Banerlər
Xəbərlər

 

BEYNƏLXALQ KONFRANSDA AZƏRBAYCANIN TRANZİT İMKANLARI DİQQƏT MƏRKƏZİNDƏ OLUB

Tbilisidə keçirilən "Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018" V Beynəlxalq konfransı sentyabrın 13-də başa çatıb.

İki gün davam edən konfransda əsasən Xəzər və Qara dəniz regionlarında yükdaşımaların dinamikası və inkişaf potensialı, neft və neft məhsullarının daşınması perspektivləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub, Çin-Avropa nəqliyyat marşrutları, çevik tarif siyasəti, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən və Mərkəzi Asiyadan Şərqi Avropa ölkələrinə konteyner daşımalarının əhəmiyyətinin artması, Xəzər-Qara dəniz regionunda Azərbaycanın və Gürcüstanın infrastruktur obyektlərinin icmalı və s. məsələlər müzakirə olunub.

Konfransda Azərbaycanın tranzit imkanları, beynəlxalq yükdaşımalardakı xüsusi rolu, ölkədə tikilib istifadəyə verilən liman və logistik mərkəzlərin rolu diqqət mərkəzində olub.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrma Kavtaradze çıxışında Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən danışıb. Bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihələr Cənubi Qafqaz regionu üçün deyil, bütövlükdə Asiya və Avropanın iqtisadi inkişafı üçün mühüm rol oynayır.

“Gürcüstan Dəmir Yolları” şirkətinin baş direktoru David Peradze, “GR Tranzit” şirkətinin direktoru David Çiradze, “Argus” şirkətinin icmalçısı Yevgeni Kriştalyov və başqaları çıxış edərək Asiya ilə Avropa arasında yükdaşımalarının həcminin artırılması, yükdaşımalarında vaxt itkisinin aradan qaldırılması, təhlükəsizlik və s. məsələlərdə Azərbaycanın rolunu xüsusi qeyd ediblər.

Çıxışlarda “Azərbaycan Dəmir Yolları" QSC-nin və onun törəmə şirkətlərinin, Abşeron Logistika Mərkəzinin, Ələt limanının, xüsusən Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti – “ADY Express” MMC-nin strateji inkişaf və marketinq departamentinin baş mütəxəssisi Kamran Babayev, Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev konfransda təqdimatla çıxış ediblər. Çıxışlarda Azərbaycanın beynəlxalq yüklərin daşınmasında böyük potensiala malik olduğu, Bakı-Tbilisi-Qars dəmir yolu, İran ərazisində tikilən Astara terminalı, Ələt limanı və digər logistik mərkəzlərin Azərbaycanın imkanlarını əsaslı surətdə artırdığını diqqətə çatdırılıb.

Abşeron Logistika Mərkəzinin Bakı-Tbilisi-Qars və digər marşrutlar üzərində yerləşməsinin bir çox üstünlükləri qeyd olunub və bildirilib ki, müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra qonşu ölkələrə idxal-ixrac və tranzit əməliyyatlarını həyata keçirəcək.

Konfransda maraqlı məqamlardan biri də “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun baş katibinin müavini Leyla Batırxanovanın təqdimatı olub.

L.Batırxanova çıxışında Çindən Mərkəzi Asiya və Şərqi Avropaya konteyner yükdaşımalarının həcminin artdığını vurğulayıb, bu yüklərin mənzil başına daha tez bir zamanda və təhlükəsiz çatdırılmasında Qazaxıstanla yanaşı, Azərbaycanın, Bakı-Tbilisi-Qars dəmir yolunun rolunu xüsusi qeyd edib.

BAKI. 14.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010