Banerlər
Xəbərlər

 

MİLLİ GİMNASTİKA ARENASI YENİDƏN MÖHTƏŞƏM BİR YARIŞA EV SAHİBLİYİ EDƏCƏK

Azərbaycan ilk dəfə olaraq aprelin 12-15-də batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı və hər üç növ üzrə ümumilikdə 400-dən çox atletin yarışacağı gözlənilir.

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada dörd gün davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirəcək.

Yarışların birinci və ikinci günləri həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri baş tutacaq və komandalar arasında finallar keçiriləcək.

Aprelin 14-də isə gimnastlar sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən, fərdi proqramda təsnifat iki mərhələdən ibarət olduğundan, yarış çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarımfinal mərhələsi də baş tutacaq. Turnirin sonuncu günündə isə hər dörd növ üzrə finallarda medalçıların adları məlum olacaq.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

BAKI. 12.04.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9657
Rusiya rublu
0.0269
Hava proqnozu
+37°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010