Banerlər
Xəbərlər

 

UEFA İLƏ AZƏRBAYCAN MİLLİ DOPİNQ AGENTLİYİ ARASINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANIB

Oktyabrın 3-də AFFA-nın inzibati binasında UEFA ilə Azərbaycan Milli Dopinq Agentliyi (AMADA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

AFFA-dan bildirilib ki, müqaviləni UEFA-nın Tibb və Anti-Dopinq şöbəsinin rəhbəri Mark Vouillamoz və AMADA-nın direktoru Şəfəq Hüseynli imzalayıblar.

Bu müqavilə AMADA-ya bütün ölkədaxili və beynəlxalq oyunlar zamanı dopinq-testlər götürmək hüququ verir.

Görüşdə AFFA baş katibinin müavini Sərxan Hacıyev və Azərbaycan milli komandasının həkimi Vyaçeslav Xomenko da iştirak ediblər.

Müqavilə ilə bağlı fikirlərini bildirən Mark Vouillamoz deyib: “Bakıda olduğumuz müddətdə həm AFFA, həm də AMADA ilə geniş müzakirələr apardıq. Bir çox istiqamətdə uğurlu danışıqlarımız oldu. Bu əməkdaşlıq çərçivəsində həm milli, həm də beynəlxalq səviyyədə birgə fəaliyyət həyata keçirəcəyik. Biz futbolçuları və klubları müdafiə etmək üçün çalışırıq. Premyer Liqa komandalarının həkimləri dopinqlə mübarizədə daha çox təcrübəyə malikdirlər. Birinci divizionda mübarizə aparan komandaların həkimlərinin və əməkdaşlarının bu istiqamətdə daha geniş informasiyaya malik olmaları üçün birlikdə seminarlar keçirməyi nəzərdə tuturuq. Onları lazımi informasiya ilə təmin edəcəyik”.

Şəfəq Hüseynli isə müqavilə ilə bağlı danışarkən bildirib: “Qarşımızda duran əsas vəzifələrdən biri səmərəli, hərtərəfli və daimi olan test planı hazırlamaqdır. Bu plana uyğun olaraq, il ərzində anti-dopinq testləri keçiriləcək. Digər idman növləri ilə müqayisədə futbolda dopinq test üsulu bir qədər fərqlidir. İslam Həmrəyliyi Oyunları zamanı futbol yarışlarında UEFA standartlarına uyğun bir çox dopinq testləri həyata keçirdik. Bu sahədə müəyyən təcrübəmiz var. Əməkdaşlıq müqaviləsindən sonra məsuliyyətimiz daha da artdı. Bundan sonra UEFA Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər zamanı dopinq testləri aparmağı bizə həvalə edəcək. Həmçinin gələcəkdə təcrübə toplamaq üçün bizim bir neçə dopinq nəzarət inspektorumuzun treyninqlərə cəlb edilməsi təklif olundu. Bundan sonra nəinki ölkəmizdə, xaricdə də dopinq testi həyata keçirmək lazım olsa, əməkdaşlarımız orada da iştirak edə biləcəklər”.

BAKI. 04.10.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0032
Rusiya rublu
0.0289
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010