Banerlər
Xəbərlər

 

AZƏRBAYCANIN BİRİNCİ XANIMI, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN VƏ İSESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN XANIM ƏLİYEVA “BAKI” JURNALINA MÜSAHİBƏ VERMİŞDİR

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Bakı” jurnalına müsahibə vermişdir. Mehriban xanım Əliyeva müsahibəsində özü, ailəsi, ədəbi zövqü, siyasətə münasibəti haqqında danışmış, həmçinin prezidentin xanımı olmaq nə deməkdir sualına cavab vermişdir.

SUAL: Fransızlar deyir: “İnsanın üslubu onun özüdür”. Siz geyimdə eleqant təmkinliyə, sakit tonlara və aydın xətlərə üstünlük verirsiniz. Sizin üslubunuz nə dərəcədə Sizin xasiyyətinizdir?

MEHRİBAN ƏLİYEVA: Təmkinlik, fikrini tam açıqlamamaq, aydın xətlərə üstünlük vermək, ola bilsin ki, müəyyən dərəcədə mənim xasiyyətimi əks etdirir. Lakin bu qarşılıqlı bağlılıq barədə heç vaxt ciddi düşünməmişəm. Tərz xırdalıqlarda, detallarda, nüanslarda, özünü aparmaq tərzində və insandan ayrılmaz olan başqa şeylərdə özünü göstərir. Mənə elə gəlir ki, bunu rasional mövqedən izah etmək çətindir. Bəlkə də üslub insanın yaratdığı emosional, duyulan təəssüratın yekunudur.

SUAL: Prezidenti və onun xanımını milyonlarla insan izləyir. Birinci xanım olmaq çətindir?

MEHRİBAN ƏLİYEVA: Belə deyərdim: asan deyil. Ancaq burada açıqlıq elementi əsas rolu oynamır. Tədricən kameralara, sənə dikilmiş baxışlara öyrəşirsən. Bunu öz həyat atributun kimi qəbul edirsən. Ölkə Prezidentinin həyat yoldaşı olmaq məsuliyyətli, çətin işdir. Sən yalnız özünü və ailəni yox, həm də haradasa öz ölkəni təmsil edirsən. Sözlər, hərəkətlər, davranış hamısı yerində olmalıdır. Xoşbəxtlikdən mən hələ uşaqlıqdan öz qarşıma sərt tələblər qoymuşam, həmişə valideynlərimə, ailəmə layiq olmağa çalışmışam. Bu gün eyni məsuliyyət bizim uşaqlarımızın üzərinə düşür və mən fəxr edirəm ki, onlar bu çətin vəzifənin öhdəsindən dəqiqliklə gəlirlər.

SUAL: Ailə xoşbəxtliyi nədən asılıdır? Bəlkə xüsusi bir reseptiniz var?

MEHRİBAN ƏLİYEVA: Resept yoxdur və düşünürəm ki, ola da bilməz. Hər insan üçün xoşbəxtliyin öz qavrayışı, öz anlamı var. Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur.

SUAL: Sizin fikirləriniz həyat yoldaşınızın fikirləri ilə çox vaxt üst-üstə düşür yoxsa mübahisələr olur?

MEHRİBAN ƏLİYEVA: Bir qayda olaraq, biz mübahisə etmirik. Ailə həyatındakı çoxillik təcrübəm mənə göstərib ki, İlham hər hansı problemi düzgün qiymətləndirə və nəticəni əvvəlcədən görə bilir. Mən onun məsləhətlərini dinləyirəm, amma öz intuisiyama da güvənirəm. Əlbəttə, elə hallar olur ki, bizim baxışlarımız tutuşmur. Amma bu, mübahisə üçün səbəb ola bilməz. Biz bir-birimizin fikirlərinə hörmətlə yanaşmağa və qiymətləndirməyə çoxdan öyrəşmişik.

SUAL: Oğlunuzu babası Heydər Əliyevin şərəfinə adlandırmısınız. Onun xarakterində ümummilli liderə xas xüsusiyyətlər varmı?

MEHRİBAN ƏLİYEVA: Məqsədyönlülük və daxili özünüidarəetmə. Emosional təmkinlilik və bununla yanaşı dərin səmimilik. Çox ümid edirəm ki, gələcəkdə mənim oğlum babası kimi mətin iradə və ruh yüksəkliyinə malik olacaq.

SUAL: Onu gələcəkdə kim görmək istərdiniz?

MEHRİBAN ƏLİYEVA: Vətəninin layiqli vətəndaşı. Seçəcəyi fəaliyyət sahəsinin peşəkarı. Xoşbəxt ata və həyat yoldaşı.

SUAL: Siyasətdə qadınlara heyran olurlar, lakin çoxları hesab edirlər ki, bu qadın işi deyil. Sizcə bunun səbəbi nədir?

MEHRİBAN ƏLİYEVA: Səbəb çoxdur. Hamısına aydınlıq gətirmək üçün gender məsələsinin siyasi təhlili lazımdır. Qısaca, görünür ki, siyasət insandan özünü artıq dərəcədə həsr etməyi tələb edir. Qadın üçün bu cür həsr etmə daha çox emosional sahədə təbiidir. Sevgidə, ailədə, analıqda.

SUAL: Sizin fikrinizlə qadın-siyasətçi hansı xüsusiyyətlərə malik olmalıdır? Onun kişi-siyasətçilər qarşısında hansısa üstünlükləri varmı?

MEHRİBAN ƏLİYEVA: Əvvəla o, siyasətə hansı məqsədlərə nail olmaq üçün gəldiyini dəqiq anlamalıdır. Öz bacarıq və imkanlarını ağılla qiymətləndirməlidir. Qoyulmuş məqsədlərə çatmaq üçün kifayət qədər gücü və sağlam ambisiyaları olmalıdır. Fikrimcə, siyasətin özündə sual qoyuluşu o qədər sərtdir ki, heç bir üstünlükdən söhbət gedə bilməz.

SUAL: Siz zəngin ədəbi ənənələri olan ailədənsiz. Sizin şəxsi ədəbi zövqünüz necədir? Sizin stolüstü kitabınız varmı?

MEHRİBAN ƏLİYEVA: Stolüstü kitabım yoxdur. Ancaq müəyyən kitabları yenidən oxumaq və əsərlərə qayıtmaq adətim var. Uşaqlıqda mənim babam Nasir İmamquliyevin evində böyük kitabxana var idi. Bacımla mən hamısını bir nəfəsə oxuyurduq. İndiyə kimi oxumaqdan böyük zövq alıram. Nə kinematoqraf, nə müasir kompyuter oyunları mənim üçüm maraqlı kitabı əvəz etməz. Təəssüf ki, həyat tempi o qədər sürətlidir ki, sakit kitab oxumaq üçün imkan olmur.

SUAL: Sizi gözəllik və üslub etalonu hesab edirlər. Qadının gözəlliyi onun uğur qazanacağına zəmanət verir?

MEHRİBAN ƏLİYEVA: Əgər gözəllik intellektlə vəhdət təşkil edirsə uğur qazanmaq şansları xeyli yüksəkdir. Xarici gözəllik, yəni harmonik və biçimli görünüş, haradasa taleyin hədiyyəsidir. Ancaq tez və ya gec biz hamımız bizim iç dünyamızı əks etdirən görünüşü alırıq. Demək, məhz görünüşün məzmunu həm insanın uğurlu olmasında, həm də insanın həqiqətən gözəl olmasında həlledici rol oynayır.

SUAL: Sizin peşəniz həkim-oftalmoloqdur. Moskvada akademik Krasnovun rəhbərliyi altında göz xəstəlikləri ETİ-də çalışmısınız. Həyatınızın həmin dövrünü necə xatırlayırsınız?

MEHRİBAN ƏLİYEVA: Həm Seçenov adına 1-ci Moskva Tibb İnstitutunda keçirdiyim tələbəlik illərini, eyni zamanda göz xəstəlikləri ETİ-də çalışdığım illəri istiliklə xatırlayıram. Axı bunlar mənim gənclik illərimdir. Bu illərdə mənim ailəmin əsası qoyulmuşdur. Hər iki qızım Moskvada anadan olmuşdur.

Seçenov adına Tibb İnstitutunda (Seçenov adına Tibb Akademiyası) olan mühiti və yüksək təhsil səviyyəsini xüsusilə qeyd etmək istərdim.

Mənim çoxdandır həkim işləməməyimə baxmayaraq tibb təhsili mənə çox kömək edir. Tez-tez regionlarda tibb mərkəzlərinin açılışında iştirak etdiyim zaman mən öz pasiyentlərimi və təəssüf ki, tez başa çatan həkimlik karyeramı yada salıram. Həkimlər xüsusi kateqoriyadır və mən özümü o mühitdə çox rahat hiss edirdim.

Fürsətdən istifadə edərək, Heydər Əliyev Fondu ilə əməkdaşlıq edən, bizim səhiyyə sahəsində həyata keçirdiyimiz layihələrə dəstək verən bütün həkimlərə öz minnətdarlığımı bildirirəm.

SUAL: Siz təkcə siyasətlə yox, eyni zamanda fəlsəfə elmləri namizədi olaraq elmlə də məşğul olursunuz. Sizin dissertasiyanızın mövzusu eftanaziya probleminə həsr olunmuşdur. Bir çox ölkələrdə bu sual ətrafında geniş diskussiyalar aparılır. Siz eftanaziyanın tərəfdarısız, yoxsa hesab edirsiz ki, paliativ qulluq onun real əvəzedicisi ola bilər?

MEHRİBAN ƏLİYEVA: Mən humanizm tərəfdarıyam və mənin üçün insan həyatı hər şeydən üstündür. Eftanaziya çoxüzlü bir sahədir. Onun öyrənilməsi bir neçə əsas elmlərin əsasında mümkündür. Məsələn, fəlsəfə, teologiya, tibb və etika. Bizim hamımızın müəyyən həyat təcrübəmiz var. Lakin heç kəsin ölüm təcrübəsi ola bilməz. Bizim eftanaziya ətrafında fikirlərimiz mövcudluq və qeyri-mövcudluq arasındakı sərhədə yaxınlaşma cəhdindən ibarətdir. Müasir texnologiya ölümü hadisədən prosesə çevirib. İnsanın “bitki” kimi borularla əhatə olunmuş mövcudluğunu həyat adlandırmaq olarmı? Həkimin xoş niyyətini praqmatik qərəzdən necə ayırmaq olar? Burda cavabdan çox sual var. Mən öz işimdə onların bir qisminə cavab verməyə çalışmışam, ancaq bunların hamısı müsahibə formatına sığmır.

SUAL: Fikrinizcə, həyatda hər şey qanunauyğundur və heç bir şey təsadüfi olmur, yoxsa Siz xoşbəxt hadisəyə inanırsız?

MEHRİBAN ƏLİYEVA: Bu suala birmənalı cavab verə bilmərəm. Düşünürəm ki, həyatda hər şey əvvəlcədən müəyyən edilib və çox vaxt təsadüf kimi qəbul olunan hadisələr əslində heç də elə deyil.

Nə qanunauyğunluğun və təsadüflüyün nisbətinin dialektik materializmdə xülasəsi, nə də nisbilik nəzəriyyəsinin öyrənilməsi həyatda nəyin qanunauyğun, nəyin təsadüf olduğuna aydınlıq gətirə bilməz.

Fikrimcə, hər bir insan öz taleyinin yaradıcısı ola bilər və olmalıdır. Seçim həmişə var. Mən nə təsadüfi bir hadisəyə, nə də əvvəlcədən müəyyən olunmuş dünyaya inanmıram. Mən Allaha və insanın imkanlarına inanıram.

SUAL: İnsanlarda hansı keyfiyyətlərə qiymət verirsiniz?

MEHRİBAN ƏLİYEVA: Saflığı və mənliyi, səmimiliyi və xeyirxahlığı, ağlı və peşəkarlığı. Heç bir ifadədə süniliyi qəbul etmirəm. Təəssüf ki, müasir həyat quruluşu çox şeyi yox edir, insana yeni-yeni bilik, bacarıq, imkan verərək, bəzən onun mənəvi tamlığını tapdalayır. Uğurun, firavanlığın arxasınca qaçmaq, bunlara nəyin bahasına olursa olsun, nail olmaq istəyi insanları tanınmaz dərəcədə dəyişir, bu da məyusluq gətirir. Düzdür illər ötdükcə mən insanların zəifliklərinə və bir çox şeylərə daha dözümlü yanaşmağa başlamışam. Lakin özüm üçün yolverilməz saydığım şeylərə görə, başqalarını bağışlaya bilərəm.

Xoşbəxtlikdən məni həm ailəmdə, həm də peşəkar fəaliyyətimdə yalnız parlaq, pozitiv, səmimi və xeyirxah insanlar əhatə edir. Onlarla ünsiyyət həmişə sevinc gətirir.

SUAL: Siz həmişə qüsursuz görünürsünüz. Sizin üçün dəb ilk növbədə nə deməkdir?

MEHRİBAN ƏLİYEVA: Kompliment üçün sağ olun. Bu gün dəb industriyası müasir cəmiyyətin miqyaslı və kifayət qədər nüfuzlu tərkib hissəsidir. Bu hadisə çoxdan adi istehsal çərçivəsindən çıxıb. Bu öz kökləri, ənənələri və tendensiyaları olan mədəni təbəqədir. Beynəlxalq moda arenasında hökm sürən rəngarəngliyə baxmayaraq, əsl rəssam və yaradıcılara tək-tük rast gəlmək olar. Bu zaman və kütləviliyin sınağından keçmiş yüksək incəsənətdir.

Mənim üçün dəb – maraqlı yaradıcılıq prosesidir. Bundan artıq heç bir şey.

SUAL: Sizi nə heyrətləndirə bilər?

MEHRİBAN ƏLİYEVA: Çox şey. Son on ildə məni ən çox heyrətləndirən oğlumdur. Öz qeyri-adi düşüncəsi, uşaqlara məxsus olmayan müdrikliyi, dünya haqqında fəlsəfi fikirləri ilə məni heyran edir. Adama bəzən elə gəlir ki, 11 yaşlı bu balaca oğlanın çiyinlərində böyük bir həyat təcrübəsi var. Mən həmçinin həyat yoldaşım İlham Əliyevlə fəxr edirəm. Sonsuz vətənpərvərlik, öz işinə sadiqlik, şərtsiz milli maraqları müdafiə etmək, əsl dövlət xadiminə xas olan xüsusiyyətlərdir.

SUAL: Sizin həyat deviziniz?

MEHRİBAN ƏLİYEVA: Həmişə öz ləyaqətimi saxlamaq, özümə və prinsiplərimə sadiq olmaq.

“Bakı” jurnalı. May, 2009.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
0.7843
Avro
1.0151
Rusiya rublu
0.0204
Hava proqnozu
+23°
 / +19°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010