Banerlər
Xəbərlər

 

DÜNYA KUBOKU YARIŞLARINDA İKİNCİ YERİ TUTAN SƏRBƏST GÜLƏŞÇİLƏRİMİZ VƏTƏNƏ QAYIDIBLAR

ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışlarında uğurla çıxış edərək ikinci yeri tutan milli komandamız aprelin 11-də Vətənə qayıdıb. Milli komandamızın Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

Qarşılanma mərasimində Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri iştirak ediblər.

Azərbaycan millisi yer aldığı “B” qrupunda Kuba, Qazaxıstan və Monqolustan yığmalarını məğlub edərək finala yüksəliblər. Təşkilatçı ölkənin komandası isə “A” qrupunda Hindistan, Gürcüstan və Yaponiyanı üstələyib. Beləliklə, finalda milli komandamız ABŞ yığması ilə qarşılaşıb. Gərgin keçən final görüşü ABŞ yığmasının 6:4 hesablı üstünlüyü ilə başa çatıb. Sərbəst güləş üzrə yığma komandamız dünya kuboku yarışında ikinci yeri tutmaqla yeni bir uğura imza atıb.

Aeroportda media nümayəndələrinə yarışın yekunları ilə bağlı açıqlama verən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov dünyanın səkkiz ən güclü komandasının iştirak etdiyi yarışda ikinci yerin yüksək nailiyyət olduğunu deyib: “Dünya kubokunda komandamızın yer aldığı yarımqrupda Kuba, Qazaxıstan və Monqolustan milliləri mübarizə aparırdı. İlk görüşümüz Kubaya qarşı oldu. Çox gərgin görüş keçdi. Güləşçilərimiz bütün komandalara qarşı əzmkarlıq nümayiş etdirdilər. Komandanın heyətində gənc güləşçilərə üstünlük vermişdik. Aparıcı güləşçilərimizdən Şərif Şərifov, Murtuzəli Müslümov, Nurməhəmməd Hacıyev səhhətində problemlər səbəbindən komandada yer almamışdı. Komandanın liderlərindən Cəbrayıl Həsənov, Hacı Əliyev, Cəmaləddin Məhəmmədov, Aslanbek Alborov, Aleksandr Qostiyev heyətdə yer almışdılar. Gənc güləşçilərdən Coşqun Əzimov xüsusilə əzmkarlıq nümayiş etdirdi. Georgi Edişeraşvili də yaxşı təsir bağışladı”.

Firdovsi Umudov final görüşündə komanda üzvlərinin hakimlərin ədatləsizliyi ilə qarşılaşdıqlarını bildirərək deyib: “Final görüşündə pərdəarxası çox məqamlar var idi. Biz birinci yerə iddialı idik. Hacı Əliyevin finaldan əvvəl Kuba güləşçisi ilə görüşdə səhhətində problem yaranmışdı. Cəbrayıl Həsənovun görüşündə hakimlər onu açıq-aşkar məğlubiyyətə uğratdılar, 4 və 2 xallıq fəndlər var idi ki, onu vermədilər. Buna baxmayaraq, güləşçilərimiz sonadək mübarizə apardılar. Finalda qarşılaşdığımız ABŞ yığması ötən il dünya çempionu olub. Lakin biz özümüzü qalib kimi hiss edirik. Düzdür, səhvlərimiz var. Qarşıda bizi Avropa çempionatı gözləyir. Yığma komandanın heyətinə yenidən baxılacaq. Bəzi idmançılar heyətdə yer almayacaqlar. Çünki onların əzmkarlıq və xarakteri bizi qane etmədi”.

Yığma komandamızın kapitanı Cəbrayıl Həsənov bildirib: “Final görüşündə ilk saniyələrdə fənd çıxışı etdim. Hakimlər bu fəndə 4 xal verməli olduqları halda, 2 xalla qiymətləndirdilər. Son saniyələrdə yenə 2 xallıq fənd işlətdim, lakin xalı rəqibə verdilər. Yəni, təkcə mən yox, komanda yoldaşlarım da ədalətsizliklə üzləşdilər. Bizim üçün bu, Avropa çempionatından əvvəl böyük uğurdur. Sonuncu dəfə 2012-ci ildə Bakıda ikinci yeri tutmuşduq. Avropa çempionatında əlimizdən gələni etməyə çalışacağıq”.

Millimizin üzvü Hacı Əliyev deyib: “Biz sonuncu dəfə 2012-ci ildə Bakıda dünya kubokunda ikinci yeri tutmuşduq. Komandamızın heyətində gənc idmançılarımız həqiqətən çox yaxşı güləşdilər. Məncə, bu idmançılar gələcəkdə heyətə tam uyğunlaşacaqlar. Öz çıxışıma gəldikdə, düzdür, səhhətimdə bəzi problemlər var idi. Lakin komandaya kömək etməli idim. Əlimdən gələni etdim. Yeni çəki dərəcəsində çıxış etdiyim üçün fiziki cəhətdən bir az çətinlik çəkirəm. Bununla belə, final görüşünə qələbə qazanmaq məqsədi ilə çıxmışdım. İlk dəqiqələrdə barmağımın çıxmağı çıxışıma təsir etdi. Lakin mübarizəni davam etdirmək istəyirdim. Çox təəssüf ki, komandaya kömək edə bilmədim”.

BAKI. 12.04.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9657
Rusiya rublu
0.0269
Hava proqnozu
+37°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010