Banerlər
Xəbərlər

 

FUTBOL ÜZRƏ AZƏRBAYCAN MİLLİSİ DÜNYA ÇEMPİONATININ SEÇMƏ MƏRHƏLƏSİNDƏ NÖVBƏTİ OYUNUNU KEÇİRİB

Oktyabrın 5-də futbol üzrə Azərbaycan milli komandası 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Çexiya yığmasını qəbul edib.

Seçmə mərhələnin IX turu çərçivəsində keçirilən “C” qrupunun ilk görüşündə qonaqlar üstün olublar – 1:2.

Azərbaycan komandasının start heyətində Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ruslan Qurbanov meydana çıxıblar.

Çexiyanın ilk onbirliyində isə Jiri Pavlenka, Pavel Kaderabek, Yakub Brabeç, Vladimir Darida, Josef Huşbauer, Mixael Krmençik, Yan Kopiç, Yakub Yankto, Marek Suşi, Yan Boril və Antonin Barak yer alıblar.

Milli komandamız oyunda ilk təhlükəli vəziyyəti matçın 18-ci dəqiqəsində yaradıb. Əfran İsmayılovun ötürməsindən sonra rəqibin cərimə meydançasına daxil olan Dmitri Nazarovun zərbəsi bir qədər dəqiq olmayıb.

Oyunun 28-ci dəqiqəsində çexiyalıların sağ cinahdan başlatdığı hücumda Yakub Yanktonun başla zərbəsi qapıdan bir qədər aralı keçib. İki dəqiqə sonra bu futbolçunun ayaqla qüvvətli zərbəsini Kamran Ağayev dəf edib. Hücumu davam etdirən çexiyalıların növbəti ötürməsindən sonra Y.Yanktonun başla zərbəsi dəqiq olmayıb.

Matçın 35-ci dəqiqəsində çexiyalıların hücumu nəticəsində hesab açılıb. Rəqibin hücumu zamanı Kamran Ağayev ilk zərbəni dəf etsə də, özünü yetirən Yan Kopiç topu qapıdan keçirib – 0:1.

Komandalar fasiləyə bu hesabla yollanıblar.

Qarşılaşmanın ikinci hissəsində hesabı bərabərləşdirmək üçün daha inamlı oyun nümayiş etdirən futbolçularımız 54-cü dəqiqədə istəklərinə çatıblar. Komandamızın sürətli əks-hücumu zamanı Riçard Almeydanın ötürməsindən sonra rəqibin cərimə meydançasında topu qəbul edən Əfran İsmayılovun qarşısı kobudluqla alındığına görə hakim qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Zərbəni dəqiq yerinə yetirən Əfran İsmayılov hesabı bərabərləşdirib – 1:1.

Görüşün 66-cı dəqiqəsində qonaqlar yenidən hesabda irəli çıxıblar. Antonin Barak hava ötürməsindən sonra topu başla qapıya göndərib – 1:2.

Dörd dəqiqə sonra Ramil Şeydayev Əfran İsmayılov ilə gözəl kombinasiyadan sonra qapıçı ilə təkbətək qalsa da, fərqlənə bilməyib. Oyunun 74-cü dəqiqəsində isə Kamran Ağayev rəqib futbolçu Darida ilə dueldən qalib ayrılıb.

Beləliklə, doqquz turdan sonra Azərbaycan seçməsinin aktivində 10 xal var. Milli komandamız seçmə mərhələ çərçivəsində qrupda sonuncu görüşünü oktyabrın 8-də səfərdə Almaniya yığmasına qarşı keçirəcək.

BAKI. 06.10.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0063
Rusiya rublu
0.0296
Hava proqnozu
+20°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010