Banerlər
Xəbərlər

 

QƏRBİ LOS-ANCELES TİCARƏT PALATASINDA AZƏRBAYCANLA BAĞLI TƏQDİMAT OLUB

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev noyabrın 1-də Qərbi Los-Anceles Ticarət Palatasının dəvəti ilə Palatanın üzvləri qarşısında Azərbaycanla bağlı təqdimatla çıxış edib.

Qeyd edək ki, Los-Ancelesdə yüksək nüfuza sahib olan Palata özündə 1200-dən çox tanınmış şirkəti birləşdirir. Palatanın üzvləri qarşısında mütəmadi olaraq Los-Anceles meri, ABŞ konqresmenləri və senatorları və digər Kaliforniya siyasətçiləri çıxış edirlər.

Təqdimatda N.Ağayev ilk növbədə Azərbaycanın müstəqillik tarixindən bəhs edib, ölkəmizin müsəlman dünyasında ilk dünyəvi respublika yaradaraq, qadınlara ABŞ-dan da əvvəl seçki hüququ verən ölkə kimi tarixə düşdüyünü bildirib.

O, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğunu, 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi yolunda önəmli və ciddi addımların atıldığını, iqtisadiyyatın müxtəlif sahələrində mühüm islahatların aparıldığını diqqətə çatdırıb.

Azərbaycanda iqtisadi inkişafın bu gün sabit şəkildə davam etdiyini vurğulayan N.Ağayev ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqda tədbir iştirakçılarını məlumatlandırıb. Diplomat Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasının önəminə toxunub, ölkəmizdə istehsal imkanlarının perspektivləri haqqında danışıb və Azərbaycanın regionda aparıcı iqtisadi göstəricilərə malik olduğunu qeyd edib.

Daha sonra N.Ağayev Azərbaycan ilə ABŞ arasında iqtisadi və biznes əlaqələrinin inkişafından bəhs edib, ölkəmizdə çoxlu sayda ABŞ şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini bildirib.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri barədə məlumat verən baş konsul bir neçə gün əvvəl açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi və strateji önəmini qeyd edib, bu dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu vurğulayıb.

Təqdimatda N.Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti haqda da bəhs edərək, bu işğal nəticəsində bu gün Ermənistanın bölgənin ən zəif dövlətinə çevrildiyini, bütün transmilli layihələrdən kənarda qaldığını diqqətə çatdırıb. Baş konsul vurğulayıb ki, məhz bu yarıtmaz siyasətin nəticəsində Ermənistan müstəqilliyini əldə etdikdən sonra 1 milyondan çox əhalisini itirib, tamamilə xarici yardımlardan asılı vəziyyətə düşüb. N.Ağayev bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Ermənistanın regiona inteqrasiya edərək inkişaf etməsi qeyri-mümkündür.

Sonda baş konsul iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

BAKI. 03.11.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7002
Avro
2.0070
Rusiya rublu
0.0285
Hava proqnozu
+17°
 / +11°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010