Banerlər
Xəbərlər

 

SOFİYADA NOVRUZ BAYRAMI QEYD OLUNUB

Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Sofiyanın Mərkəzi Hərbi Klubunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bolqarıstan Prezidenti, vitse-prezidenti və Baş nazirinin ofislərinin rəhbərləri və əməkdaşları, dövlət qurumlarının təmsilçiləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların, Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, azərbaycanlı tələbələr, o cümlədən tanınmış elm, mədəniyyət, incəsənət xadimləri və iş adamları iştirak ediblər.

Bayram tədbirinə fəxri qonaq qismində Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

Mərasimi açan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska qonaqları salamlayaraq, Novruz bayramının bəşəriyyətin ən qədim şənliklərindən biri olduğunu söyləyib. O, Novruzda həyatın canlandığını, gecə ilə gündüzün bərabərləşdiyini və yeni həyatın başladığını qeyd edib. Novruz bayramının xalqımızın milli-mənəvi həyatında oynadığı rolu vurğulayan S.Şıqayeva-Mitreska bu bayramın təkcə Azərbaycanda deyil, Şərqi Avropadan Çinə qədər böyük bir ərazidə, xüsusilə Qafqaz, Orta Asiya, Yaxın Şərqdə bir çox xalq tərəfindən qeyd olunduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Azərbaycan və bolqar xalqlarının sevimli bayramlarının məhz mart ayında keçirildiyini, baharın gəlişinin bolqar xalqı tərəfindən 1 mart tarixində “Baba Mart”a bayramı ilə qeyd edildiyi bir zamanda Azərbaycan xalqının Novruz bayramına hazırlaşdığını deyib. Nərgiz Qurbanova Azərbaycanda Novruzun gəlişinə bir ay qalmış özündə su, od, torpaq və külək ünsürlərini ehtiva edən son dörd həftənin hər çərşənbə axşamının təntənəli şəkildə qeyd olunduğunu vurğulayıb. Novruz adət-ənənələrindən də danışan səfir 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən Novruz bayramının beynəlxalq əhəmiyyət qazandığını vurğulayıb. Məhz Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin "Beynəlxalq Novruz günü" kimi elan olunduğunu diqqətə çatdırıb.

Multikulturalizmi əks etdirən çoxəsrlik ənənələri ilə Novruzun sülh və dostluğun xəbərçisi olduğunu bildirən səfir keçmişdə olduğu kimi, indi də bu dəyərlərin yaşadıldığını, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinin, bu ilin may ayında Bakının 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu bildirib. Nərgiz Qurbanova, eyni zamanda, mayın əvvəlində Bakıda daha bir mühüm beynəlxalq tədbirin - IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi barədə qonaqlara məlumat verib.

Sonra məşhur bolqar bəstəkarı və dirijoru Kirill Lambovun rəhbərlik etdiyi musiqi orkestrinin ifasında Azərbaycan klassiklərinin əsərləri, lirik mahnıları və milli musiqimizin inciləri səsləndirilib.

Tədbir çərçivəsində səfir Nərgiz Qurbanova Bolqarıstan Milli Radiosunun türkdilli xidmətinə müsahibə verib. Müsahibə zamanı səfir Novruz bayramının mənası, tarixi, əhəmiyyəti və Azərbaycan xalqı tərəfindən təntənəli qeyd olunması barədə danışıb. Diplomat bu bayramın qədim ənənələrinin qorunub saxlanılmasının Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramı və milli-mənəvi dəyərlərə dərin bağlılığı ilə əlaqələndirib.

Səfirlik tərəfindən təşkil olunan ziyafətdə qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları və süfrəni bəzəyən bayram nemətləri təqdim edilib.

Tədbir və Novruz bayramının Azərbaycanda böyük təntənə ilə keçirilməsi ənənəsi Bolqarıstanın çoxsaylı KİV-lərində geniş işıqlandırılıb.

BAKI. 27.03.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7022
Avro
1.8242
Rusiya rublu
0.0303
Hava proqnozu
+16°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010