Banerlər
Xəbərlər

 

TƏRANƏ NƏZƏROVA: MƏNİM VƏTƏN QARŞISINDA BORCUM AZƏRBAYCANIN MƏNAFELƏRİNƏ XİDMƏT ETMƏKDİR

Mənim Vətən qarşısında, gələcək nəsillər qarşısında borcum Azərbaycanın mənafelərinə sona qədər xidmət etmək, Dağlıq Qarabağ haqqında həqiqəti təbliğ etməkdir. Mən Finlandiya hökumətinin, onun parlamentinin, ictimaiyyətin nümayəndələri ilə görüşlərdə Azərbaycan xalqının ağrı-acısını onlara çatdırıram, xalqımızın son yüz ildə dəfələrlə məruz qaldığı amansız təcavüz, etnik təmizləmə faktlarını göstərirəm.

Finlandiyadakı Azərbaycan diasporunun rəhbəri, Azərbaycan-Finlandiya “Dostluq” cəmiyyətinin sədri Təranə Nəzərova bu fikirləri müsahibəsində söyləyib.

T.Nəzərova qeyd edib ki, Azərbaycanın mənafelərini müdafiə etmək üçün ələ silah almaq zəruri deyil. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilmiş V qurultayının iştirakçılarına ünvanlanmış müraciətində qeyd edildiyi kimi, “müasir dövrdə qələbələr təkcə hərbi yolla deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bizim bu sahədə malik olduğumuz mühüm resurslardan biri xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdığı təşkilatlardır”.

“Dostluq” cəmiyyəti sədrinin sözlərinə görə, Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilmiş V qurultayında o, bir daha yəqin edib ki, Azərbaycan dövləti xaricdə yaşayan həmvətənlərimiz üçün dayaqdır. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi kimi, xaricdəki həmvətənlərimizin yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyası, onların ictimai rəyə təsir göstərmək imkanına malik olması bizim üçün əhəmiyyətli və vacib məsələdir.

T.Nəzərova Konqresin beşinci qurultayında xarici jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin öz dövlətimizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə tənzimlənməsi üçün hər cür səy göstərir. O qeyd edib ki, Azərbaycan hərbi yolla öz torpaqlarını bir neçə il bundan əvvəl qaytara bilərdi.

Təranə Nəzərova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı faciəsinin soyqırımı aktı kimi tanınmasına yönəlmiş ardıcıl iş aparır. “Dostluq” cəmiyyətinin rəhbəri Finlandiya parlamentinə Xocalıda törədilmiş soyqırımının tanınması barədə petisiya göndərib. Helsinki mərkəzi kitabxanasına Xocalı soyqırımı haqqında videomateriallar, jurnallar və kitablar göndərilib.

Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Eero Lexti ilə görüşdə dəfələrlə qeyd edilib ki, həlli uzanan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq problemdir, çünki bu problemin həll edilməməsi təkcə regiona deyil, bütün dünyaya ziyan vurur.

“Dostluq” cəmiyyətinin sədri T.Nəzərova Xocalıda törədilmiş dəhşətli faciənin ildönümü ilə əlaqədar, Finlandiya parlamentinin deputatı E.Lextiyə Ermənistanın azərbaycanlılara qarşı məqsədyönlü şəkildə yürütdüyü təcavüz siyasətinin davamı, bu siyasətin yeni səhifəsi olan Xocalı soyqırımı barədə sənədlər göndərib.

Finlandiyada Azərbaycan diasporunun rəhbəri F.Nəzərova vurğulayıb ki, Xocalı faciəsini soyqırımı aktı kimi tanıyan parlamentlər və dövlətlər bəşəri dəyərlərə sadiq olduqlarını nümayiş etdiriblər. T.Nəzərova deyib: “Bu gün mənim vəzifəm Xocalıda törədilmiş soyqırımının Finlandiya parlamenti tərəfindən tanınmasına nail olmaqdır”.

BAKI. 02.03.2017. AZERTAC.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7201
Avro
1.8691
Rusiya rublu
0.0303
Hava proqnozu
+15°
 / +5°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010