Banerlər
Xəbərlər

 

TƏZƏPİR MƏSCİD KOMPLEKSİ ƏSASLI YENİDƏNQURMA VƏ GENİŞ TİKİNTİ İŞLƏRİNDƏN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR

İyulun 6-da əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra Təzəpir məscid kompleksi istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Təzəpir məscidinin yenidən bərpasını zəruriləşdirən bir neçə səbəb var idi. Uzun illər ərzində aparılan cari təmir işlərinə baxmayaraq, məscidin kommunikasiyaları dəyişdirilmədiyindən köhnəlmiş və yararsız hala düşmüşdü. Məscidin ətrafını köhnə, qarma-qarışıq tikililər əhatə etmiş, gediş-gəliş yollarında tıxaclar yaranmış, yuxarı məhəllələrdən axıb gələn çirkab suları binanın özülünü qismən zədələmişdi. Məscidin günbəzində çatlar əmələ gəlmiş, iç dekorativ naxışları pozulmaq təhlükəsinə məruz qalmışdı.

İkinci böyük problem məscid kompleksi ərazisində yerləşən Qafqaz Müsəlmanları İdarəsinin inzibati və Bakı İslam Universitetinin tədris binalarının tamamilə yararsız olması idi. Bu tikililər praktik baxımdan müasir tələblərə cavab vermir, texniki qüsurları ilə normal iş fəaliyyətinə əngəl törədirdi.

Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi, iradəsi, milli mənəvi dəyərlərimizə dərindən bağlılığı sayəsində ölkəmizdə dini etiqad və vicdan azadlığı daim inkişaf edir.

Heydər Əliyev ideyalarına sadiq qalan və onu uğurla davam etdirən Prezident İlham Əliyevin maddi mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Təzəpir məscid kompleksinin yenidən qurulması da əksini tapmışdır. Son illər Azərbaycanın bütün dini ocaqlarında yüksək səviyyədə aparılan yenidənqurma işləri dövlətimizin başçısının xalqın milli mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin ən gözəl nümunəsidir.

Məhz Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlandı. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədi ilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi öz əksini tapmışdı. Layihənin memarlıq işləri Ə.Məmmədova, bərpa F.Miralayevə, interyer tərtibatı E.Mikayılzadəyə həvalə olundu. “Azərlayihə” İnstitutu tərəfindən işlənib hazırlanan layihənin icrasını “İnam-AŞ” şirkəti həyata keçirdi.

Dövlətimizin başçısı üç dəfə burada olmuş və fikirlərini bölüşmüş, tövsiyələrini vermişdir. Bununla da paytaxtımıza xüsusi yaraşıq verən Təzəpir məscidinin inşası sürətlənmişdir. Prezident İlham Əliyev tikintinin gedişini daim diqqətdə saxlamış, qarşıya çıxan problemlər dərhal həll olunmuş, qısa müddətdə bu Allah evi tanınmaz dərəcədə dəyişmiş, nəfis və möhtəşəm görkəm almışdır.

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və qızı Leyla ilə birlikdə Təzəpir məscid kompleksinə gəldi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısı İlham Əliyevə burada aparılan əsaslı yenidənqurma və tikinti işləri barədə ətraflı məlumat verdi.

Bildirildi ki, məscid kompleksində ən yüksək səviyyədə yenidənqurma, tikinti və tərtibat işləri görülmüşdür.

Kompleksin ərazisində bu məscid kompleksinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında yenidən qurulmasını bildirən lövhə qoyulmuşdur.

Dövlətimizin başçısı ailə üzvləri ilə birlikdə Təzəpir məscidinin önündə xatirə şəkli çəkdirdi, bina ilə yaxından tanış oldu.

Prezident İlham Əliyevə məsciddə aparılmış işlər haqqında ətraflı məlumat verildi. Bildirildi ki, XX əsrin əvvəllərində kinoteatr və anbar kimi istifadə olunmuş binada yenidənqurma işlərinin gedişi zamanı məscidin ətrafı sonradan tökülmüş torpaq qatlarından təmizlənmiş, onun kürsü hissəsi üzə çıxarılmış, divarın sınmış və çatlamış daşları yeniləri ilə əvəz olunmuş, divarlar kimyəvi maddələrlə yuyulmuşdur. Deformasiyaya uğramış və əksəriyyəti çürümüş qapı və pəncərələr qırmızı şam ağacından olan təzə qapı və pəncərələrlə, minarənin çürümüş məhəccəri döymə üsulu ilə hazırlanmış yenisi ilə əvəzlənmişdir. Məscidin daxilində müasir texnologiya ilə işləyən havalandırma sistemləri quraşdırılmış, döşəmə 30 santimetrə qədər dərinliyə salınmış, döşəməaltı istilik sistemi qurulmuşdur. Döşəməyə 720 nəfərlik “Namazgah” xalı döşənmişdir.

Məscidin qadınlar üçün ibadət hissəsi fıstıq ağacından hazırlanmış şəbəkə ilə ayrılmış, metal pilləkən sökülərək üstü taxta ilə örtülmüş dəmir-beton pilləkən quraşdırılmışdır. Giriş hissəsində eyvanın qarşısı daş şəbəkə ilə bağlanmış və ibadətə gələnlər üçün qarderob yaradılmışdır.

Məscidin ən cəlbedici yeniliyi onun interyeridir. Burada ümumi sahəsi 1400 kvadratmetr olan divarlarda və kümbəz altında Azərbaycan naqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunmuşdur. Mehrab kaşı və mərmərdən yığılmış, kümbəzin pəncərə konstruksiyaları təzələnərək şəbəkəli taxta pəncərələrlə əvəzlənmişdir. Kümbəzə ağırlıq gətirən iki tonluq çilçıraq ləğv olunaraq müasir texnologiyalı işıqlandırma sistemləri quraşdırılmışdır. Eyni zamanda, əsas zalda 52, qadınların ibadət etdiyi hissədə 5 divar çilçırağı asılmışdır.

Məscidin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Günbəzin üstü isə Qızılqaya daşı ilə üzlənmiş, burada dekorativ elementlərlə bərabər, yuxarı hissədə “La İlahə İlləllah” kəlməsi 6 dəfə təkrar olunmuşdur. Dekorativ oyma detallarının və yazılı kəlmələrin üzəri yüksək əyarlı qızıl təbəqə ilə örtülmüşdür. Kümbəzin üstü hündürlüyü 1,6 metr olan daş sancaqla tamamlanmışdır.

Günbəzin tən ortasında Qurani-Kərimdən “Nas”, dairələrdə “Ayətül-kürsü”, kiçik kümbəzlərdə isə “Həmd” surələri həkk olunmuşdur.

“Qurani-Kərim”dən ayələr oxundu.

Sonra dövlətimizin başçısı kompleksin mərasim zalları yerləşən korpusuna baxdı. Bildirildi ki, burada müxtəlif dini mərasimlər yerinə yetiriləcək, o cümlədən ehsan və kəbin mərasimləri icra olunacaqdır. Ümumilikdə binada 1600 nəfərə xidmət etmək üçün 6 mərasim zalı yaradılmışdır. Bu korpusda xarici qonaqların qəbulu, yerləşdirilməsi üçün otaqlar da vardır.

Prezident İlham Əliyev Bakı İslam Universitetinin tədris korpusu ilə də tanış oldu.

Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılmışdır. Binanın yarımzirzəmi hissəsində yeməkxana və kitabxana yerləşir. Korpusun bir hissəsində müasir tələblərə cavab verən qazanxana, damında isə “Çiller” havalandırma sistemi quraşdırılmışdır. Bu sistemlə məscidin ətrafındakı bütün tikililər havalandırılır.

Təzəpir məscid kompleksinin ərazisindəki birmərtəbəli yöndəmsiz tikililər sökülərək yerində Qafqaz Müsəlmanları İdarəsi üçün beşmərtəbəli inzibatı bina inşa edilmişdir.

Ümumi sahəsi 4100 kvadratmetr olan inzibati binada xidməti otaqlar, 50 yerlik kiçik konfrans zalı yerləşir. Birinci mərtəbədə sahəsi 340 kvadratmetr olan 6000 kitablıq kitabxana vardır. Kitabxananın interyeri ağac materialı ilə bəzədilmiş, tavanda 32 çilçıraq quraşdırılmışdır. Kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün ministudiya yaradılmışdır. Kompyuterlərlə təchiz edilmiş kitabxananın zəngin kitab fondu vardır.

Dövlətimizin başçısı burada nümayiş olunan qədim kitablara, Təzəpir məscidi haqqında CD-lərə baxdı, xatirə kitabına ürək sözlərini yazdı.

Binanın vestibülünün interyerində ağac üzərində oyma detallardan geniş istifadə olunmuşdur.

Ərazidə 900 kvadratmetr sahəsi olan 250 yerlik müasir tipli konfrans zalı inşa edilmişdir. Zalın ayrıca havalandırma sistemi vardır. Zalda işıqlanma üçün 360 şamlıq xüsusi çilçıraq sifariş edilmişdir. Tavan və kümbəzin altı dekorativ ağac detallarla bəzədilmişdir.

Məscidin qarşısında sürüşmənin qarşısını almaq üçün xüsusi dəmir-beton konstruksiya quraşdırılmış və torpaq qatı yol səviyyəsindən 1 metrə qədər götürülmüşdür.

Kompleksin ərazisində 820 kvadratmetr sahəsi olan kiçik mərasim zalları, 80 kvadratmetrlik qurbangah, 200 kvadratmetrlik qadın və kişi dəstəmazxanaları və s. tikilmişdir.

Torpağın altında 480 kubmetr həcmində su çəni quraşdırılmış, yüksək gücə malik generator və əlavə elektrik tənzimləyicisi qoyulmuşdur. Kompleksin ətrafında 4500 kvadratmetr sahəyə Ukrayna və Hindistandan gətirilmiş qranit-mərmər plitələr döşənmişdir.

Binaların fasadları Qızılqaya daşından yonulmuş şəbəkə və mürəkkəb memarlıq detalları ilə üzlənmişdir. Bundan başqa, Mustafa Sübhi küçəsindən məscidin ərazisinə girişdə oyma detallarla bəzədilmiş portal tipli yaraşıqlı darvaza quraşdırılmış, keçid hissəyə isə tökmə metal darvaza qoyulmuşdur. Mirzə Fətəli küçəsindən olan keçid portalı sökülərək yenisi ilə əvəz olunmuş və burada da yeni metal darvaza quraşdırılmışdır. Məscidin qarşısında üç fəvvarəli hovuz tikilmiş, fəvvarələr iri həcmli daşdan yonulmuş, içərisi kaşı ilə üzlənmişdir.

Mustafa Sübhi küçəsində baş portala yaxın hissədə bir sıra köhnə tikililər sökülərək ibadətə gələnlərin rahatlığı üçün 50 yerlik avtomobil dayanacağı yaradılmışdır. 2000 kvadratmetrə yaxın divar Ağlay daşı ilə üzlənmişdir. Boşaldılmış ərazidə müasir elektrik şəbəkəsi binası inşa edilmişdir. Yöndəmsiz hala düşmüş Lev Tolstoy küçəsi yenidən qurularkən 4000 kubmetrə yaxın torpaq işi görülmüş, qonşu binaların 1400 kvadratmetr fasadı bərpa edilmiş, yerə 2500 kvadratmetrə yaxın səki daşı döşənmişdir. Məscidin ərazisinə iri avtomobillərin girişi üçün Mustafa Sübhi və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində ayrıca metal darvaza quraşdırılmışdır.

Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi.

X X X

Mərasimin rəsmi hissəsi başlandı.

Tədbir iştirakçıları Prezident İlham Əliyevi sürəkli alqışlarla qarşıladılar.

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

X X X

Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür PAŞAZADƏ çıxış edərək dedi:

-Bismillahir-rəhmanir-rəhim!

Zati-aliləri, möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Əziz qonaqlar, hörmətli mərasim iştirakçıları!

Azərbaycan müsəlmanlarının çoxdan gözlədiyi bu mübarək məqamda sizləri salamlamaqdan şərəf duyur, hamınıza, xüsusən bu möhtəşəmliyə - Təzəpir məscid kompleksinin bərpasına, Qafqaz Müsəlmanları İdarəsinin inzibati binasının, Bakı İslam Universitetinin tədris korpusunun inşasına dəstək verən ölkəmizin rəhbəri – Zati-aliləri, möhtərəm cənab İlham Əliyevə bir şeyxülislam kimi Allahdan sonsuz xeyir-dualar diləyirəm.

Müqəddəs kitabımızda Rəbbimiz buyurur: “İçərinizdə insanları xeyrə çağıran, xüsusən yaxşı işləri görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun. Məhz onlar nicat tapmış kimsələrdir”. Həqiqətən Allahın lütfü böyükdür. Biz dövlət müstəqilliyimizi qazandığımız dönəmdə Qafqaz Müsəlmanları İdarəsinə sovetlərdən bir neçə köhnə məscid, yerlə-yeksan edilmiş ziyarətgahlar və böyük mənəvi boşluq miras qalmışdı.

Bu gün tarixi əzəməti özünə qaytarılmış Təzəpir kimi məscidlərə, əfsanəvi Bibiheybət ziyarətgahı kimi müqəddəs ocaqlara, xalqımızın milli şüuruna söykənən mənəvi dəyərlərə, dünyaya örnək ola bilən tolerantlıq mədəniyyətimizə baxdıqca nə qədər inkişaf etdiyimizi, dövlətimizin dini sahədə nə qədər uğurlu siyasət yeritdiyini dərk edir və qürur duyuruq. Bu, çox böyük bir nailiyyətdir.

Bizi ən çox sevindirən odur ki, bu nailiyyətlər müstəqil dövlətçilik və mənəvi intibah tariximizdə artıq bir ənənə şəklini alıb. Bu ənənənin təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub və bu gün möhtərəm Prezidentimiz, Zati-aliləri İlham Əliyevin xeyirxah əməlləri ilə tariximizin yeni səhifələri yazılır.

Açılış mərasiminə toplaşdığımız Təzəpir məscid kompleksi dövlətimizin dini dəyərlərə verdiyi qiymətin ən bariz nümunəsi kimi dediklərimi bir daha sübuta yetirir. Qədim və zəngin tarixə malik olan Təzəpir təməli Şirvanşahlar dövründə qoyulan müqəddəs ziyarətgahdır. Bu uğurlu məqamın əsas yaradıcıları Bakının əsilzadə xanımlarından olan Nabat xanım Aşurbəyli və tanınmış memar Zivər bəy Əhmədbəyov olmuşdur. 1914-cü ildə inşası başa çatan bu məscid təkcə mötəbər ibadətgah kimi seçilməmiş, həm də Bakının, Azərbaycanın, daha sonralar bütün Qafqazın taleyində önəmli ictimai rol oynamışdır.

1918-ci ildə Bakıda daşnak erməni soyqırımı zamanı müsəlmanların pənah yeri olmuş Təzəpir məscidinin minarələrində həmin qanlı hadisələrin aşkar izləri hələ də qalmaqdadır. Təsadüfi deyildir ki, hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov və digər tarixi şəxsiyyətlərin əhaliyə müraciətləri məhz buradakı məsciddə dinlənilmişdir. Bu məscid sovetlərin amansız repressiyalarına məruz qalaraq dəfələrlə bağlanmış və yalnız ilahi qüdrətin gücü ilə məhv edilməkdən xilas olmuşdur.

Bu məsciddə Qanlı Yanvar və Xocalı şəhidlərinin dəfni təşkil olunmuş, Camal Əbdülnasir, Turqut Özal, Süleyman Dəmirəl, Seyid Haşimi Rəfsəncani kimi tanınmış dövlət xadimləri azərbaycanlı qardaşları ilə bir səfdə namaz qılmışlar. Nəhayət, Heydər Əliyev kimi dahi şəxsiyyət, müstəqil dövlətimizin yaradıcısı, xalqın unudulmaz rəhbəri dəfələrlə Təzəpiri ziyarət etmiş, dini mərasimlərdə bizimlə birgə olmuş, dərin məzmunlu tarixi nitqlərində müsəlmanlarımıza qiymətli tövsiyələr vermiş və son mənzilə, əbədiyyət məkanına da buradan yola salınmışdır. Allah ulu öndərimizə rəhmət eləsin.

Təzəpir barəsində bu qədər ətraflı danışmağım təsadüfi deyildir. Təzəpirin tarixi xalqın, dövlətin və İslam tarixinin ayrılmaz hissəsidir. Məhz bu gerçəkliklərin vəhdəti Qafqazın müsəlman ərazilərində Təzəpir məscidinin vahid dini mərkəz kimi tanınmasını labüd etmişdir.

Məhz bu baxımdan Təzəpir məscid kompleksinin əsaslı bərpası dövlətimizin bölgədə geosiyasi üstünlüyünü və ideoloji liderliyini bir daha sübuta yetirir ki, bu da bilavasitə Prezidentimiz Zati-aliləri İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.

Milli mənəvi dəyərlərin, dini və tarixi abidələrin qorunması sahəsində hörmətli Prezidentimizin gördüyü işləri saymaqla bitməz. Təkcə Təzəpir məscid kompleksinin yenidən bərpasında əvəzolunmaz xidmətlərinə və fövqəladə zəhmətlərinə görə möhtərəm Prezidentimiz daim müsəlmanların xeyir-duaları ilə yad olunur və olunacaqdır.

Dövlətimizin başçısının maddi və mənəvi dəstəyi, tikinti prosesi ilə şəxsən yaxından maraqlanması onu xalqın qəlbində milli mənəvi dəyərlərimizin memarına çevirmişdir. “Memar” adı həm böyük ümumxalq məhəbbətinin göstəricisi, həm də sabahın tarixi salnaməsinə yazılacaq şərəfli səhifədir.

Ən əsası odur ki, yaşadığı dövrün qadağaları səbəbindən Nabat xanımın həyata keçirə bilmədiyi arzunu - Təzəpirin gümbəzinin qızıla tutulması niyyətini xalqımızın ləyaqətli oğlu, dövlətimizin rəhbəri cənab İlham Əliyev həyata keçirdi.

Möhtərəm cənab Prezident!

Bu gün Zati-alilərinizin dindarlara olan qayğı və diqqəti ölkənin dini həyatını yeni-yeni uğurlara yönəldir. Bu yaxınlarda Moskvada MDB ölkələri müsəlman liderlərinin Məsləhət Şurasının yaradılması və mənim həmin şuranın rəhbəri seçilməyim bir daha sübut edir ki, Azərbaycan dünyada təkcə iqtisadi və siyasi inkişafı ilə deyil, həm də dini-mənəvi və tolerantlıq sahəsindəki uğurları ilə seçilən bir ölkədir. Bu, həm də Azərbaycanın dövlət rəhbərinin bölgədə və dünyada siyasi xəttinin qələbəsi kimi dəyərləndirilir. Buna görə biz dindarlar ilk növbədə, cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk.

Çox əlamətdar haldır ki, Təzəpir məscidinin təməlində Azərbaycan xanımlığının nəcabəti və əsilzadəlik cövhəri vardır. Həmin cövhərin sayəsindədir ki, dünən əsası Nabat xanım Aşurbəyli tərəfindən qoyulan məscidin açılışında bu gün Mehriban xanım Əliyeva kimi ləyaqətli xanımımız və ictimai xadimimiz iştirak edir. Milli mədəni irsimizin, dini-mənəvi dəyərlərimizin qorunması, dirçəldilməsi, dünya miqyasında tanıdılması istiqamətində Mehriban xanımın xeyirxah əməlləri, ərsəyə gətirdiyi layihələr təqdirə və rəğbətə layiqdir.

Bu gün qapılarını Azərbaycan xalqının, müsəlman ümmətinin üzünə açdığımız Təzəpir məscidi, Qafqaz Müsəlmanları İdarəsinin inzibati binası, Bakı İslam Universiteti xalqın mənəvi xəzinəsi və əbədi iman ünvanıdır. İslam mədəniyyətinin paytaxtı Bakı şəhərinin memarlıq incisi olan Təzəpirin yeniləşmiş möhtəşəm binası paytaxtımızın tarixi milli simasına xüsusi gözəllik bəxş etməklə yanaşı, həm də dünya İslam abidələri xəzinəsinə dəyərli töhfədir.

Biz Təzəpirin tarixi əlamətinin bərpasında, kompleksin inşasında zəhməti olan hər bir kəsə minnətdarlığımızı bildiririk.

Zati-aliləri, möhtərəm cənab Prezident!

Biz müsəlmanlar Azərbaycan xalqının gələcəyi naminə Sizin apardığınız daxili və xarici siyasəti bəyənir və dəstəkləyirik. Əminik ki, xalqımızın vəhdəti və dövlətimizin qüdrəti sayəsində biz dünya miqyasında daha böyük uğurlara imza ata bilər, erməni təcavüzünə məruz qalmış Vətənimizin bir parçası - Qarabağın qaytarılması yönündə problemin ədalətli həllinə inşallah Sizin rəhbərliyinizlə nail ola bilərik. Bu, bizim Allah-təaladan ən böyük arzumuzdur.

Bir daha hamınıza xeyir-dualar diləyir və bu tarixi gündə çıxışımı ulu öndərimiz Heydər Əliyevin vaxtilə bu müqəddəs məkanda söylədiyi sözlərlə bitirmək istərdim: “Allahın yolunda hamımız bir olaq”.

Allah hamınızdan razı olsun.

Əssəlamu-aleykum və rəhmətullahu və bərəkatuhu.

Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr ATA Azərbaycanda bütün dinlərə həssas münasibət göstərildiyini bildirdi. O, Təzəpir məscidinin yüksək səviyyədə yenidən qurulmasını müsbət dəyərləndirdi və Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların razılıq doğurduğunu bildirərək dedi:

-İndi şahidi olduğumuz dəyişikliklər, yüksək səviyyəli bərpa işləri sayəsində Təzəpir məscidi Bakıda ən gözəl memarlıq abidələrindən birinə çevrilmiş, məscidlə yanaşı Qafqaz Müsəlmanları İdarəsinin müasir dövrdə qarşılaşdığı bütün problemləri layiqli səviyyədə həll etməyə imkan verəcək inzibati kompleks ucaldılmışdır. Bütün bunlar şəhərimizin inciləri sayılmağa layiqdir. Bu, həm də başda cənab Prezident olmaqla dövlətimizin Azərbaycan dindarlarına qayğısının təzahürüdür.

Vaxtilə düşünürdülər ki, din bizə yalnız böhranlar dövründə lazımdır. Lakin məlum oldu ki, din bizə dinc dövrdə də lazımdır. Bu məscid ilahiyyatçıların və dünyəvi alimlərin görüşməsi, tanınmış diplomatların, siyasətçilərin və mədəniyyət xadimlərinin buraya gələ bilməsi, bəşər cəmiyyətinin həyatında dinin yenidən layiqli yer tutması üçün lazımdır. Burada İslam Universitetinin möhtəşəm binasının tikilməsi xüsusilə sevindirici haldır. Axı bəşər cəmiyyətindəki böhranlarla bağlı problemlərin çoxu dini nadanlıqdan irəli gəlir. Bu da tamamilə aydındır ki, uzun illər boyu dinin tədris edilmədiyi ölkələrdə dini nadanlıq dini zəmində müxtəlif mənfi halların yayılması üçün baza idi. Əlbəttə, belə halların olmaması üçün güclü və yaxşı təşkil edilmiş dini təhsil sistemi lazımdır. İnanıram ki, İslam Universitetinin binası Azərbaycanda dini təhsilin səviyyəsinin artırılmasına xidmət edəcək, Azərbaycan gəncləri dini məsələlərdən baş çıxara biləcək, dini həyat haqqında yanlış, təhrif olunmuş təsəvvürlər yaradan insanlara layiqincə cavab verə biləcəklər.

Bu gün burada şahidi olduğumuz hər şey qəlbimizdə fərəh hissi doğurur. Biz görürük ki, Azərbaycanın və Azərbaycan xalqının həyatında din heç də sonuncu yeri tutmur. Ölkə həyatının bir sıra cəhətlərinə, o cümlədən dini həyata göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ürəkdən təşəkkür etmək istərdim.

Tanrı köməyiniz olsun, Sizə işinizdə uğurlar, Azərbaycana və Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Dağ yəhudiləri icmasının sədri Semyon İXİİLOV ölkəmizdə tolerantlığın hökm sürdüyünü vurğulayaraq dedi:

-Qeyd etmək lazımdır ki, dini binaların bərpası və təzələnməsi üzrə bütün layihələr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə məxsusdur. Onun planlarının həyata keçirilməsi isə Azərbaycan Prezidenti cənab İlham Əliyevə nəsib olmuşdur. İlham Əliyev dəfələrlə məscidə gələrək bərpa prosesinə nəzarət etmişdir. Bu, işə əsl təsərrüfatçı yanaşmasıdır. Bu, layiqli nümunədir. Təzəpirin yeni inzibati mərkəzində böyük konfrans salonu, İslam Universiteti, qiraət salonu olan kitabxana və çoxlu digər obyektlər açılmışdır. Mən Sizinlə birlikdə sevinirəm, bu məsul obyektdə işləyənlərin hamısına hədsiz minnətdaram. Bu gözəl işə görə hamıya böyük təşəkkürümü bildirirəm. Biz bu xoşbəxt günü səbirsizliklə gözləyirdik. Allaha şükürlər olsun. Axı biz hansı millətə və dinə mənsub olmağımıza baxmayaraq kədər və sevinc anlarında bir yerdəyik. Biz yəhudilərə, şəxsən mənə, mənim xalqıma göstərilən hörmətə və ölkəmizdə antisemitizmin olmadığına görə Prezidentimizə, şeyxülislama, bütün Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Qoy sülh naminə, Azərbaycanın əzəli torpaqlarının sülh yolu ilə qaytarılması, dövlət sərhədlərinin bütövlüyü naminə Təzəpirdə daim Azərbaycan xalqına, ölkə Prezidentinə, şöhrətli Azərbaycan ordusuna dualar səslənsin. Amin.

Sizi, bütün müsəlmanları bir daha təbrik edir, sizə cansağlığı, nailiyyətlər və əmin-amanlıq arzulayıram. Allah qəbul eləsin!

Diqqətinizə görə sağ olun.

Vatikanın Azərbaycandakı Apostol nunsisi Klaudio QUCEROTTİ əlamətdar hadisə münasibətilə təbriklərini çatdıraraq bildirdi:

-Bu gün burada, sizin aranızda olmaq, Zati-müqəddəsləri Roma Papası XVI Benediktin və bütün katolik kilsəsinin salamlarını və xoş arzularını sizə çatdırmaq mənim üçün çox böyük şərəfdir. Bu mərkəz Qafqaz müsəlmanları rəhbərliyinin işinin yüksək səmərəsini təmin etməklə bərabər, həm də Azərbaycan xalqının incə zövqünü və istedadını nümayiş etdirir. Bu mərkəzin açılması hamı üçün bayramdır. Bu, Tanrının bütün bəndələri üçün, bütün bəşəriyyət üçün bayramdır. Tanrının qüdrətinə ehtiram hissləri biz aciz bəndələrin səyləri ilə birləşdiyi yerdə sivilizasiyanın inkişafı müşahidə edilir. Bu bina ulu Tanrıya xidmət edir. O, bizim yer üzündə pərvaz edən və möhtəşəm Mütləq Qüvvə ilə görüşməyə can atan ruhumuzu saflaşdırır.

Azərbaycandakı, Qafqazdakı müsəlmanların sevinci bütün dindarların sevinməsinə və qürur duymasına əsas verir. Bu sevinc xalqlar arasında dostluğu və qarşılıqlı hörməti daha da möhkəmləndirir. Bu, ölkəmizdə hökm sürən dini tolerantlıq ruhuna tam uyğundur. Bu gün biz hamımız öz öhdəliklərimizə münasibətdə daha məsuliyyətli olmuşuq. Bu gün hamımız başa düşürük ki, biz bir ailənin üzvləriyik. Bu gün biz dindar vətəndaşlar kimi vəzifələrimizi daha aydın başa düşürük, ümumi sülh və ədalət naminə hamının qeydinə qalır, hamı üçün çalışırıq. Bütün bunları anlamaqda bizə kömək edən bu gün qeyd etdiyimiz gözəl və mənalı nailiyyətlərin, bu uğurların qazanılması üçün fədakar əməyini əsirgəməyən insanların müdrikliyidir. Biz bu insanların hamısına ürəkdən təşəkkür edirik.

Diqqətinizə görə sağ olun.

Küveyt Dövlətinin islam və vəqf nazirinin müavini Adil ƏL-FƏLAH bildirdi ki, hər dəfə Azərbaycanda olanda səmimi qardaşlıq hissləri yaşayır. “Bu ölkə ilə çoxdandır bağlıyam və Azərbaycan məndə yalnız xoş və imanlı təəssüratlar yaradır”, - deyən Küveyt nümayəndəsi onu da qeyd etdi ki, Azərbaycanda gedən inkişaf çox sevindiricidir və xalqınız bu tərəqqiyə ulu öndər Heydər Əliyevin sayəsində nail olmuşdur. Adil əl-Fəlah dedi:

-Azərbaycan öz tarixi inkişafında çox mühüm mərhələ - mərhum lider, nadir şəxsiyyət Heydər Əliyev mərhələsini yaşayıb, Allah ona rəhmət eləsin. Siyasi hikmət sahibi, uzaqgörən dahi rəhbər, doğrudan da, öz ölkəsini çox çətin bir zamanda dağılmağa qoymadı. Əksinə ölkəsini ayağa qaldırdı və bütün çətinliklərin öhdəsindən gələ bildi. Məhz Prezident çətinliklərin öhdəsindən gəlməklə yanaşı, öz ölkəsinin parlaq gələcəyini də qura bildi.

Sonra Azərbaycanın böyük oğlu, zati-aliləri İlham Əliyev dövrü gəldi və o da öz valideyninin yolunu uğurla davam etdirdi. Ölkədə əmin-amanlığı, sabitliyi daha da möhkəmləndirdi. Tam milli birliyə nail oldu və əlavə olaraq təhsil, səhiyyə, quruculuq, ətraf mühit və yeni iş yerlərinin təminatı, xalqın rifah halının yüksəldilməsi, əmək haqlarının artırılması sahəsində böyük nailiyyətlər qazandı.

Heydər Əliyev Fondu kimi bir fond yaradıldı. Azərbaycan öz siyasəti sayəsində dünya miqyasında layiqli yerini tutdu. Bakı da çox gözəl bir şəhərə çevrildi.

Möhtərəm Prezident!

Bu gün belə bir kompleksin tikilməsi bir daha onu göstərir ki, Azərbaycanda siyasi və dini rəhbərlik amala xidmət edir. Bəlkə də başqa ölkələrdə belə bir birlik mövcud deyildir. Mən doğrudan da, Azərbaycanda dini və siyasi rəhbərliyin möhkəm dostluğunun şahidi olmuşam. Hələ çox illər bundan öncə, ümummilli lider, mərhum Heydər Əliyevlə dini rəhbər şeyxülislam Allahşükür Paşazadə arasında qarşılıqlı səmimi əlaqələrin şahidi olmuşam. Məhz belə birlik ölkədə əmin-amanlığa, inkişafa və çiçəklənməyə xidmət edən amillərdir. Məhz Azərbaycanın timsalında siyasi müdriklik və hikmətin birliyinin qələbəsini görürük.

Zati-aliləri!

Dini idarəyə göstərdiyiniz dəstək və qayğı, belə bir möhtəşəm kompleksin inşası Sizin dini və milli mənəvi dəyərlərə verdiyiniz ali qiymətin aydın təzahürüdür. Biz Allahdan arzu edirik ki, Siz həmişə belə xeyirxah işlərdə çalışasınız, həmişə belə xeyirxah işləriniz olsun. Çünki, məhz belə işlər xalqın milli mənəvi dəyərlərinin daha da gücləndirilməsinə xidmət edir.

Adil əl-Fəlah ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar və mənəvi sahələrdə yaxşı əlaqələr qurduğunu dedi və gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu söylədi.

O, ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr etdiyi kitabını Prezident İlham Əliyevə təqdim etdi.

Şimali Qafqaz Müsəlmanları Şurasının sədri İsmayıl BERDIYEV təmsilçisi olduğu bölgənin müsəlmanlarının təbrikini çatdırdı, şeyxülislam Allahşükür Paşazadənin MDB Müsəlmanları Məsləhət Şurasının sədri seçilməsini Azərbaycanın durmadan artan nüfuzunun bariz nümunəsi olduğunu vurğulayaraq dedi:

-Həqiqətən Siz çox gözəl bina tikdirmisiniz. Bütün bunlar onun sayəsində baş tutmuşdur ki, Sizin ailənizdə inam vardı. Biz Heydər Əliyevin şeyxülislama necə münasibət bəsləməsini, onun məscidə gəlməsini, həcc ziyarətində olmasını görmüşük. Biz bunların hamısını görmüşük. Siz də onun yolu ilə getmisiniz.

Biz bu məsciddə hələ sovet dövründə olmuşuq. Keçən əsrin 80-ci illərində Allahşükür Paşazadə burada konfrans təşkil etmişdi. Bütün bunlar bizim gözümüzün qabağında olmuşdur. Sovet İttifaqı dağılandan sonra çətin dövr başlandı. Mən həmin dövrü qarışıq dövr adlandırıram. O vaxt Azərbaycan xalqı özünün dini lideri Allahşükür Paşazadə ilə birlikdə Heydər Əliyevə müraciət etdi və o, gəlib ölkəyə rəhbərlik etməyə başladı. Bu, çox çətin dövr idi. Heydər Əliyev bu ölkəni dirçəltdi, onu çiçəklənən diyara çevirdi. Siz bütün bu işləri davam etdirirsiniz. Allah Sizə qüvvət və cansağlığı versin. Bu həqiqətən çox nəcib işdir. Sizin gördüyünüz işlər – bu gözəl kompleks həqiqətən əsrlər boyu qalacaqdır. Bu məscid inqilabdan əvvəl tikilmişdir. Siz onu yeniləşdirdiniz və indi o daha bir neçə əsr qalacaqdır.

Biz Şimali Qafqazda ümmət qarşısında, müsəlman cəmiyyəti qarşısında xidmətlərə görə orden təsis etmişik. Bu ordenin birincisini Vladimir Vladimiroviç Putinə təqdim etmişik. Onun Qafqazda oynadığı rolu Siz çox yaxşı bilirsiniz. Lap yaxın vaxtlarda bizim Prezident Dmitri Anatolyeviç burada olmuşdur. Biz çox şadıq ki, Sizin onunla çox yaxşı münasibətiniz vardır. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə tənzimlənəcəkdir. Bunun üçün biz Ulu Tanrıya dua edəcəyik.

Bu ordenlə təltif etdiyimiz adamlar arasında Sizin atanız Heydər Əliyev də vardı.

Biz Sizə də bu ordeni təqdim etmək istərdik. Lap yaxın vaxtlarda biz Küveyt Əmirinə də bu ordeni təqdim etmişik.

Şimali Qafqaz Müsəlmanları Şurasının sədri İsmayıl Berdıyev İslam ümməti qarşısındakı xidmətlərinə görə ordeni Prezident İlham Əliyevə təqdim etdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür PAŞAZADƏ mərasim iştirakçılarına təşəkkür edərək dedi:

-Əlbəttə ki, hörmətli qardaşlarım, İsmayıl Berdıyev həzrətləri çox gözəl çıxış etdilər, Adil əl-Fəlah həzrətləri və başqaları burada gözəl sözlər danışdılar. Dinimiz, mənəvi dəyərlərimiz haqqında ən qiymətli fikirləri əlbəttə ki, Prezident həzrətləri söylədi. Deyə bilərəm ki, bizim yolumuz, inşallah, düzgün yoldur. Dövlətimizin başçısının müəyyənləşdirdiyi yol düzgün yoldur. Bu yol öz faydasını, öz bəhrəsini verir. Bu bəhrənin bu gün siz hamınız şahidisiniz. Ayın 21-də Azərbaycanın nümayəndəsi YUNESKO-da bölgə müsəlmanlarını təmsil edəcəkdir. Bir həftə bundan əvvəl məni MDB Müsəlmanları Məsləhət Şurasının sədri seçdilər. Bunlar mənə və mənim şəxsiyyətimə görə deyildir. Bu, Azərbaycan dövlətinin başçısının apardığı uğurlu siyasətin bəhrəsidir. Mənim Allahdan bir arzum vardır. Əvvəla Allahdan sizə cansağlığı arzu edirəm. Allah-təaladan arzu edirəm ki, Qarabağ probleminin tezliklə həll olunmasında bizə kömək eləsin. Mən bizim Prezidentimizə, onun ailəsinə Allahdan möhkəm cansağlığı diləyirəm.

Bu gün Prezident həzrətləri buraya öz ailəsi ilə gəlib. Bu o deməkdir ki, Prezidentimizin dinimizə, mənəviyyatımıza, tariximizə böyük məhəbbəti, xoş münasibəti vardır. Buna görə, inşallah, bizim dinimiz, mənəviyyatımız, tariximiz, Azərbaycanımız həmişə yaşayıb və yaşayacaqdır. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan inkişaf edir və edəcəkdir, inşallah. Allah ona, ailəsinə cansağlığı versin.

Möhtərəm Prezident, Qafqaz müsəlmanları adından Sizə minnətdarlığımızı bildiririk. Arzu edirik ki, ölkəmiz, xalqımız üçün böyük işlər görməkdə Allah-təala Sizin köməyiniz olsun. Çox sağ olun.

Bu tədbirdə iştirak edənlərin hamısına minnətdarlığımı bildirirəm. Allah hamınıza cansağlığı versin.

Sağ olun.

X X X

Qafqaz Müsəlmanları İdarəsinin inzibati binası ilə tanışlıqdan sonra dövlətimizin başçısı mərasimdə iştirak edənlərin bir qrupu ilə xatirə şəkli çəkdirdi.

Mərasim iştirakçılarına Təzəpirin tarixi haqqında 4 dildə çap olunmuş kitablar hədiyyə edildi.

Açılış mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlamentin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, xarici qonaqlar iştirak etmişlər.

BAKI. 07.07.2009. AzərTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
0.7843
Avro
0.9983
Rusiya rublu
0.0192
Hava proqnozu
+21°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010