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu”, “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” imzalanıb. İmzalanan sənədlər üzrə işlər bu gün həyata keçirilməkdədir.

İran və Azərbaycanın neft ölkəsidir və dünya bazarında neftin qiymətinin dəyişməsi hər iki ölkənin iqtisadiyyatına təsir göstərir. Buna görə də Azərbaycan və İran prezidentlərinin qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirmək qərarları hər iki ölkədə iqtisadiyyatın şaxələnməsinə və qeyri-neft sektorunun inkişafına təkan verib. Buna misal olaraq Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması ilə yanaşı, Neftçalada birgə avtomobil zavodunu, Pirallahıda inşa edilən əczaçılıq zavodunu göstərmək olar. Bu müəssisələr hər iki ölkədə yeni iş yerlərinin açılması, dövlət büdcəsinin gəlirlərinin artmasına imkan yaradır.

Göründüyü kimi Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və praqmatik siyasi xətti hər iki dövlətin iqtisadi inkişafına xidmət edir. Qarşılıqlı əlaqələrin inkişafı perspektivdə daha böyük nailiyyətlərin əldə edilməsinə imkan verir.

BAKI. 05.11.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010