Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, aksiya iştirakçıları təkcə erməni terrorçularına yox, eyni zamanda, onlara dəstək verən bəzi Avropa dövlətlərinə də etirazlarını bildiriblər. Onlar, həmçinin Niderland parlamentinin alt palatasında qondarma “erməni soyqırımı” ilə bağlı sənədin qəbul edilməsinə qəti etirazlarını bildirərək bundan sonra da hər zaman Türkiyənin yanında olacaqlarını deyiblər.
Aksiyaya Niderland Krallığında fəaliyyət göstərən türk, Latviya, Litva, Estoniya, İraq türkmənlərinin diaspor təşkilatları da yaxından dəstək verib. BAK-ın birinci vitse-prezidenti, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Elsevər Məmmədov bildirib ki, erməni terrorçularının azərbaycanlılara qarşı törətdiyi soyqırımının 100 illiyi ilə əlaqədar Benilüks ölkələrində də silsilə tədbirlər təşkil olunacaq. Bu istiqamətdə AAK və BAK Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Niderlandda və Belçikada fəaliyyət göstərən diplomatik korpusları ilə birgə fəaliyyət göstərir.
BAKI. 27.03.2018. AzerTAc.