Banerlər
Xəbərlər

 

ALMANİYA İCTİMAİYYƏTİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ BARƏDƏ MƏLUMATLANDIRILIB

“TV Berlin” telekanalının “Standort Berlin” proqramında Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun müsahibəsi yayımlanıb.

İki hissədən ibarət olan və 25 dəqiqə davam edən müsahibədə səfir Azərbaycan-Almaniya əlaqələrinin tarixindən danışıb, 200 il əvvəl yüzlərlə alman ailəsinin Azərbaycana gəlməsi, onların yerli insanlar tərəfindən xoş məramla qarşılanması, almanların ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etmələri, o cümlədən ölkəmizdə şərabçılıq ənənələrinin əsasını qoymaları barədə məlumat verib.

Azərbaycanda alman irsinin hazırda dövlət səviyyəsində qorunduğunu deyən diplomat dövlətimizin başçısı İlham Əliyev tərəfindən Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə tədbirlər planına dair imzalanmış Sərəncama müvafiq olaraq bir sıra tədbirlərin keçirildiyini və keçiriləcəyini, eləcə də bu yubileyin cari ilin sentyabrında Azərbaycanın, Almaniyanın və Gürcüstanın birgə təşkilatçılığı ilə Parisdə UNESCO-nun mənzil-qərargahında təntənəli şəkildə qeyd ediləcəyini bildirib.

Ramin Həsənov 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa etməsindən etibarən ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, hazırda bütün sahələrdə sıx əlaqələrin olduğunu, eyni zamanda, bu münasibətləri daha da genişləndirmək üçün böyük potensialın mövcudluğunu vurğulayıb. O, 2017-ci ilin həm də iki ölkə arasında diplomatik münasibətlərin 25 illik yubileyi ilə səciyyələndiyini qeyd edib.

Diplomat Azərbaycanın müstəqil və balanslı xarici siyasət yürütdüyünü, həm Qərb, həm də Şərq ölkələri ilə sıx əlaqələr qurduğunu bildirib. O, ölkəmizin həssas geosiyasi məkanda yürütdüyü və əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu strategiya sayəsində bir sıra transregional layihələri müvəffəqiyyətlə həyata keçirdiyini, TANAP və TAP kimi nəhəng layihələri reallaşdırmaqda olduğunu, bu layihələrin regional inkişafa və əməkdaşlığa böyük töhfə verdiyini diqqətə çatdırıb.

Səfir Azərbaycanın Avropa İttifaqı, eləcə də Almaniyanın etibarlı tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyində və enerji təchizatının diversifikasiyasında oynadığı rolu xüsusi vurğulayıb. O, Azərbaycanın Almaniyanı neftlə təchiz edən ölkələr sırasında beşinci yerdə olduğunu qeyd edib. İlkin dəyəri təxminən 45 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi barədə məlumat verən Ramin Həsənov bu layihənin hər dörd komponenti üzrə işlərin uğurla davam etdiyini, TAP və TANAP layihələri üzrə işlərin 70 faizin başa çatdığını bildirib.

Müsahibədə ölkəmizin qonşuları ilə münasibətlərinə də toxunulub. Səfir bildirib ki, Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə, o cümlədən Xəzər dənizi üzərindən həmsərhəd ölkələrlə yaxşı münasibətlərə malikdir. O, Azərbaycan ilə bir sıra region ölkələri arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrindən danışıb.

Ermənistanın 25 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etdiyini xatırladan səfir münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparıldığını qeyd edib. Bu münaqişənin dondurulmuş olmadığını deyən diplomat onun hər an yenidən alovlana biləcəyini vurğulayıb. O, ermənilərin cəbhə xəttində törətdikləri təxribatlar, aprel hadisələri, Ermənistanın yaxınlarda atəşkəsi pozması nəticəsində iki yaşlı uşaq və nənəsinin öldürülməsi barədə məlumat verib.

Münaqişənin həlli imkanlarına toxunan R.Həsənov bunun yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində mümkün olduğunu bildirib. Səfir Ermənistanın rəhbər tutduğu xalqların öz müqəddəratını təyin etmə hüququnu təhrif etdiyini diqqətə çatdırıb, Dağlıq Qarabağın müstəqil olmasının və ya Ermənistana birləşdirilməsinin beynəlxalq hüquqla mümkün olmadığını və Azərbaycanın da bunu heç bir vaxt qəbul etməyəcəyini vurğulayıb. O bildirib ki, Azərbaycan problemin sülh yolu ilə həllinin tərəfdarıdır və münaqişənin həlli üçün substantiv danışıqların aparılmasına çalışır.

Səfir münaqişənin uzanmasından ən çox mülki əhalinin əziyyət çəkdiyini, bugünkü status-kvonun təhlükəli və qəbuledilməz olduğunu, Minsk qrupunun həmsədrləri və Almaniyanın da bu haqda bəyanatlar verdiyini qeyd edib. Lakin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində münaqişənin həllində indiyədək heç bir irəliləyiş əldə olunmayıb.

Azərbaycanın turizm imkanları barədə suala cavab verən R.Həsənov ölkəmizin həm də turizm ölkəsi olduğunu və hər il Berlində keçirilən İTB Berlin Beynəlxalq Turizm Sərgisində uğurla iştirak etdiyini qeyd edib. O, ölkəmizdə yüksək səviyyəli turizm infrastrukturunun yaradıldığını və Azərbaycana ziyarət edən turistlərin sayının ildən-ilə artdığını bildirib. Qeyd edib ki, Bakı-Berlin və Bakı-Frankfurt-Mayn marşrutları üzrə birbaşa uçuşların həyata keçirilməsi, eləcə də reallaşdırılmaqda olan Tbilisidən Bakıyadək uzanacaq “Cənubi Qafqazda alman irsi” adlı turizm marşrutu ölkəmizə alman turistlərinin maraq göstərməsi üçün əlverişli şərait yaradır.

BAKI. 27.07.2017. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7008
Avro
1.9972
Rusiya rublu
0.0284
Hava proqnozu
+31°
 / +23°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010