Banerlər
Xəbərlər

 

ŞİRVAN MİLLİ PARKINDA “TƏBİƏTİN KEŞİYİNDƏ” EKO-SKAUT DÜŞƏRGƏS TƏŞKİL EDİLİB

IDEA İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə Şirvan Milli Parkında "Təbiətin keşiyində" adlı eko-skaut düşərgəsi təşkil edilib.

IDEA-nın eko-skaut proqramı çərçivəsində təşkil edilən düşərgənin məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə məlumatlandırmaq, təbiəti qorumaq, onlara təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən istirahəti təşviq etməkdir.

Düşərgəyə 18-30 yaş arası ekoloji təhsili və ya bu sahədə təcrübəsi olan və ekoloji fəallığı ilə seçilən 60 nəfər gənc qoşulub.

Könüllü olaraq qoşulmuş gənclərin iştirakı ilə Şirvan Milli Parkının ərazisində eko-tur təşkil edilib və gənclər bu ərazilərin zəngin biomüxtəlifliyi ilə bağlı maraqlı faktlar öyrənib. Daha sonra, gənclər Milli Parkın ərazisində məskunlaşan ceyranları izləyib, onların həyat tərzi, yayıldığı ərazilər, təbiətdəki rolu və reintroduksiyası haqqında geniş məlumatlar əldə ediblər.

Ümumilikdə 230 quş növünün məskunlaşdığı milli parkın ərazisində təşkil edilmiş düşərgə zamanı Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə miqrasiya edən quşların əsas sığınacaq yeri - Qızılqaz gölündəki oturaq və köçəri quşların müşahidəsi də aparılıb.

Düşərgə iştirakçıları ilə birgə Şirvan Milli Parkının ərazisində yerləşən Bəndovan palçıq vulkanına edilən səyahət isə gənclərin xüsusi marağına səbəb olub. Burada gənclərlə ölkəmizin ərazisində yerləşən vulkanların fəaliyyəti və əhəmiyyəti, onların xüsusiyyətləri haqda müzakirələr aparılıb.

Gənclər üçün iki günlük düşərgə müddətində müxtəlif ekoloji mövzularda praktik təlimlər, yarışlar və müsabiqələr keçirilib, həmçinin gənclər haykinq, maraqlı ekoloji mövzularda fikir mübadilələri, ətraf mühitlə bağlı oyunlarda, o cümlədən parkur oyunlarında və s. iştirak ediblər.

Düşərgənin sonunda, iştirakçılar milli parkın ərazisində təmizlik aksiyası zamanı tullantıları toplayaraq çeşidləyiblər.

Qeyd edək ki, IDEA İctimai Birliyinin “Eko-skaut” layihəsinə ötən ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir.

Ekoloji maarifləndirmə, insan fəaliyyəti nəticəsində təbiətə vurulan ziyanın azaldılması və tədricən aradan qaldırılması, təbiətə münasibətdə etik davranışın formalaşdırılmasına töhfə verməsi baxımından “Təbiətin keşiyində” eko-skaut düşərgələrinin ölkəmizin digər milli parklarında da keçirilməsi planlaşdırılır.

BAKİ. 11.05.2018. AZERTAC


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9657
Rusiya rublu
0.0269
Hava proqnozu
+37°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010