Banerlər
Xəbərlər

 

ÖZ YERİNİ TAPMIŞ İNSAN

Həmvətənimiz, Moskva Avtomobil Yolları İnstitutunun (Dövlət Texniki Universiteti) müəllimi Kərim Atayev məqsədyönlü fəaliyyəti və fəal həyat mövqeyi sayəsində qarşısına qoyduğu məsələlərin həllinə nail olan insanlardandır. Kərim Atayev məhz bu keyfiyyətləri və daim özünü təkmilləşdirməyə çalışması sayəsində uzun illərdir ki, MAYİ (DTU)-nun menecment kafedrasında işləyir, bu ali məktəbin professor-müəllim heyəti, tələbə və aspirantları arasında çox yüksək nüfuza malikdir. K.Atayev kafedranın həmkarlar ittifaqı komitəsimim sədri və MAYİ (DTU)-nun sahələrarası “Malgöndərmə zəncirlərinin təhlili və diaqnostikası” layihəsinin əlaqələndiricisidir. Həmvətənimiz ali məktəbin tədris prosesində uğurla istifadə edilən “İnteqrasiya edilmiş malgöndərmə zəncirləri” adlı işgüzar oyunun müəlliflərindən biridir.

Əslən Azərbaycanın Şəki rayonundan olan Kərim İbadulla oğlu Atayev 1986-cı ildən Moskvada yaşayır. Əvvəllər Moskva Baş Sənaye Tikinti idarələrinin birində işləmişdir. 1996-cı ildə MAYİ-nin idarəetmə fakültəsinə daxil olmuş və bu ali məktəbi bitirərək yol hərəkətinin təşkili üzrə mütəxəssis olmuşdur. 2002-ci ildə professor Y.Kremenetsin rəhbərliyi ilə diplom müdafiə etmiş və ali məktəbin rəhbərliyi onu idarəetmə kafedrasında mühəndis vəzifəsində işləmək üçün saxlamağı qərara almışdır. 2003-cü ildə idarəetmə kafedrasının adı dəyişdirilərək menecment kafedrası adlanmışdır. 2003-cü ildə K.Atayev MAYİ-nin aspiranturasında təhsilini davam etdirmiş və menecment kafedrasının müdiri, texnika elmləri doktoru, professor Leonid Mirotinin rəhbərliyi ilə “Anbar logistikası texnoloji proseslərinin avtomatlaşdırılması” mövzusunda dissertasiya müdafiə etmişdir. Bu dissertasiya işinə Rusiyanın 20-dən çox texniki ali məktəbindən, o cümlədən Bauman adına Moskva Dövlət Texniki Universitetindən, Almaniyanın Maqdeburq şəhərindəki Fraunqofer adına Cəmiyyətin Sənaye Təşkili və Avtomatlaşdırılması İnstitutundan, Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutundan müsbət rəylər alınmışdır. Texnika elmləri namizədi alimlik dərəcəsi alandan sonra Kərim Atayev menecment kafedrasında bir neçə fənn üzrə dosent vəzifəsində dərs deməyə başlamışdır. Bu fənnlərdən biri də menecmentin əsasları fənnidir.

K.Atayev 45-dən artıq elmi məqalənin, habelə “Menecmentin əsasları” və “Anbar logistikası” adlı dərs vəsaitlərinin müəllifi və ya həmmüəllifidir. Dissertasiya müdafiə edəndən sonra yazdığı “Anbar texnologiyaları: logistika və avtomatlaşdırma” kitabı MAYİ (DTU)-nun tələbə və aspirantlarının təhsilində uğurla tətbiq edilir. K.Atayev bir sıra elmi işlərin həmmüəllifidir: “Menecmentin əsasları”, “İnformasiya texnologiyaları: proqramlaşdırma, idarəetmə, təlim”, “Avtomobil-yol kompleksində tətbiqi informatika metodları”, “Anbar logistikası”, “Avtonəqliyyat sistemlərində müasir idarəetmə texnologiyaları”, “Avtomatlaşdırma və idarəetmənin nəzəriyyəsi və vasitələri”, “Sənayedə, tikintidə və təhsildə innovasiya texnologiyaları”, “Sənayedə və təhsildə telekommunikasiya texnologiyaları” və s. Hazırda Kərim Atayev professorlar, texnika elmləri doktorları V.Belyayev və A.Nekrasovla birlikdə yeni dərs vəsaitləri üzərində işləyir, habelə doktorluq dissertasiyası yazır.

İqtisad elmləri doktoru, MAYİ-nin professoru Aleksey Nekrasovun sözlərinə görə, Kərim Atayev öz müəllim həmkarları arasında yüksək dərəcədə məqsədyönlü fəaliyyəti, mürəkkəb idarəetmə obyektlərini təhlil etmək bacarığı, eləcə də təşkilati-metodik məsələlərin qeyri-ordinar həll üsulları ilə seçilir. A.Nekrasov demişdir: “Standartlaşdırma üzrə altkomitədə təşkilati məsələlərin əlaqələndirilməsi ilə yanaşı, o, “İnteqrasiya edilmiş menecment sistemləri və malgöndərmə zəncirlərinin təhlükəsizliyi” dövlət standartı proqramının həyata keçirilməsində iştirak edir. MDB ölkələrinin nəqliyyat sistemlərinin və malgöndərmə zəncirlərinin böhrana qarşı idarəetmənin ən mühüm vasitəsi olan davamlı inkişaf modelinə keçməsində bu istiqamətə müstəsna əhəmiyyət verilir”. Ali məktəbin həmkarlar təşkilatının sədri Vyaçeslav Quryanov həmkarının sözlərinə bunları da əlavə etdi ki, Kərim Atayev elmi və pedaqoji fəaliyyətlə yanaşı səmimiyyət, başqalarına kömək etməyə hazır olmaq, təmənnasızlıq kimi gözəl keyfiyyətləri sayəsində universitetdə tanınmışdır. V.Quryanov demişdir: “Elə buna görə də onu həmkarlar ittifaqının lideri seçmişlər. O, həmkarlar ittifaqının məqsəd və vəzifələrini inandırıcı şəkildə izah etmək bacarığı ilə təşkilata yeni üzvlər cəlb etməyə və həmkarlar ittifaqı işini fəallaşdırmağa nail olmuşdur. Gündəlik həyatda o, ən müxtəlif problemlərin həllinə kömək etməklə həmkarlarının və dostlarının dərin minnətdarlığını qazanmışdır”.

Taleyi Moskva ilə bağlı olan bir azərbaycanlı kimi Kərim Atayev bu ali məktəbdə təhsil alan azərbaycanlı tələbələrə himayədarlıq edir, onların təhsilinə, elmi axtarışlarına və işlə təmin olunmasına kömək edir. MAYİ-də ondan söz düşəndə onu “öz yerini tapmış insan” adlandırırlar, çünki öz peşəsinə ürəkdən bağlıdır, ətrafda baş verən hadisələrə tam məsuliyyətlə və canıyananlıqla yanaşır. Məhz bu xüsusiyyətlərinə görə o, ali məktəb kollektivi arasında yüksək nüfuz qazanmış, kollektivin ayrılmaz tərkib hissəsinə, tələbələrin ağsaqqal dostuna çevrilmişdir. Kərim Atayev özü deyir ki, Azərbaycanı sonsuz məhəbbətlə sevir və öz tarixi vətəni ilə sıx əlaqə saxlayır. Onun sözlərinə görə, Azərbaycan Texniki Universitetinin rəhbərliyi və müəllim heyəti ilə əməkdaşlıq edir. Onun fəal köməyi və iştirakı ilə Azərbaycan Texniki Universiteti MAYİ (DTU) ilə əməkdaşlıq haqqında müqavilə bağlamışdır. Bu il Kərim Atayev Bakıda Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Nəqliyyat Nazirliyi, Azərbaycan Texniki Universiteti, TRASEKA layihəsinin milli katibliyi və Azərbaycan DİN tərəfindən təşkil edilmiş “Nəqliyyat problemləri və yeni texnologiyalar” mövzusunda elmi-praktiki konfransda fəal iştirak etmişdir.

BAKI. 12.11.2009. AzərTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9245
Rusiya rublu
0.0252
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010