AZƏRBAYCAN İQTİSADİYYATI HAQQINDA ÜMUMİ MƏLUMAT

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.

İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 83%-ə çatmışdır.

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013 illər ərzində 3 beşillik proqramlar həyata kecmişdi. Hazırda 2014-2018-ci illər ücün regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur.

Son 10 il ərzində (2003-2013) Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri 6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır. Bu dövrdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azalmışdır.

Bu illər ərzində Azərbaycan iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83, məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. 2003-2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivləri isə 18 dəfə artmışdır.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business-2009” hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə elan edilmişdir. Növbəti “Doing Business” hesabatlarında da Azərbaycan öz müsbət mövqeyini qoruyub saxlamışdır. Eləcə də, “Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti “Stabil”dən “Pozitiv”ə yüksəldilmişdir.

Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir.

2014-cü ilin yanvar-sentyabr aylarında ÜDM-in real artım tempi 2.5% təşkil etmiş və cari qiymətlərlə 44.1 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 4696.3 manat (5887.9 ABŞ dolları) təşkil etmişdir.