AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİ


Nazirliyin tarixi

Azərbaycan Demokratik Respublikası elan edildiyi gün 1918-ci il mayın 28-i yaradılmış ilk Hökumətin tərkibinə Maliyyə Naziri daxil edilmişdir. 1918-ci il 21 oktyabr tarixində isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi təsis edilmiş, onun əsasnaməsi və strukturu təsdiq edilmişdir.

SSRİ dövründə Maliyyə Nazirliyi Azərbaycan SSR Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 385 nömrəli və 29 oktyabr 1971-ci il tarixli 358 nömrəli Qərarları ilə təsdiq edilmiş Əsasnamələr əsasında fəaliyyət göstərmişdir. Həmin dövrdə Nazirliyin əsas funksiyaları pul vəsaitlərinin səfərbər olunması və onun təsdiq edilmiş müvafiq planlara uyğun olaraq Azərbaycan SSR-in xalq təsərrüfatının inkişafı üzrə tədbirlərin maliyyələşdirilməsinə və xalqın maddi və mədəni həyat səviyyəsinin yüksəldilməsinə yönəltməkdən ibarət olmuşdur.

Hal-hazırda Maliyyə Nazirliyinin vəzifələri və hüquqları Azərbaycan Respublikası Prezdentinin 2000-ci il 4 fevral tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnaməyə" uyğun olaraq müəyyən edilir.

Nazirliyin vəzifələri

Nazirliyin hüquqları

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci tarixli 467 nömrəli Fərmanı ilə sığorta fəaliyyətinə dövlət nəzarəti funksiyaları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə verilmişdir.

Beynəlxalq əlaqələr

Azərbaycan Respublikası müstəqilliyini əldə edəndən sonra bir sıra beynəlxalq maliyyə-kredit və digər kreditor təşkilatlarla münasibətlər qurmuşdur. Belə ki, ölkəmiz Dünya Bankı (DB), Beynəlxalq Valyuta Fondu (BVF), İslam İnkişaf Bankı (İİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (YBƏB) və digər beynəlxalq maliyyə təşkilatlarının üzvü olaraq özünün iqtisadi inkişafı naminə beynəlxalq kredit vasitələrindən faydalanır. Bu vəsaitlər hesabına həm iqtisadi islahatların dəstəklənməsi, həm də ölkəmizin inkişafı üçün investisiya layihələri maliyyələşdirilir.

Respublikamızın inkişafında böyük əhəmiyyət kəsb edən islahatların maliyyələşdirilməsində Dünya Bankı və Beynəlxalq Valyuta Fondu mühüm rol oynayırlar. Dünya Bankının bu istiqamətdə Azərbaycanda həyata keçirdiyi layihələr üzrə ayrılmış kreditin məbləği 256.2 mln ABŞ dol. bərabərdir. Reabilitasiya krediti, İnstitusional kredit I və II, SAK I və II belə layihələrdəndir. BVF tərəfindən isə Azərbaycana ayrılmış kreditlərdən (STF, ESAF, EFF və PRGF kreditləri) əldə edilmiş vəsait isə 600.0 mln. ABŞ dol. çatmışdır.

İnvestisiya yönümlü layihələrin maliyyələşməsində DB (428.4 mln ABŞ dol.), İİB (102.9 mln ABŞ dol.), Almaniya KFV bankı (109.1 mln ABŞ dol.), Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (466.9mln ABŞdol.), AYİB (148.0 mln ABŞ dol.) və digər qurumlar fəal iştirak edir. Bu layihələr üzrə cəmi 1793.7 mln ABŞ dol. məbləğində vəsait ayrılmışdır.

Bu qəbildən olan kreditlər respublikamızın prioritet hesab edilən sahələrinin bərpası, yenidənqurulması və inkişaf etdirilməsi məqsədi ilə digər donor təşkilatları və xarici ölkələrdən cəlb edilmişdir. Kreditlərin istifadəçiləri əsasən "Azərenerji" Səhmdar Cəmiyyəti "AZAL" Dövlət Konserni, "Azərkimya" Dövlət Şirkəti, "Azərsu" Səhmdar Cəmiyyəti, "Azəriqaz" Səhmdar Cəmiyyəti və s. qurumlardır.

Azərbaycan Respublikasının əməkdaşlıq etdiyi beynəlxalq kreditorların investisiya layihələri ölkə iqtisadiyyatının bir çox sahələrini əhatə edir. Vəsaitlərin istifadə istiqamətləri üzrə bölgüsündə elektrik enerjisi sektoru 25.0 %, nəqliyyat sektoru 13.0 %, kənd təsərrüfatı və meliorasiya 9.0%, neft və qaz sektorları 1.0 %, kimya sahəsi 4.0 %, sosial sahələr 10.0 %, işğaldan azad olunmuş ərazilərin bərpası 3.0 % və digəri isə 7.0% təşkil etmişdir.

Beynəlxalq maliyyə-kredit münasibətlərimiz daim inkişaf edir və bu yeni layihələrin başlanmasında özünü büruzə verir. Sözügedən yeni layihələr beynəlxalq maliyyə qurumları ilə 3 illik və çoxillik strategiyalar əsasında həyata keçirilir və əsasən, kənd təsərrüfatının, elektro-energetik sistemin, su və meliorasiya sahələrinin, nəqliyyat sektorunun və digər sahələrin inkişafına yönəldilir.

Nazirliyin yerləşdiyi ünvan

Ünvanı: AZ 1022, Bakı şəhəri Səməd Vurğun küçəsi 83;
Əlaqə telefonları: (99412) 493-81-03, 493-05-62;
Faksı: (99412) 493-05-62;
E-mail: office@maliyye.gov.az
İnternet səhifəsi: www.maliyye.gov.az
yuxarı