DÖVLƏT TƏBİƏT YASAQLIQLARI

Adı: Bərdə Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1966
Sahə(hektar): 7,500
Olduğu yer: Bərdə və Ağdam
Qısa məlumat: Yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir. Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s. məskunlaşmışdır.

Adı:Şəki Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1964
Sahə(hektar): 10,350
Olduğu yer: Şəki rayonu Əyriçayın hövzəsində Yevlax-Şəki və Şəki-Oğuz şosse yollarının arasında
Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrinə meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, alça, və s. kollar keçilməz cəngəlliklər əmələ gətirir. Şəki yasaqlığında qonur ayı, çöl donuzu, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, Samur, meşə dələsi, sincab, və s. məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək və s. quşlar məskunlaşmışlar.

Adı: Gil adası Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1964
Sahə(hektar): 400
Olduğu yer: Bakı şəhərinin Qaradağ rayonunun ərazisində
Qısa məlumat: Burada əsasən adadakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur. Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır.

Adı: Bəndovan Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1961
Sahə(hektar): 4,930
Olduğu yer: Salyan və Qaradağ rayonlarının ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoyuyub artırmaqdır. Yasaqlığın ərazisi heyvanlar aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran (Gazella sulgutturosa), dovşan, tülkü, çaqqal, canavar, porsuq və s. məməli heyvanlar yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək (Otis tetrax), turac, bildirçin və s. yayılmışdır.

Adı: Korçay Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1961
Sahə(hektar): 15,000
Olduğu yer: Xanlar və Goranboy
Qısa məlumat: Yaradılmasının əsas məqsədi ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Bitki örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Burada məməlilərdən ceyran (Gazella sulgutturosa), dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.

Adı: Laçın Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1961
Sahə(hektar): 21,370
Olduğu yer: Laçın rayonunun ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı məməliləri (cüyüukbyr, qayakeçisi, çöl donuzu və s.) və quşları ( turac, kəklik və s.) qoruyub artırmaqdır. Ərazi əsasən vələs, cökə, ağcaqayın və s. qarışığından ibarət palıd meşələrindən ibarətdir. Burada bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait vardır. Yasaqlıqda bezoar keçisi (Capra aegagrus), cüyür, çöl donuzu, dovşan, canavar, porsuq, dələ, ayı kimi məməlilərə; kəklik, tetra quşu, bildirçin, alabaxta və s. quşlara rast gəlinir. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

Adı: Qusar Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1964
Sahə(hektar): 15,000
Olduğu yer: Qusar rayonunun ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında başlıca məqsəd buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub saxlamaqdır. Meşə sahəsində fısdıq, vələs, palıd yayılmışdır. Kol bitkilərindən yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən, qaratikan və s. təsadüf edilir. Yasaqlıqda çöl donuzu, cüyür, canavar, meşə pişiyi, qamış pişiyi, çaqqal, yenot, dovşan və s. kimi məməlilər, turac, kəklik , bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi cürə və s. kimi quşlar yayılmışdır.

Adı: Şəmkir Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1964
Sahə(hektar): 10,000
Olduğu yer: Şəmkir rayonunun ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı quşları və məməli heyvan növlərini, xüsusilə də çöl donuzu, kəklik, turac, qırqovul və ördəkləri qorumaqdır. Yasaqlıqda tuqay və yarımsəhra bitki formasiyaları yayılmışdır. Tuqay meşə və kolluqları Kür çayı yatağının ətrafında yerləşir, onlar söyüd, ağyarpaq qovaq, qaratikan, böyürtkən, yulğun və s. ibarətdir. Ərazinin təbii landşaft sahələri müxtəlif olub, heyvanların məskunlaşması üçün əlverişli mövqeyə malikdir. Burada məməlilərdən çöl donuzu, canavar, dovşan, meşə pişiyi, çaqqal, tülkü, turac, qırqovul (Phasianus), kəklik, turac və müxtəlif su quşları vardır.

Adı: Zuvand Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1969
Sahə(hektar): 15,000
Olduğu yer: Lerik və Yardımlı rayonlarının ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanların qorunmasıdır. Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir. Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox zəngin deyildir. Burada qayakeçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.

Adı: İsmayıllı Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1969
Sahə(hektar): 23,438
Olduğu yer: Əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində
Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır. Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahələr əsasən vələs, fısdıq, və palıd meşələrindən ibarətdir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say etibarilə çox zəngindir. Burada quşlardan kəklik, bildirçin, turac, alabaxta, ular və s., məməlilərdən canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ, dovşan və s. məskunlaşmışdır.

Adı: Qubadlı Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1969
Sahə(hektar): 20,000
Olduğu yer: Qubadlı və Laçın rayonlarının ərazisində
Qısa məlumat: Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ-bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu və. s.) və quşları (qırqovul və s.) qorumaqdır. Ərazidə yayılmış seyrək meşəliklər və kolluqlar palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkən və s. ibarətdir. Ərazinin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaratmışdır. Çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac, bildirçin və s. yayılmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

Adı: Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1978
Sahə(hektar): 10,700
Olduğu yer: Lənkəran rayonunun ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində
Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını qorumaqdır. Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir. Yasaqlıqda quşlardan turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s., məməlilərdən canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, və s. növlərə təsadüf edilir.

Adı: Qızılca Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1984
Sahə(hektar): 5135
Olduğu yer: Gədəbəy rayonda Gədəbəy meşə təsərrüfatının Qızılca meşəçiliyi sahəsində
Qısa məlumat: Onun yaradılmasında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki nümunələrini qorumaqdır. Ərazidə meşə və meşə altından çıxmış dağ- bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fısdıq və vələsdir. Yasaqlıqda cüyür, qonur ayı, çöl donuzu, dovşan və s. heyvanlar qorunur.

Adı: Daşaltı Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1981
Sahə(hektar): 450
Olduğu yer: Şuşa rayonunun ərazisində Şuşa şəhərinin ətrafında
Qısa məlumat: Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir. Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü məskunlaşmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

Adı: Arazboyu Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1993
Sahə(hektar): 2,200
Olduğu yer: Zəngilan rayonunun ərazisində
Qısa məlumat: Tuqay meşələrinin qorunması və bərpası məqsədilə yaradılmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

Adı: Qəbələ Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1993
Sahə(hektar): 39,700
Olduğu yer: Qəbələ rayonunun ərazisində
Qısa məlumat: Qəbələ rayonunun ərazisində təşkil edilmişdir. Yaradılmasının əsas məqsədi Böyük Qafqaz dağlarının cənub yamaclarının landşaftını qorumaqdır.

Adı: Qax Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 2003
Sahə(hektar): 36,836
Olduğu yer: Qax rayonu İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd
Qısa məlumat: Yasaqlığın yaradılmasının başlıca məqsədi yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilməkdə olan heyvan növlərinin bərpa edilməsidir.

Adı: Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1964
Sahə(hektar): 11,970
Olduğu yer: Ağstafa rayonu, Qarayazı meşələri sahəsində
Qısa məlumat: Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay meşələrindən, palıd meşəsi, cavan qarışıq meşələr və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, cınqıllıqlardan, su sahəsindən və s. ibarətdir. Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin və s. quşlar vardır.

Adı: Hirkan Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 2005
Sahə(hektar): 2252
Olduğu yer: Lənkəran və Astara rayonlarının ərazilərində
Qısa məlumat: Hirkan - 2005-ci ilin dekabr ayında Lənkəran və Astara rayonlarının inzibati ərazilərində yerləşən meşə fondundan 2252 hektar torpaq sahəsində Hirkan Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Yaradılmasında əsas məqsəd Hirkan Milli Parkı ilə həmsərhəd meşələrin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi altında olan heyvan növlərinin miqrasiya yollarının, həmin ərazidə ekosistemin bütövlüyünün və bioloji müxtəlifliyin qorunub saxlanmasıdır.

Adı: Zaqatala Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 2008
Sahə(hektar): 6557
Olduğu yer: Zaqatala və Balakən rayonlarının ərazilərində
Qısa məlumat: 2008- ci ilin noyabr ayında Zaqatala və Balakən rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqları, Balakən meşə mühafizəsi və bərpası müəssisəsinin meşə fondu torpaqları hesabına 6557 hektar ərazidə Zaqatala Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.Yaradılmasında əsas məqsəd Zaqatala Dövlət Təbiət Qorugu ilə həmsərhəd yerləşən sahələrə vahid ekosistemin əhatə edilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin miqrasiya yollarının qorunmasıdır.

Adı: Arpaçay Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 2009
Sahə(hektar): 68911
Olduğu yer: Şərur, Kəngərli, Babək və Şahbuz rayonlarının əraziləri
Qısa məlumat: Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin Fərmanı ilə 22 iyun 2009-cu ildə yaradılmışdır. Məqsəd: təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, ekoloji tarazlığın saxlanılması. Yerləşdiyi ərazi: Dərələyi silsiləsi boyu ərazilər (Şərur, Kəngərli, Babək və Şahbuz rayonlarının inzibati əraziləri) Sahəsi: 68911ha Landşaftı: Əsas növləri: Flora: Ağır iyli ardıc, gözəl qayışləcək, zərif süsən Fauna: Bəbir, safsar, bezoar keçi, Muflon, Xəzət uları, Saqqalı qartal.

Adı: Rvarud Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 2009
Sahə(hektar): 510
Olduğu yer: Lerik rayonu
Qısa məlumat: Rvarud Dövlət Təbiət Yasaqlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə Lerik rayonununda yaradılmışdır. Ərazisi 510 hektardır.

Adı: Ordubad Dövlət Təbiət Yasaqlığı
Yaradıcılığı il:: 1969
Sahə(hektar): 27869
Olduğu yer: Ordubad rayonu
Qısa məlumat: Ordubad1969-cu ilin iyulunda Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsi Milli Park elan edilmişdir. Hal-hazırda yasaqlığın ərazisi 27869 hektardır. Yasaqlığın yaradılmasında məqsəd ərazidəki nadir və qiymətli heyvanları qoruyub artırmaqdır. Ərazidə bezoar keçisi, köpgər, daş dələsi, canavar, çaqqal, tülkü və s. məməli heyvan novlərinə, turac, qırqovul, kəklik, bildirçin, alabaxta və s. quş növlərinə rast gəlinir.

Adı: Arazboyu Dövlət Təbiət Yasaqlığı (Naxçıvan Muxtar Respublikası)
Yaradıcılığı il:: 2005
Sahə(hektar): 9118
Olduğu yer: Sədərək, Şərur,Kəngərli, Babək, Culfa və Ordubad rayonlarının əraziləri
Qısa məlumat: Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədrinin Sərəncamı ilə 23 sentyabr 2005-ci ildə yaradılmışdır. Məqsəd: təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, ekoloji tarazlığın saxlanılması. Yerləşdiyi ərazi: Arazboyu ərazilər (Sədərək, Şərur,Kəngərli, Babək, Culfa və Ordubad rayonlarının inzibati əraziləri) Sahəsi: 9118ha Əsas növləri: Flora: Araz palıdı, dağdağan, zərif süsən Fauna: qıvrımlələk və çəhrayı qutan,ərsindimdik, Saqqalı qartal, qamış pişiyi, manul pişiyi.

Qeyd etmək lazımdır ki, erməni təcavüzü nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərindən 2 DTQ (Bəsitçay və Qara göl) və 4 DTY (Laçın, Qubadlı, Daşaltı, Arazboyu) əraziləri (44 min hektar) işğal edilmiş, onların fəaliyyəti tamamilə dayandırılmışdır.