Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN SƏNAYESİNİN İNKİŞAFI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

Suraxanı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birlikdə tədbirləri davam etdirir. Növbəti tədbir rayonun Yeni Suraxanı qəsəbəsində ziyalıların, ictimaiyyət nümayəndələrinin, “Suraxanı Oyl” Əməliyyat Şirkətinin bir qrup əməkdaşının iştirakı ilə 85 saylı tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycan sənayesinin inkişafı” mövzusunda təşkil olunub.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Rəşid Məmmədov çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycan sənayesinin inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir. 1969-1982-ci və 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etmiş ulu öndər Heydər Əliyev fəaliyyəti dövründə Azərbaycan sənayesinin, iqtisadiyyatının inkişafı istiqamətində həlledici addımlar atıb. Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində ölkədə sənaye istehsalının həcmi 1969-cu illə müqayisədə 1982-ci ildə 2,7 dəfə çoxalıb. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Xankəndi, Lənkəran, Yevlax, Şəki, Xaçmaz şəhərlərinin sənayesi inkişaf etdirilib.

Bildirilib ki, Ulu Öndərin müstəqil ölkəmizə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Bu illər ərzində sosial-iqtisadi yüksəlişə, sənayenin inkişafına geniş meydan açılıb, ölkəyə xarici sərmayələr cəlb edilib, böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yaranıb. Ulu öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaradıb. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin layiqli təmsilçisi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin müəssisənin iqtisadiyyatı kafedrasının müdiri, professor Əli Hacıyev deyib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının başlıca istiqamətlərini sabitləşdirmə, islahatlaşdırma, dünya iqtisadiyyatına inteqrasiya, sosial-iqtisadi inkişaf və xalqın rifahının yüksəldilməsi təşkil edirdi. Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə digər sahələrlə yanaşı, respublikanın sənayesi də güclü inkişaf edib. Təkcə bu faktı söyləmək kifayətdir ki, 1982-ci ildə kimya və neft-kimya sənayesinin, maşınqayırma və metal emalının, yüngül və yeyinti sənayesinin xüsusi çəkisi sənayenin strukturunda 1913-cü ildəki 14,8 faizə qarşı 75,6 faiz təşkil edib. 1970-1982-ci illərdə şərabçılıq sənayesinin istehsal həcmi 4 dəfədən çox artaraq respublikanın bütün sənaye istehsalının həcminin 1/7 hissəsini təşkil edib. 1969-cu ilədək Azərbaycanda 735 sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi 14 ildə onların sayı 1048-ə çatdırılıb.

Əli Hacıyev qeyd edib ki, adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılan ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə gəlməklə dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə dayanan Azərbaycanı xilas edib. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin neft şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırması Azərbaycana həm də ən müasir innovasiya və informasiya texnologiyalarını gətirib.

Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub. İqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəlmək iddiasını ortaya qoyan Azərbaycan 2020-ci ilədək bütün sahələrdə sürətli modernləşmə yolu keçmək, ümumi daxili məhsulu 2 dəfəyədək artırmaq niyyətindədir. Alim vurğulayıb ki, hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın həyata keçirdiyi fəaliyyət hər birimiz üçün örnəkdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu aparatının rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, “Suraxanı Oyl” Əməliyyat Şirkətinin icraçı direktoru Arzu Sarıbalayev çıxış ediblər.

BAKI. 12.07.2017. AzərTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7002
Avro
1.9941
Rusiya rublu
0.0287
Hava proqnozu
+19°
 / +12°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010