Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN İLƏ RUSİYA SİYASİ, HƏRBİ, İQTİSADİ VƏ DİGƏR SAHƏLƏRDƏ ƏMƏKDAŞLIĞA BÖYÜK ÖNƏM VERİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfəri bir daha onu göstərdi ki, bu iki ölkə siyasi, hərbi, iqtisadi və digər sahələrdə əməkdaşlığa böyük önəm verir. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrin aparılması gözlənilən idi. Belə ki, Azərbaycanın xarici siyasət kursunun əsas prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır.

Bu sözləri açıqlamasında analitik-icmalçı Ehtiram Aşırlı deyib. O bildirib ki, dövlətimizin başçısı xarici ölkələrə, xüsusən də, Rusiyaya etdiyi səfərlər çərçivəsində, ilk növbədə, Dağlıq Qarabağ məsələsinə toxunub. Soçi görüşü zamanı da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr diqqət mərkəzində olub. Xüsusilə, Rusiya dövlətinin başçısı Vladimir Putinin ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həllinə hərtərəfli kömək göstərəcəyi barədə fikirlər səsləndirməsi diqqətəlayiqdir. Belə ki, Vladimir Putin də artıq çox gözəl başa düşür ki, işğalçı ölkə olan Ermənistan bu münaqişənin həllinə dair konkret addımlar atmaq istəmir və status-kvonun qorunub saxlanılmasına çalışır. Həmçinin V.Putinin açıqlamasından bunu başa düşə bilərik ki, münaqişənin həlli istiqamətində Rusiya tərəfi səylərini daha da artıracaq və böyük ehtimalla ATƏT-in Minsk qrupu çərçivəsində Rusiyanın rəhbərliyi ilə münaqişənin həllinə dair tez-tez görüşlər keçiriləcək.

Azərbaycan Prezidenti iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq əlaqələrinə toxunaraq deyib: “Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”.

Prezidentimizin bu açıqlaması onun göstərir ki, Azərbaycan hər zaman Rusiya ilə hərbi-texniki əməkdaşlığa önəm verir. Yaxın gələcəkdə bu əməkdaşlıq daha da inkişaf etdiriləcək. Xüsusilə, yeni texnikaların və silahların alınması barədə iki ölkə arasında müəyyən razılıqlar əldə oluna bilər. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putini ölkəmizə rəsmi səfərə dəvət etdi və ehtimal olunur ki, bu səfər çərçivəsində iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığa dair yeni anlaşmalara imza atıla bilər.

Görüş zamanı ölkələrimiz arasında enerji sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra vacib sənədlər imzalanıb. Rusiya və Azərbaycan “Qoşadaş” bloku və Xəzərin dibinin Azərbaycana aid hissəsində Abşeron yarımadasının şimalında neft və qaz potensialının öyrənilməsi ilə birgə məşğul olacaqlarına dair bəyanatla çıxış ediblər. Beləliklə, “Rosneft” və SOCAR arasında müqavilə imzalanıb. Bu ondan xəbər verir ki, Xəzərin hüquqi statusuna dair imzalanmış yeni Konvensiya çərçivəsində gələcəkdə Azərbaycan və Rusiya arasında genişmiqyaslı enerji layihələri həyata keçiriləcək.

Onu da qeyd etmək yerinə düşər ki, yaxın zamanlarda Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və ticarət dövriyyəsinin artırılması istiqamətində vacib addımlar atılacaq. Bu baxımdan, qarşılıqlı olaraq yeni investisiyaların yatırılması məsələsinin gündəmə gəlməsi ehtimalı yüksəkdir.

BAKI. 04.09.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010