Banerlər
Xəbərlər

 

BAKIDA V REGİONAL İNTERNET İDARƏÇİLİK FORUMU KEÇİRİLİR

“Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi çərçivəsində dekabrın 7-də Bakıda BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi” layihəsi çərçivəsində “İnnovasiya və tərəqqinin açarı internet” mövzusunda V Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilir.

Tədbir BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin (UNDESA), BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyinin və “ADA” Universitetinin birgə dəstəyi ilə baş tutub. Forumun açılışında “ADA” Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekan müavini Araz Yusubov RİİF-in Azərbaycanın İKT sektorunun inkişafı üçün əhəmiyyətindən danışıb. O bildirib ki, yeni texnologiyaların işlənib hazırlanması yüksək fəaliyyət tələb edir və davamlı inkişafın təminində əsas rol oynayır.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə forumun keçirilməsində məqsədin daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirmək olduğunu qeyd edib. Nazir müavini, həmçinin bildirib ki, forum regional İKT-nin inkişafının mərkəzi olan Azərbaycanın yerli iştirakçılarının beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədəki problemlərin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Alessandro Frakasetti bildirib ki, forumun keçirilməsində əsas məqsəd daha səmərəli regional innovativ inkişaf üçün internetin rolu, yerli və beynəlxalq mütəxəssislər arasında təcrübə mübadiləsi və bu sahədə çatışmazlıqlar barədə müzakirələr aparmaqdır.

“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə isə universitetin ilə BMT müxtəlif sahələrdə əməkdaşlıq etdiyini deyib. O bildirib ki, İKT sahəsi universitet üçün prioritetdir və bu forum universitetin İKT fakültəsinin tələbələri üçün əhəmiyyətli olacaq.

Tədbirdə “İKT startapları dövründə hökumətin və beynəlxalq təşkilatların rolu: cərəyanlar və problemlər”, “İnnovativ, rəqabətə davamlı və inkişaf edən iqtisadiyyatın təkmilləşdirilməsində internetin rolu”, “E-iştirak və Açıq Hökumətdə Azərbaycanın potensialı: təşəbbüslər və risklər”, “İKT sahəsinin inkişafı üçün paydaşları cəlb etmək məqsədilə nə edilə bilər?” kimi mövzular müzakirə olunur.

Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların nümayəndələri, elm və vətəndaş cəmiyyətinin mütəxəssisləri iştirak edirlər. Forumda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, BMT-nin İnkişaf Proqramının, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin, ICANN-nin nümayəndələri çıxış ediblər.

Qeyd edək ki, Regional İnternet İdarəçilik Forumu 2012-ci ildə Bakıda təşkil edilmiş 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində yaranıb və hər il keçirilir. Tədbirə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti, BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyi dəstək verir.

BAKI. 07.12.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0116
Rusiya rublu
0.0290
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010