Banerlər
Xəbərlər

 

AMSTERDAMDA AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN VI QURULTAYI BAŞA ÇATIB

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Niderland Krallığının Amsterdam şəhərində AAK-ın VI (növbədənkənar) qurultayı panel iclaslarla işini davam etdirib.

Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov, Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Qurultayın ilk panel iclası Azərbaycan Prezidentinin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə əlaqədar AAK-ın Tədbirlər Planının layihəsinin müzakirəsinə həsr edilib.

Paneldə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, AAK-ın İdarə Heyətinin üzvü Samira Patzer-İsmailova, AAK İcraiyyə Komitəsinin üzvləri - Finlandiya Azərbaycanlı Qadınlar Birliyinin sədri Arzu Oqtay, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Serbiyada Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə çıxış edərək mövzu ilə bağlı təkliflərini səsləndiriblər.

Panelin moderatoru Samira-Patzer İsmailova çıxış edərək Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamı barədə tədbir iştirakçılarına geniş məlumat verib. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin müasir dövrümüzün ən önəmli nailiyyətlərindən biri olduğunu qeyd edərək müstəqil Azərbaycan Respublikasının məhz həmin Cümhuriyyətin varisi olduğunu söyləyib. Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlərdən danışan S.İsmailova dövlətimizin tarixinin və zəngin mədəni irsinin Avropa ölkələrində geniş tanıdılmasının zəruriliyini diqqətə çatdırıb.

İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu çıxışında rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verib. O bildirib ki, İSTAD Türkiyə və Azərbaycanın ortaq problemlərini, “erməni soyqırımı” iddialarının əsassız olduğunu, Dağlıq Qarabağ məsələsini və Xocalı soyqırımı ilə bağlı faktları dünya ictimaiyyətinin nəzərinə çatdırmağa çalışır. S.Qaraqoyunlu Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin Türkiyədə də qeyd edilməsi ilə bağlı geniş proqramın olduğunu diqqətə çatdırıb.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə çıxışında müsəlman Şərqində yaradılmış ilk demokratik respublikanın qısamüddətli fəaliyyəti dövründə həyata keçirilmiş mühüm tədbirlər barədə danışıb. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş mühüm qərarların, həyata keçirilmiş islahatların Şərqdəki digər dövlətlərə də az təsiri olmayıb. 1990-cı illərdə Azərbaycanın güclərin mübarizə meydanına çevrildiyini qeyd edən T.Rüstəmxanlı vurğulayıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətinin nəticəsində bu gün Azərbaycan dövləti müstəqildir və məhz Ulu Öndərin məqsədyönlü, uzaqgörən siyasəti sayəsində Azərbaycan dünyanın nüfuzlu dövlətləri ilə bir masa arxasında təmsil olunaraq öz fikrini və şərtlərini irəli sürməyə qadir ölkəyə çevrilib.

Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi ilə əlaqədar Serbiyada keçiriləcək tədbirləri diqqətə çatdıraraq bu ölkədə müasir yazıçıların antologiyasının nəşr olunacağını qeyd edib. O, Serbiyada Azərbaycan mədəniyyətinə böyük marağın olduğunu qeyd edərək, mayın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi ilə əlaqədar simfonik orkestrin iştirakı ilə Belqrad Opera və Balet Teatrında böyük tədbirin keçiriləcəyini bildirib. Serb dilinə tərcümə olunacaq əsərlərin Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro oxucuları üçün maraqlı olacağını söyləyən Mərkəzin sədri, eyni zamanda, may ayında yüzilliklə bağlı Azərbaycan günlərinin təşkil ediləcəyini də vurğulayıb.

Finlandiya Azərbaycanlı Qadınlar Birliyinin sədri Arzu Oqtay çıxışında fevralın 8-də AAK-ın təşkilatçılığı ilə keçirilən forumda Tədbirlər Planı layihəsi ilə bağlı görüləcək işlərə dair müzakirələr aparıldığını bildirib. Həmçinin qeyd edib ki, mayın 24-də Finlandiyada Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinə həsr edilmiş tədbir təşkil olunacaq. A.Oqtay Baltikyanı ölkələr, Türkiyə, Almaniya, İsveç və digər ölkələrdə də AAK-ın təşkilatçılığı ilə çoxsaylı tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Qurultayın ikinci panel iclası “1918-ci il azərbaycanlıların soyqırımının yüzilliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avropa ölkələrində 31 Mart - Azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar AAK-ın Tədbirlər Planının müzakirəsinə həsr edilib. AAK İcraiyyə Komitəsinin üzvü, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın moderatorluğu ilə keçən paneldə AAK-ın vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, AAK-ın fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədzadə çıxış edərək təkliflər səsləndiriblər.

Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva çıxışında bildirib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı aktları həyata keçiriblər. O, 31 Mart soyqırımının yüzilliyi ilə əlaqədar Avropanın bütün ölkələrində tədbirlərin təşkil edilməsinin, təbliğat kampaniyalarının aparılmasının zəruriliyini diqqətə çatdırıb.

Başar Kömür isə çıxışında tarixən türklərə qarşı edilən haqsızlıqlardan bəhs edib. “Harada olursanız olun, öz milli dəyərlərinizə sahib çıxın. Bu, sizə ancaq başucalığı gətirə bilər”, - deyə o bildirib. Başar Kömür Azərbaycana dost münasibəti bəsləyən şəxsləri 31 Mart soyqırımının beynəlxalq aləmdə tanıdılması məqsədilə iş görməyə çağırıb, Quba Memorial Soyqırımı Kompleksinə ziyarətin təşkilinin zəruriliyini vurğulayıb.

Rövşən Tağıyev çıxışında Azərbaycan diasporunun informasiya müharibəsində daha mütəşəkkil şəkildə işləməsinin zəruriliyini bildirib. O, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında vahid proqram əsasında fəaliyyət göstərməyin zəruriliyini vurğulayıb. R.Tağıyev, həmçinin təmsil etdiyi təşkilat tərəfindən son günlərdə Xocalı soyqırımı ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Nail Əhmədzadə gənclər tərəfindən mütəmadi şəkildə ölkəmizlə bağlı həqiqətlərin Polşa ictimaiyyətinə çatdırıldığını və bu istiqamətdə ən yeni üsul və vasitələrin tətbiq edildiyini söyləyib. O, Polşada Azərbaycanlı Gənclər Şurasının 31 Mart soyqırımı ilə bağlı həyata keçirəcəyi tədbirləri diqqətə çatdıraraq, tədbir çərçivəsində Polşanın 10-a yaxın aparıcı media rəhbərinin Azərbaycana səfərinin planlaşdırıldığını bildirib.

Qurultayın üçüncü paneli “Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları”na həsr edilib. Panelin moderatoru “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu çıxışında media və diaspor görüşünün bu şəkildə təşkilini zəruri və təqdirəlayiq addım hesab edib. O qeyd edib ki, media nümayəndələri diasporla həmişə birlikdə çalışmağa hazırdır və daim onlardan təkliflər gözləyir. Media qrupun rəhbəri, həmçinin diasporun son fəaliyyətindəki yenilikləri də təqdir edib və bunun daha da geniş olmasının vacibliyindən danışıb. R.Arifoğlu istər rəhbərlik etdiyi media qrupun, istərsə də digər media qurumlarının sosial şəbəkələrdəki fəaliyyətini də xatırladaraq diasporu bundan yararlanmağa dəvət edib.

“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı dövlətin mediadan gözləntisinin Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tərəfindən dəfələrlə səsləndirildiyini xatırladaraq rəhbərlik etdiyi media holdinq barədə qurultay iştirakçılarına məlumat verib. O, həmçinin bildirib ki, rəhbərlik etdiyi holdinq Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx işləyən media qurumlardan biridir. V.Mahirqızı qeyd edib ki, milli məsələlərdə diasporun media ilə əməkdaşlığı olmalıdır. O, diaspor liderlərini Azərbaycan həqiqətlərinin yayılmasında daha fəal birgə işə dəvət edib.

“Teleqraf” media qrupunun rəhbəri Aynur Quliyeva isə bildirib ki, rəhbərlik etdiyi media qurum diasporla çox sıx əməkdaşlıq edir: “Xaricdə yaşayan soydaşlarımız, yerli mətbuatla, yerli siyasətçilərlə yaxından təmas qursalar bu, daha çox faydalı olar. Azərbaycan üçün əlamətdar günlərdə sosial şəbəkələrdə yerli siyasətçiləri, tanınmış adamları birgə fəaliyyətə cəlb etmək önəmlidir. Bu məsələdə biz media olaraq birgə əməkdaşlığa hazırıq.

“Report” agentliyinin baş redaktoru Murad Əliyev diasporun xarici media ilə təmasının, xüsusən də Azərbaycan mətbuatı ilə xarici mətbuatın qarşılıqlı əlaqələrinin inkişafının vacibliyini bildirərək deyib: “Cənab Prezident İlham Əliyev də dünya azərbaycanlılarının sonuncu qurultayında xarici mətbuat nümayəndələri ilə daha yaxından işləməyi tövsiyə etdi. Çox yaxşı olardı ki, biz elə diasporun vasitəsilə onların olduqları ölkələrin jurnalistləri ilə ya Bakıda, ya öz ölkələrində görüşlər keçirək, birgə layihələr həyata keçirək”.

“Yeniçağ” media qrupunun rəhbəri Aqil Ələsgər isə xarici mediada azərbaycanlıların çalışmasının vacibliyindən danışıb: “Biz media olaraq diasporla çox yaxından işləyirik, onların fəaliyyətini işıqlandırırıq. Amma bu, Azərbaycan həqiqətlərinin yayılması üçün kifayət etmir. Yaxşı olardı ki, xarici mətbuatda azərbaycanlıların yer almasına, əməkdaş kimi çalışmasına diqqət edək. Bu məsələdə bizim diaspor liderlərimiz, xaricdəki iş adamlarımız daha fəal ola bilərlər”.

“İnterpress” saytının rəhbəri Toğrul Allahverdili də diasporla birgə fəaliyyətdən danışaraq təkliflərini səsləndirib.

“Haqqın.az” və “Virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev isə xaricdə yaşayan azərbaycanlıları daha çox yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya olunmağa, eyni zamanda, o ölkələrin media orqanlarına daha çox nüfuz etməyə çağırıb. O qeyd edib ki, diaspor nümayəndələrimiz qəlbində Azərbaycan sevgisini yaşatmaqla yanaşı, yaşadıqları ölkələrin cəmiyyətinin bir parçası olmağa çalışmalıdır.

Diasporla İş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov bildirib ki, son vaxtlar diaspor liderləri arasında həqiqi qəhrəmanlardan fərqli olaraq “sosial media qəhrəmanları” da peyda olub. “Heç bir praktik fəaliyyətləri yoxdur, ancaq sosial şəbəkələrdə hər gün nə isə yazıb diqqət çəkirlər, hətta şikayət də edirlər ki, onlara diqqət göstərmirik. Ona görə, mən mediamızdan xahiş edərdim diaspordan yazarkən belə faktlara diqqət etsinlər, əvvəlcədən bir məlumat toplasınlar ki, fəaliyyətlərini işıqlandırdıqları diaspor adından danışan kimdir”, - deyə o bildirib. Dövlət Komitəsinin sədri, eyni zamanda, media rəhbərlərinin xarici mətbuatla qarşılıqlı əməkdaşlıq təklifini də dəstəkləyib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Azərbaycan mətbuatı ilə diasporun birgə fəaliyyətinin son dərəcə mühüm olduğunu qeyd edib. Əli Həsənov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin tədbirlərində Azərbaycan mediasının fəaliyyətini əlaqələndirən belə bir panelin təşkil olunması təqdirəlayiqdir. Gələcəkdə digər tədbirlərdə də media ilə bağlı oxşar panellərin təşkil olunması vacibdir. Vaxtilə Azərbaycan informasiya blokadasında idi. Buna səbəb isə yeni müstəqilləşmiş medianın peşəkarlardan ibarət olmaması idi. İndi Azərbaycan mediası peşəkar kollektivlərdən ibarətdir. Bu gün bizim mediamız regionun və dünyanın öndə gedən media qurumları ilə yarışa bilir, Azərbaycanın milli maraqlarının qorunması və eyni zamanda, informasiya bolluğunun təşkil olunmasında müstəsna xidmət göstərir.

Qurultayın sonunda Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə olunaraq qəbul edilib. Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanlarının yeni tərkibi təsdiq edilib, Sahil Qasımov səs çoxluğu ilə yenidən Konqresin prezidenti seçilib.

Avropa Azərbaycanlıları Konqresinin 2018-2021-ci illər üçün fəaliyyət proqramı, Avropa Azərbaycanlıları Konqresinin VI (növbədənkənar) qurultayının qətnaməsi qəbul edilib. Qurultay iştirakçıları adından Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb. Bundan başqa, Metsamor Atom Elektrik Stansiyası ilə bağlı beynəlxalq təşkilatlara müraciət və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qurultay iştirakçıları adından müraciət ünvanlanıb.

BAKI. 02.03.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0256
Hava proqnozu
+26°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010