Banerlər
Xəbərlər

 

PARİSDƏ AZƏRBAYCAN-UNESCO ƏMƏKDAŞLIĞININ DAHA DA İNKİŞAF ETDİRİLMƏSİ İMKANLARI MÜZAKİRƏ OLUNUB

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov təşkilatın Baş direktorunun mədəniyyət məsələləri üzrə yeni təyin olunmuş müavini Ernesto Ottone Ramireslə görüşüb.

Təşkilatın Parisdəki mənzil qərargahındakı görüşdə səfir A.Kərimov E.Ottoneni yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ölkəmiz ilə UNESCO arasında mədəniyyət sahəsindəki əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycanın bu qurumla əməkdaşlıqda fəallığı, eləcə də mədəniyyət sektoruna verdiyi töhfələr xüsusi qeyd edilib, gələn il Bakıda keçiriləcək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına toxunulub.

A.Kərimov ölkəmizdə mədəniyyət sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə aparılan uğurlu siyasət və ölkəmizin zəngin mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması üçün atılan addımlar haqqında ətraflı məlumat verib.

O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizlə bu qurum arasında əlaqələrin, eləcə də mədəniyyət sahəsinin inkişafına töhfələri diqqətə çatdırıb.

Tərəflər təşkilatla ölkəmiz arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirərək, gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramiresə ölkəmiz haqqında kitablar hədiyyə edilib və o, ölkəmizə səfərə dəvət edilib.

BAKI. 18.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010