Banerlər
Xəbərlər

 

PREZİDENT İLHAM ƏLİYEV MƏRAKEŞİN XARİCİ İŞLƏR VƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Nasser Bourita Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin dövlətimizin başçısına salamlarını və Azərbaycan Respublikası Prezidentinə və ölkəmizə ən xoş arzularını çatdırdı. Nazir dedi: “Mərakeşin Kralı Əlahəzrət VI Məhəmməd Sizinlə olan çox yaxşı şəxsi münasibətlərini və ölkələrimiz arasında uğurla inkişaf edən əlaqələri yüksək qiymətləndirir”. Qonaq qeyd etdi ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının ildönümü ərəfəsində Mərakeş tərəfi, eyni zamanda, Mərakeşin mərhum Kralı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kasablankada tarixi görüşünün keçirilməsinin 25 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlərə hazırlaşır. Bu tarixi görüşü ölkələrimiz arasında çox yaxşı əlaqələrin qurulmasının əsası kimi dəyərləndirən Nasser Bourita bu gün Prezident İlham Əliyevlə Mərakeş Kralının bu yolu uğurla davam etdirdiklərini vurğuladı. O, öz səfəri zamanı keçiriləcək birgə komissiyanın iclasının ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri qeyd etdi ki, ölkələrimiz beynəlxalq aləmdə həmrəylik nümayiş etdirir, Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və öz növbəsində, Azərbaycanın da Mərakeşin ərazi bütövlüyünü müdafiə etdiyinə görə minnətdarlığını bildirir. Dünyada islamofobiyanın və radikalizmin gücləndiyini deyən nazir ölkələrimizin beynəlxalq səviyyədə İslam dəyərlərinin qorunması istiqamətində səylərinin gücləndirilməsinin önəmini qeyd etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm əsaslar üzərində uğurla inkişaf etdiyini bildirərək, bu münasibətlərin təməlinin xalqımızın ümummilli lideri Heydər Əliyev və Mərakeşin mərhum Kralı tərəfindən qoyulduğunu vurğuladı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik göstərdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı sürətdə dəstəklənməsinin önəmini qeyd etdi. Azərbaycanın İslam həmrəyliyi işinə öz töhfəsini verdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda multikulturalizmin və dini tolerantlığın hökm sürdüyünü, ölkəmizin bu istiqamətdə mötəbər beynəlxalq tədbirlərin, o cümlədən İslam Həmrəyliyi Oyunlarının, müxtəlif beynəlxalq sərgi və konfransların keçirildiyi bir məkana çevrildiyini vurğuladı. Bu baxımdan İslam mədəniyyətinin qorunması ilə bağlı Azərbaycanın Avropada keçirdiyi təqdimatların, ISESCO tərəfindən Naxçıvanın bu il, Bakının isə bir neçə il bundan əvvəl İslam mədəniyyəti paytaxtı seçilməsinin önəmini qeyd etdi. Bu gün Azərbaycan dünyada vüsət alan islamofobiyaya qarşı fəal mübarizə aparır və bu baxımdan ölkələrimiz beynəlxalq aləmdə eyni mövqe nümayiş etdirir.

İqtisadi əlaqələrə toxunan dövlətimizin başçısı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi, bu baxımdan qarşılıqlı ticarətin artırılmasının, investisiya imkanlarının araşdırılmasının önəmli olduğunu bildirdi.

Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş etdi.

BAKI. 06.03.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9335
Rusiya rublu
0.0255
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010