Banerlər
Xəbərlər

 

“TIBO 2017” SƏRGİSİNDƏ AZƏRBAYCANIN TELEKOMMUNİKASİYA SAHƏSİNDƏKİ YENİLİKLƏRİ NÜMAYİŞ ETDİRİLİR

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə keçirilən “TIBO-2017” beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edir. Nümayəndə heyətinin tərkibinə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından 30-a yaxın təmsilçi daxildir.

Nazirlikdən bildirilib ki, tədbirin açılış mərasimində Belarus Respublikası baş nazirinin birinci müavini Vasili Matruşevski, bu ölkənin rabitə və informasiyalaşdırma naziri Sergey Popkov, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, beynəlxalq təşkilatların və eləcə də digər ölkələrin sahə üzrə rəhbər şəxsləri iştirak edib.

Sərgidə təşkil olunan tur çərçivəsində rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar.

Ənənəvi olaraq hər il keçirilən sərgi telekommunikasiya, bank və ofis texnologiyaları sahəsi üzrə ixtisaslaşıb.

Sərgidə informasiya və kommunikasiya texnologiyaları sahəsində proqram təminatı, bank texnologiyaları, istehlakçı elektronikası üzrə yerli və əcnəbi şirkətlərin ən son nailiyyətləri nümayiş olunur.

Builki sərgidə son nəsil ofis kompüterləri, “5G” texnologiyası, “elektron hökumət” və “ağıllı” əşyalar kimi tətbiqlər nümayiş etdirilir. Sərgidə 18 ölkədən (Belarus, Rusiya, Qazaxıstan, Azərbaycan, Litva, Latviya, Polşa, Çexiya, Almaniya, Avstriya, Finlandiya, İsveç və s.) 100-dən çox şirkət iştirak edir.

Sərgi çərçivəsində müxtəlif mövzular üzrə 15 “dəyirmi masa” keçiriləcək.

Qeyd edək ki, 1994-cü ildən keçirilən “TIBO” Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

BAKI. 20.04.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
2.0024
Rusiya rublu
0.0287
Hava proqnozu
+12°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010