Banerlər
Xəbərlər

 

İTALİYA MƏTBUATINDA AZƏRBAYCANDA QADINLARIN CƏMİYYƏTDƏ ROLUNA DAİR MƏQALƏ YAYIMLANIB

İtaliyanın “Cronache di Napoli” və “Cronache di Caserta” qəzetlərində italyan analitiklər Domeniko Letisiya və Daniela Kafarellinin birgə müəllifi olduğu “Azərbaycan qadınları keçmiş və gələcək arasında” adlı məqalə dərc olunub.

Məqalədə Azərbaycan qadınlarının ölkəmizin siyasi, sosial, iqtisadi və mədəni həyatında yaxından iştirakı, dövlətin və cəmiyyətin inkişafında əvəzsiz rolu barədə geniş məlumat verilir.

Yazıda müəlliflər Azərbaycanın təkcə multikulturalizm sahəsində deyil, həmçinin gender bərabərliyi və qadınların hüquqlarının qorunması istiqamətində də dünyaya nümunə olduğunu bildirirlər. Məqalədə Azərbaycan dövləti tərəfindən qadınlara göstərilən xüsusi qayğıdan danışılır, ölkəmizdə sosial-iqtisadi, təhsil, mədəniyyət və əmək sahələrində gender bərabərliyinin təşviqi üçün hər cür şəraitin yaradıldığı vurğulanır. Bu istiqamətdə vacib addımlar kimi 1995-ci ildə Azərbaycanın BMT-nin “Qadınlara qarşı ayri-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyasına qoşulması, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Qadınların rolunun artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi”, həmçinin 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında imzaladığı fərmanlar haqqında məlumat verilir.

Məqalədə tarix boyu Azərbaycanda qadınların dövlətin və cəmiyyətin idarəçiliyinin həyata keçirilməsində əhəmiyyətli rol oynadıqları, ən mühüm qərarların qəbul edilməsində kişilərlə bərabər yaxından iştirak etdikləri bildirilir. 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də müsəlman Şərqində ilk dəfə olaraq qadınlara səs hüququnun verildiyi qeyd olunur.

Həmçinin Azərbaycan qadınlarının elm və təhsil sahəsində də böyük nailiyyətlər qazandıqları bildirilir, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva və tanınmış ədəbiyyatşünas, şərqşünas və tənqidçi alim Aidə İmanquliyevanın xidmətləri sadalanır.

Müəlliflər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müasir Azərbaycan dövlətçiliyi və cəmiyyətinin inkişafında fəal iştirak edən Azərbaycan qadınının ən parlaq siması olduğunu bildirir, onun Azərbaycanın tarixi və mədəni irsinin qorunmasında əvəzsiz töhfələrindən söz açırlar.

BAKI. 09.06.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7001
Avro
2.0032
Rusiya rublu
0.0289
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010