Banerlər
Xəbərlər

 

HEYDƏR ƏLİYEV FONDUNUN DƏSTƏYİ İLƏ BOSNİYA VƏ HERSEQOVİNADA TİKİLƏCƏK TƏCİLİ TİBBİ YARDIM MƏRKƏZİNİN TƏMƏLİ QOYULUB

Martın 7-də Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunacaq Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının təməlqoyma mərasimi keçirilib.

Mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Kotor Varoş şəhərinin meri Zdenko Sakan, merin müavini Mladen Trivunoviç, Bələdiyyə Assambleyasının prezidenti İbrahim Paliç, Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç, Azərbaycanın bu ölkədəki diplomatik korpusunun əməkdaşları, Bosniya və Herseqovinanın Prezident Administrasiyasının bir sıra rəhbər şəxsləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Anar Ələkbərov iştirakçılara Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səmimi salamlarını çatdırıb. Qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində təhsil, mədəniyyət, səhiyyə sahələrində layihələr, xeyriyyə tədbirləri həyata keçirir.

Dini tolerantlığın hökm sürdüyü Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən gerçəkləşdirilən layihələr çərçivəsində çoxlu sayda dini məbədlər təmir və bərpa edilib, eləcə də tarixi-memarlıq abidələrinin bərpası reallaşdırılıb, mütəmadi olaraq multikulturalizmi və tolerantlığı təbliğ edən elmi konfranslar və forumlar keçirilib.

Anar Ələkbərov bildirib ki, Bosniya və Herseqovina Azərbaycanla dost ölkədir və hər iki ölkə arasında dərin qarşılıqlı münasibətlər mövcuddur. Fondun reallaşdırdığı bu layihələr ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsinə şərait yaradır.

Kotor Varoş şəhərinin meri Zdenko Sakan və Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç çıxış edərək Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə, o cümlədən Bosniya və Herseqovinada həyata keçirdiyi mühüm sosial-humanitar layihələri xalqlarımız arasında həmrəyliyin təzahürü kimi qiymətləndirib, xeyriyyəçilik fəaliyyətinin nəticəsi olaraq bu gün Kotor Varoş şəhərində təməli qoyulan Təcili Tibbi Yardım Mərkəzinin yerli əhali üçün əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçin Heydər Əliyev Fonduna bir sıra sosial və səhiyyə yönümlü layihələrin reallaşdırılması ilə bağlı müraciəti əsasında Kotor Varoş şəhərində Səhiyyə Mərkəzinin nəzdində istifadəyə yararsız olan Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının inşası haqqında qərar qəbul edilib.

2017-ci ilin yanvar ayında Təcili Tibbi Yardım Mərkəzinin inşası ilə bağlı Heydər Əliyev Fondu, Kotor Varoş şəhərinin meriyası və Səhiyyə Nazirliyi arasında müqavilə imzalanıb. Əldə olunan razılığa əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə iki mərtəbədən ibarət yeni binanın inşası və Təcili Tibbi Yardım Mərkəzinin lazımi avadanlıqla təmin olunması nəzərdə tutulub.

Sonra Kotor Varoş şəhərinin Səhiyyə Mərkəzi nəzdində Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının təməli qoyulub.

Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Təməlqoyma mərasimindən sonra Sarayevo şəhərində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç ilə görüşüb.

Görüşdə Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verilib, Rəyasət Heyətinin sədri Bakıda keçiriləcək forumlarda bundan sonra da fəal iştiraka dəvət edilib.

Mladen İvaniç, eyni zamanda, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə maraqlanıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Təcili Yardım Mərkəzinin yeni binasının inşası layihəsinə göstərdikləri diqqətə görə təşəkkürünü bildirib.

Azərbaycanla qurulan dostluq və əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edən M.İvaniç ölkəmizin Avropaya inteqrasiya etməsini, tolerant ölkə kimi bütün dünyaya açıq olmasını yüksək qiymətləndirib.

Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Bosniya və Herseqovinada bir sıra layihələr həyata keçirib. Belə ki, Sarayevoda Fondun təşəbbüsü ilə “Dostluq parkı” yaradılıb və Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Bosniya və Herseqovinada bir sıra tədbirlər, o cümlədən beynəlxalq konfrans təşkil olunub.

Həmçinin Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən qurulub. 2013-cü ildə Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə mərkəzin açılışı olub.

Həyata keçirilən layihələr ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsi, eləcə də Azərbaycan barədə həqiqətlərin xarici ölkələrdə tanıdılması baxımından əhəmiyyətlidir.

BAKI. 09.03.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7002
Avro
2.0070
Rusiya rublu
0.0285
Hava proqnozu
+17°
 / +11°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010