XƏZƏRİN HÜQUQİ STATUSU ANLAYŞININ MEYDANA GƏLMƏSİ

SSRİ-nin süqutundan sonra Xəzərsahili dövlətlərin sayının ikidən beşə yüksəlməsi Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmasını zəruri etdi. Xəzərin hüquqi statusu uzun illər Rusiya (SSRİ) və İran arasında bağlanmış ikitərəfli müqavilələrlə tənzimlənirdi. Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapmışdır. Lakin həmin sənədlərdə də hüquqi baxımdan "status" anlayışı olmamışdır. Bu müqavilələrlə Rusiyaya Xəzərdə böyük imtiyazlar verilirdi. Xəzərin hüquqi statusuna daha çox diqqət 1921-ci il fevralın 26-da Moskvada imzalanmış Rusiya-İran müqaviləsində verilmişdir. Bu müqavilənin 3-cü maddəsində deyilir: "1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttini hər iki yüksək səviyyədə danışıq aparan tərəflər İran və Rusiya arasında su sərhədi kimi qəbul etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunulmazdır". (Qeyd etmək lazımdır ki, bu müqavilə ilə təsbit olunan sərhəd xətti Astara-Həsənqulu su sərhəddidir). 26 maddədən ibarət olan bu müqavilə Rusiya tərəfindən Georqi Çiçerin və İran tərəfindən P.Qaraxan-Məmlük tərəfindən imzalanmışdır. 1935-ci ildə İran-SSRİ arasında imzalanmış "Ticarət, dənizçilik və məskunlaşma haqqında", 1940-cı ildə "Ticarət və dənizçilik haqqında" imzalanmış müqavilələr də Xəzərin Sovet-İran dənizi olması bir daha vurğulanmışdır.

1970-ci ildə isə ilk dəfə olaraq Xəzər dənizinin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi müzakirə edilməyə başlanmış və SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən həyata keçirilmişdir. Bu bölgüyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan habelə SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran sektoruna bölünmüşdür. Bu bölgü zamanı Xəzərin hüquqi, coğrafi vəziyyətindən irəli gələn, beynəlxalq-hüquqi təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas götürülmüşdür.

SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla tənzimlənirdi. Hal-hazırda da Xəzərin hüquqi statusu müəyyən edilmədiyindən Xəzərsahili dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü dövlət sərhədi kimi qəbul edirlər.

1992-ci illərdən başlayaraq Xəzərsahili dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlanmışdır. Bununla da Xəzərin hüquqi statusunun həllində fərqli mövqelərinin ortaya çıxması ilə günümüzə qədər davam edən status məsələsinin müzakirəsinin startı verildi. Hüquqi status məsələsinin sonrakı müzakirələri də göstərdi ki, Xəzərin hüquqi statusu məsələsinə hər bir dövlət fərqli yanaşır və bu zaman daha çox beynəlxalq-hüquqi normalara deyil, milli maraqlara söykənirlər.

Qeyd etdiyimiz kimi, Xəzərin hüquqi statusu məsələsi çox ziddiyyətli və mürəkkəb proses olduğundan bu prosesin inkişaf tendensiyalarını anlamaq üçün 3 etapa bölmək lazımdır:

- Birinci etap - 1991-1994-cü illər - problemin öyrənilməsi, ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusunun müzakirə edilməsinin başlanması ilə xarakterizə olunur.

- İkinci etap - 1995-1998-ci illər - sahilyanı dövlətlərin status məsələsi ilə bağlı mövqelərinin dəqiq müəyyənləşməsi və ikitərəfli, çoxtərəfli görüşlərin intensivləşməsi ilə xarakterizə olunur.

- Üçüncü etap - 1999-cu ildən başlayaraq Rusiyanın Xəzərin hüquqi statusu məsələsində mövqeyinin tam dəyişilməsi ilə xarakterizə olunur. Bu etap həm də Xəzərin hüquqi statusu ilə bağlı ikitərəfli razılaşmaların əldə edilməsi ilə əlamətdardır.

Əvvəla qeyd etmək lazımdır ki, dünya okeanı ilə təbii əlaqəsi olmayan istənilən həcmli su tutarı göl adlanır. Dünyada qəbul olunmuş coğrafi aksioma olan bu yanaşma Xəzərə tam uyğun gəlir. İkincisi, qeyd etmək lazımdır ki, Sovet dərsliklərində və Böyük Sovet Ensiklopediyasında yazıldığı kimi Xəzər dünyanın ən böyük gölüdür. Üçüncüsü isə vaxtilə Sovet hüquq elmində sərhəd gölləri barədə təliminin olmaması və Sovet beynəlxalq-hüquq doktrinasında qapalı dəniz konsepsiyasına üstünlük verilməsi bəzi müəlliflərin Xəzərin qapalı dəniz hesab etməsinə səbəb olmuşdur. Beləliklə bütün bu faktorları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Xəzər beynəlxalq sərhəd gölüdür. Hüquqşünas alim R.F.Məmmədov Xəzərin coğrafi statusunu belə əsaslandırır: "İki və daha çox dövlətin sahillərini yuyan dünya okeanı ilə təbii yolla birləşməyən həmçinin müstəqil hüquqi statusa və gölyanı dövlətlər arasında bağlanmış konkret beynəlxalq müqavilələrdə müəyyən edilən müvafiq rejimə malik su məkanları beynəlxalq hüquq nöqteyi nəzərindən sərhəd gölləri hesab olunmalıdır".

Bütün bunları nəzərə alaraq Xəzərin sərhəd gölü olduğunu və onun haqlı olaraq Azərbaycan dövlətinin təklif etdiyi kimi milli sektorlara bölünməsinin obyektivliyini belə əsaslandıra bilərik.

- Xəzər beynəlxalq sərhəd gölüdür.

- Xəzər orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir.

- Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-ci ildə qəbul olunmuş bölgüyə əsasən) bölgüyə əsaslanmışdır.

- Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər statusu müəyyənləşdirməzdən əvvəl öz milli sektorunda işə başlaya bilərlər.

Hazırda Azərbaycanın bu mövqeyinə qarşı İran və Türkmənistan aşağıdakı arqumentlərlə çıxış edirlər.

- Xəzər unikal qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidir.

- Xəzər 20% prinsipi ilə hər bir Xəzəryanı dövlətlər arasında bölünməlidir.

Azərbaycan mövqeyi ilə Türkmənistan-İranın mövqeyini müqayisə etdikdə görmək mümkündür ki, ikincilərin mövqeyi beynəlxalq hüquq normalarına ziddir. Birinci ona görə ki, İran və Türkmənistanın irəli sürdüyü arqumentlərdə Xəzər unikal qapalı su hövzəsi hesab edilir. Bu anlayış çox abstrakt olması ilə yanaşı, beynəlxalq hüquqda unikal qapalı su hövzəsinin hüquqi rejimi anlayışı işlədilmir. İkinci, Xəzərin 20% payla Xəzəryanı dövlətlər arasında bölünməsi heç bir hüquqi əsası yoxdur və bu praktik cəhətdən də mümkün deyildir.

Xəzərin hüquqi statusu məsələsində tez-tez 1921-və 1940-cı illər Sovet-İran müqavilələrinə istinad edilməsi çox vaxt bu müqavilələrin müddəaları ilə uzlaşmır. Doğrudur müqavilənin 3-cü maddəsində Xəzərin İran-rus dənizi olduğu və sərbəst gəmiçilik və balıqçılıq məsələləri vurğulanırdı. Qeyd etmək lazımdır ki, İran tərəfi bu maddəni əsas götürərək Xəzərin kondominium prinsiplərinə uyğun istifadəsinin zəruri olduğunu qeyd edir. Lakin müqavilə imzalandıqdan sonra görmək olar ki, Xəzərin istismarında heç vaxt kondominium prinsipi olmamışdır. Bağlanmış bütün müqavilələrdə elə bir müddəa yoxdur ki, orada Xəzərin SSRİ və İranın birgə mülkiyyəti olması müddəası bilavasitə və ya dolayısı ilə təsdiq edilsin. Bu təcrübə müasir dövrdə kondominium prinsipinin tətbiqinin mümkünsüzlüyünü göstərir.

Birincisi ona görə ki, 1949-cu ildə SSRİ Xəzərdəki neft ehtiyatlarının işlənməsinə İranın iştirakı olmadan və onunla məsləhətləşmədən başlamışdır. Bu zaman İran hər hansı bir formada etirazını bildirməmişdir. İkincisi isə hələ 1970-ci ildə SSRİ Neft Nazirliyinin qərarı ilə Xəzərin milli sektorlara bölünmə praktikası həyata keçirilmişdir. Bölgüyə əsasən Xəzərin təqribən 70 min kv. km-i Azərbaycanın, 80-min kv. km-i Türkmənistanın, 60 min kv. km-i Rusiyanın, 105 min kv. km-i Qazaxıstanın payına düşürdü və 55 min kv. km-i İrana qalırdı. Həyata keçirilən bu bölgü ilə İran da tanış edilmiş və bu bölgünün topoqrafik xəritəsi Tehrana göndərilmişdir. Bu zaman rəsmi Tehran bölgünün aparılmasına heç bir etiraz etməmişdir.

Bununla yanaşı qeyd etmək lazımdır ki, bütün Sovet-İran müqavilələrilə yaxından tanışlıq bir daha göstərir ki, bu sənədlərdə əsasən balıqçılıq, gəmiçilik və digər məsələlər tənzimlənirdi. Bu müqavilələrdə Xəzərin enerji resusları və onların işlənməsi barədə heç nə deyilmirdi. Buna görə də Xəzərin neft-qaz resuslarının istifadəsinə dair hüquqi vakuum var idi. Həmin resusların istifadəsi ilə sahilyanı dövlətlər bu vakuumu doldurmuş oldular. Buna görə də Xəzərin hüquqi statusu müəyyən edilərkən sahilyanı dövlətlərin neft-qaz resuslarının istifadəsində yaranmış təcrübəsi və beynəlxalq-hüquqi təcrübənin müddəaları əsas götürülməlidir.
yuxarı