Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN REGİONDA ƏSAS NƏQLİYYAT MƏRKƏZİNƏ ÇEVRİLİB

Azərbaycan regionda əsas nəqliyyat mərkəzinə çevrilib.

Bu sözləri nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iyunun 9-da Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin nəqliyyat və əlaqələndirmə mövzusuna həsr edilən dördüncü panel iclasında deyib.

İclasdan əvvəl Azərbaycanın beynəlxalq nəqliyyat sahəsində gördüyü işlərlə bağlı videotəqdimat olub.

Sonra çıxış edən Elmir Vəlizadə bildirib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə və bu sahədə uğurlu layihələr həyata keçirməklə dünyanın nəqliyyat xəritəsinə yeni imkanlar əlavə edib. Bu layihələr ölkəmizin əsas nəqliyyat və logistika mərkəzinə çevrilməsinə imkan yaradıb. Həmin layihələrin ən əsası Azərbaycan, Gürcüstan və Türkiyənin reallaşdırdığı və ölkəmizin təşəbbüsü olan Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu dəmir yolunu daha əhəmiyyətli edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və həmin ərazidə yaradılmaqda olan Azad Ticarət Zonasıdır.

Nazir müavini Şimal-Cənub nəqliyyat dəhlizi barədə də məlumat verib. Bildirib ki, Astara (Azərbaycan) -Astara (İran) arasında yeni dəmir yolu körpüsü tikilərək istismara verilib. Həmçinin Azərbaycan İranda yük terminalı tikir. İlkin mərhələdə yaradılacaq infrastruktur sayəsində buradan quru yüklər, növbəti mərhələdə isə maye və dənli bitkilər daşınacaq.

Daha sonra panel iclasının moderatoru “Morgan Stanley” şirkətinin icraçı direktoru Tim Dier beynəlxalq nəqliyyat sahəsində baş verən yeniliklər barədə danışıb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda nəqliyyatın bütün sahələrinin inkişaf etdiyini deyib. O, dəmir, avtomobil yollarının, gəmiçiliyin inkişafı ilə yanaşı, Azərbaycanın hava nəqliyyatı sahəsində də uğurlar əldə edildiyini söyləyib. Bildirib ki, Azərbaycanda 6 beynəlxalq hava limanı var və Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanlarının auditi sahəsində ən nüfuzlu “Skytrax World Airport Awards”ın maksimal “5 Ulduz” statusuna layiq görülüb.

“TRA” konsaltinq şirkətinin təsisçisi Andrea Giuricin və “Awan Marketing Plc”nin baş direktoru Nasir Avan nəqliyyat sahəsinin dünyada daim inkişaf tempi ilə yüksəldiyini, Azərbaycanın da bu sahəyə böyük töhfə verdiyini söyləyib.

Maldiv İnkişaf Alyansının nümayəndəsi Əhməd Şiyam isə nəqliyyatla turizm sahəsinin əlaqələrindən bəhs edib. Turizmin inkişafında bilavasitə nəqliyyatın əhəmiyyətli rolu olduğunu söyləyən Ə.Şiyam Azərbaycanın bu sahədəki fəaliyyətinin uğurlu olduğunu deyib.

Paneldə beynəlxalq nəqliyyat sahəsində görülən işlər və Azərbaycanın bu sahədəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

BAKI. 11.06.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9671
Rusiya rublu
0.0267
Hava proqnozu
+26°
 / +16°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010