Banerlər
Xəbərlər

 

PREZİDENT, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV MÜDAFİƏ NAZİRLİYİNİN “N” SAYLI HƏRBİ HİSSƏSİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısına raport verdi.

Bildirildi ki, hərbi hissənin inşasına 2017-ci ilin mayında başlanılıb. Ümumi ərazisi 36 hektar olan hərbi hissədə qərargah binası, əsgər yeməkxanası və yataqxanası, idman və sıra düzülüş meydançaları, maşınlar üçün qaraj, nəzarət buraxılış məntəqəsi, nəzarət qüllələri quraşdırılıb.

Hərbi hissənin qərargah binası müasir səviyyədə inşa olunub. Binada hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Bir sözlə, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb. Bu cür müasir qərargah binalarının yaradılması hərbi potensialın artırılması, əsgər və zabitlərin xidmət şəraitlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində dövlətimizin atdığı mühüm addımların ardıcıl olduğunu bir daha göstərir.

Dövlətimizin başçısı hərbi hissənin əsgər yataqxanasında yaradılan şəraitlə də tanış oldu.

Yataqxana binasında əsgərlərin qalması və istirahəti üçün hərtərəfli şərait var. Burada məişət və əşya otaqları, dəftərxana və digər zəruri otaqlar yaradılıb. Yataqxanadakı ideoloji otaqda hərbi qulluqçular Azərbaycanın hərb tarixinin şanlı səhifələri barədə məlumat alacaqlar.

Hərbi hissədə əsgər və zabitlərin idmanla məşğul olmaları üçün də yaxşı şərait var. Burada quraşdırılan idman meydançasında hərbi qulluqçular minifutbol, basketbol və voleybolla məşğul ola biləcəklər.

Hərbi hissənin əsgər yeməkxanası da müasir səviyyədədir. Təmiz və işıqlı yeməkxana binasında hərbi qulluqçulara bol enerjili, ekoloji təmiz və rasiona uyğun yeməklər verilir. Bütün bunlar bir daha göstərir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində mühüm işlər görülür, hərbi qulluqçuların xidməti, yaşayış və istirahət şəraitlərini yüksək səviyyəyə çatdırmaq məqsədilə konkret addımlar atılır.

Hərbi hissənin raketlərin yoxlanılması anqarında zəruri avadanlıq quraşdırılıb. Burada raketlər təmir ediləcək və yoxlanılacaq. Burada, həmçinin raket meydançası da yaradılıb. Bu hərbi hissədə belə müasir infrastrukturun yaradılması onun strateji əhəmiyyətini daha da artırır.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev raketlərin saxlanması və döyüş maşınlarına yüklənməsi anqarına da baxdı.

Yeni hərbi hissənin ərazisində iriqabaritli hərbi maşınlar üçün saxlanma anqarı, yanacaqdoldurma məntəqəsi, açıq test meydançası yaradılıb. Ümumilikdə, burada görülən işlər ordu quruculuğu sahəsində son illərdə aparılan məqsədyönlü islahatların tərkib hissəsidir.

Dövlətimizin başçısı döyüş texnikası parkında hərbi texnikaya baxdı.

Ali Baş komandana əməliyyat-taktiki raket kompleksi olan “POLONEZ” barədə məlumat verildi. Onun maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “POLONEZ”, həm də “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.

Bütün bunlar göstərir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə Ordumuzun müasir silah-sursat, hərbi texnika ilə təminatı məsələsinə xüsusi diqqət və qayğı ilə yanaşılır. Təsadüfi deyil ki, bu gün Ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və hərbi texnikası var. Azərbaycan Ordusunun maddi-texniki bazasının yüksək səviyyədə təminatı üçün müasir silah-sursat, hərbi texnika xaricdən alınır. Bununla yanaşı, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi də Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açır.

BAKI. 11.06.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9673
Rusiya rublu
0.0259
Hava proqnozu
+18°
 / +14°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010