AZƏRBAYCAN MUSİQİSİ

Xalq mahnıları. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri parlaq şəkildə əks olunmuşdur.

Azərbaycan xalq mahnıları mövzu və məzmunun müxtəlifliyinə, musiqi və poetik dilin aydınlığına, rəngarəngliyinə görə bir neçə janr qrupuna ayrılır. Onlardan əmək mahnılarını, mərasim mahnılarını, məişət (bura lirik mahnılar da daxildir) və tarixi mahnıları göstərmək olar.

Xalq yaradıcılığının ən qədim janrı əmək mahnılarıdır. Bu mahnılar arasında ən geniş yayılanları maldarlığa həsr olunmuş sayaçı mahnıları, əkinçiliklə məşğul olanlar arasında isə ən geniş yayılanları holavar əmək mahnılarıdır. Ən qədim mahnılara "Çoban avazı", "Tutu nənəm", "Sağım mahnısı", "Çiçək şumla yeri", "Şum nəğməsi" və başqalarını misal gətirmək olar.

Azərbaycan xalqının mahnı yaradıcılığının qədim növlərindən biri də mərasim mahnılarıdır. Xalqın bayram şənlikləri, toy və matəm mərasimləri adəti üzrə ənənəvi mahnılar ilə müşayiət olunmuş və bu mahnıların bir çoxu bu günə kimi xalq arasında yaşamaqdadır. Qədim dövrlərdə yaranmış və mövsüm mərasimlərində oxunan, günəşə, oda, yağışa və s. təbiət qüvvələrinə həsr edilmiş mahnılar bu qəbildəndir. Məsələn, "Günəş çıx, çıx, çıx! Kəhər atı min çıx" və yaxud "Yağış çağır", "Xıdır İlyas", "Səməni", "Kos-kosa", "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" xalq oyun və tamaşa mərasimləri ənənəvi mərasim mahnıları ilə zəngin olub müşayiət edilərdi. Bu mahnıların mətnini isə xalq ədəbiyyatının ən geniş forması olan bayatılar təşkil edirdi.

Məişət mahnıları da məzmununa, formasına və ifadə etdiyi hissələrə görə müxtəlif olaraq, uşaq mahnılarına, yumorlu və satiralı mahnılara və lirik mahnılara bölünürlər. Uşaq mahnıları, xüsusilə də anaların uşaqlara oxuduqları beşik mahnıları öz tarixi etibarilə məişət mahnılarının ən qədim növüdür. Beşik mahnılarına ninnilər, laylalar və oxşamalar daxildir.

Lirik mahnılar isə mahnı janrının ən zəngin və gözəl növüdür. Lirk mahnılar bu janrın həm də ən böyük hissəsini təşkil edir. Saf məhəbbət, sevgilinin gözəlliyinin vəsfi, ayrılıq, intizar, qəm, qüssə və s. hissələr lirik mahnıların məzmununun əsasını təşkil edir.

Lirik mahnı yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsünə çevrilmişdir. Bu mahnıların bəziləri məzmununa görə nikbin, şad ruhda, bəziləri isə qəmli, kədərli ruhdadır. Birincilər üçün geniş melodiya, oynaq ritm, segah ladı səciyyəvidirsə, qəmli, kədərli ruhda olan məhəbbət mahnıları üçün "ah", "vay" kimi nidalar, "Bayatı-Şiraz"ın lad əsası, 6/8 və 3/4 ölçülərinin növbələşməsi və s. xasdır. Birinci qrup mahnılara "Gül oğlan", "Yar bizə qonaq gələcək", "Qoy gülüm gəlsin" və s. ikinci qrupa "Səndən mənə yar olmaz", "Onu demə, zalım yar" və s. mahnılar daxildir. Lirik mahnılar forma etibarilə də daha geniş və mürəkkəbdir. Onlar üçün kuplet forması, həmçinin mürəkkəb iki hissəli və rondo formasına bənzər forma, variantlı təzələnmənin təkrarı, sekventlik və s. xasdır.

Azərbaycan xalqının mahnı yaradıcılığında vacib yeri həm də epik-tarixi və qəhrəmani mahnılar tutur. Hələ qədim dövrlərdən yaranmağa başlamış bu mahnılar ölkənin tarixində baş vermiş hər hansı tarixi hadisəyə və ya xalqın həyatında görkəmli rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır.

Koroğlu haqqında, onun sevgilisi Nigar və mübariz yoldaşları dəlilər, vəfalı atı Qırat haqqında silsilə mahnılar buna misaldır.

Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq İsmayıl, Dəli Alı, Qanadlı Nağı və s. bu kimi qəhrəmanlar haqqında dastan və mahnılar yaranmışdı. Məsələn, "Gedən gəlmədi", "Piyada Koroğlu", "Qaçaq Nəbi" və b. bu cür mahnılardandır.

Rəqslər. Xalq arasında geniş yayılmış, sevimli mahnı janrı ilə bərabər Azərbaycan xalqının milli folklor musiqisinin vacib hissəsini rəqs musiqisi təşkil edir. Xalq rəqsləri Azərbaycan milli instrumental musiqimizin əsasıdır. Rəqslər xalq tərəfindən yaranıb əsrlərdən bəri şifahi halda nəsildən nəslə keçmişdi. Azərbaycan instrumental xalq rəqs musiqisi üçün melodiya zənginliyi, quruluşunun simmetrikliyi, diapozon müxtəlifliyi, tədrici inkişaf, təkrar, variasiya və sekvensiya metodu səciyyəvidir. Rəqslər özünəməxsus lad əsası, metro-ritmik xüsusiyyətləri və rəngarəng formaları ilə seçilirlər. Xalq mahnılarında olduğu kimi rəqslərdə də xalqın hissləri, duyğuları, xasiyyəti, temperamenti əks olunmuşdu.

Xalq rəqsləri arasında qadın rəqsləri özünün lirikliyi, zərifliyi, incəliyi ilə seçilirlər, məsələn: "Vağzalı", "Uzundərə". Elə rəqslər var ki, ancaq qadınlar tərəfindən ifa edilir, "Nəlbəki", "Ceyranı" kimi. Kişi rəqsləri üçün isə coşğun hisslər, cəld ritm, güc, temperament xasdır. Məsələn, "Qaytağı", "Cəngi", "Qazağı", "Xançobanı" və b.

Xalq arasında kollektiv rəqslər də mövcuddur. Onlardan çoxu əmək prosesini və məişət mərasimlərini müşayiət edirlər. Məsələn, "Halay" rəqsləri bu qəbildəndir. "Vağzalı" rəqsi isə adətən toy mərasimini müşayiət edir. Qadınlar və kişilər ilə birgə ifa olunan rəqslərdən "Yordu-yordu" rəqsidir. Qədim kollektiv rəqslərdən isə ən geniş yayılan "Yallı"dır ki, öz kökü və rişaləri ilə çox qədim dövrlərə gedib çıxır.

Muğam. Azərbaycanın musiqi folklorunda mahnı, rəqs musiqisiylə bərabər xalqın şifahi professional ənənələrinin janrları da yaşayıb inkişaf edirdi. Onlardan ən önəmlisi muğamlar idi. Muğamlar Azərbaycanın, eyni zamanda Yaxın və Orta Şərq xalqlarının milli klassik musiqisinin zirvəsi, dərin, mürəkkəb məzmun, ideya, emosional məna daşıyan xalq vokal instrumental kompozisiyanın ən yüksək yaradıcılıq nümunəsidir. Qədim zamanlardan başlayaraq, əsrlər boyu muğamın tədricən inkişafı onun formalaşmasına, kamilləşməsinə səbəb olmuşdu. Şərq klassik musiqisində muğamat, muğam dəstgahı, (yəni siulin tamı, hərfi mənada komplekti), 12 muğamdan - Üşşaq, Nəva, Əbusəlik, Rast, İraq (Əraq), İsfahan, Zirəfkənd, Büzrük (Bozorq), Zəngulə, Rəhavi, Hüseyni, Hicaz, - 24 şöbədən, 48 guşədən, 6 avazdan, rəng və təsniflərdən ibarətdir. Azərbaycan musiqisində muğam termini iki mənada işlənir. Birinci - lad termininin eynidir. Hal-hazırda Azərbaycan xalq musiqisində 7 əsas lad, yaxud muğam: Rast, Şur, Segah, Çahargah, Şüştər, Bayatı-Şiraz, Humayun və əlavə bir sıra muğamlar mövcuddur. İkinci - muğam çox hissəli formaya malik son dərəcə mürəkkəb və maraqlı, yalnız özünəməxsus quruluşa malik musiqi əsəri mənasındadır. Muğamı formasına görə süita-rapsodiya, simfoniya ilə də müqayisə edirlər. Bu əsər özü bir lad, muğam üzərində qurulur və muğamın müəyyən edilmiş ciddi qayda-qanunları çərçivəsində inkişaf edir. Muğam ifaçıları isə xanəndə və onu müşayiət edən sazəndə dəstəsi (üçlük-tar, kamança, dəf) və yaxud solo insturumentalistlər özlərinin yaradıcılıq fantaziyası, bacarığı, istedadından asılı olaraq, əsrlər boyu bu muğam əsərinə müxtəlif dəyişikliklər, yeni çalarlar, xallar, zəngulələr və s. daxil etmişlər. Xanəndələr muğamları məşhur şairlərin - Xaqani, Nizami, Nəsimi, Füzuli və başqalarının lirik fəlsəfi qəzəlləri üstündə ifa edirlər.

Muğam dəstgahlarında muğamın improvizasiya hissələri dəstgahın dəqiq metroritmik parçaları olan vokal təsnifləri və instrumental rəngləri ilə növbələşir. Azərbaycan muğamlarında başqa xalqların muğamlarından fərqli olaraq improvizə daha çoxdur, daha parlaqdır. Ona görə professional muğam ifaçıları həm də bu muğamların yaradıcısı kimi çıxış edirlər. Azərbaycanın instrumental vokal muğamlarının bir növü də zərbi-muğamlardır. Bura: "Heyratı", "Arazbarı", "Ovşarı", "Mənsuriyyə", "Simai-şəms", "Kərəmi", "Kəsmə-şikəstə", "Qarabağ şikəstəsi" daxildir. Bu muğamların əsas fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, xanəndənin vokal muğam improvizə partiyasının dəqiq metroritmik müşayiəti olur. Özü də müşayiətdə, sazəndələr triosunda əsas yer "dəf"ə və ya "dəf" ilə "nağara"ya verilir. Ölçü çox vaxt iki vurğulu olur. Zərbi muğamların vokal partiyası üçün yuxarı registrdə başlayan zəngin ornamentli melodiya xasdır.

Aşıq yaradıcılığı. Azərbaycan musiqisinin professional şifahi ənənələrinə, muğamlarla bərabər, aşıqların müsiqi-poetik yaradıcılığı da daxildir. Aşıq-eşq sözündədir, yəni sənətə vurğunluq mənasındadır. Termin kimi təxminən XIV əsrdə yaranmışdı. Hələ qədim dövrlərdə meydana gəlmiş aşıq sənəti xalqın istək və arzularının tərənnümçüsü olduğu üçün xalq arasında çox sevimli və məşhur idi.

Öz əsası etibarilə demokratik mahiyyət daşıyan aşıq yaradıcılığının, məzmunu çox genişdir, müxtəlifdir və rəngarəngdir. Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, tərənnüm edən mahnılar, satirik və yumoristik və həm də dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir həm də oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır. Saz qədim Azərbaycan dartımlı simli musiqi alətidir. Alətin gözəl tembrinə görə sazı şairlər həmişə vəsf etmişlər. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı dastandır, xüsusilə də qəramani-epik dastanlar. Dastanlarda vokal-instrumental hissələr şerlə danışıq parçalarını əvəz edir.

XVI əsrin xalq qəhramanı, feodallara və xarici işğalçılara qarşı çıxmış cəsur, igid Koroğlu haqqında dastan məşhurdur. Bu dastanda "Koroğlu cəngisi", "Atlı Koroğlu", "Piyada Koroğlu", "Koroğlu" və b. aşıq mahnılarında Koroğlunun qəhramanlığı vəsf edilirdi. "Misri" mahnısı da qəhramani xasiyyət daşıyaraq aşıqların xüsusilə deyişməsi vaxtı ifa edilir. Deyişmədə iki, üç, hətta dörd aşıq iştirak edib, müəyyən mövzuda iprovizə edə bilərlər.

Aşıq yaradıcılığının lirik janrında tərifləmələr, "gözəlləmə"lər xüsusilə məşhurdur. Bu "gözəlləmə"lər həm sevimli, gözəl qadına, həm də qəhrəmana, məsələn, igid Koroğluya, onun əfsanəvi Qıratına həsr oluna bilər. Aşıqların mahnılarının bir hissəsi qəm, kədərlə doludur, "Yanıq Kərəmi", "Dilqəmi" kimi, digər hissəsi isə "Əfşarı", "Şərili" kimi oynaq hərarətli mahnılardır ki, aşıq lirikasının gözəl nümunələrinə aiddir.

Aşıq yaradıcılığında nəsihatəmiz mahnılardan ibarət ustadnamə janrı da maraqlıdır.

Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı,onun poetik formaları olan gəraylı, divani, qoşma, təcnis aşıqların sevimli formalarıdır. Bu formalar dastanlara da daxil ola bilərlər.

Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq mahnılarının çoxunun quruluşu kuplet formasındadır. Hər kupletin əvvəlində instrumental giriş olur və hər kuplet bir-birindən instrumental solo ilə ayrılır.

Azərbaycan aşıqları müəyyən zonalara bölünmüşlər və bir-birindən öz yerli yaradıcılıq xüsusiyyətlərinə görə ayrılırlar. Məsələn, Göyçə, Gəncə, Kəlbəcər, Qazax, Tovuz, Borçalı, Şirvan, Səlyan aşıqları öz fərdi sənətkarlıqları ilə seçilirlər və aşıq sənətinin ənənələrini böyük əzmlə qoruyub saxlayırlar.

Qədim dövrlərdə və orta əsrlərdə aşıqlara "ozan", "varsaq", "dədə" deyirdilər.

Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə, vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan "Kitabi Dədə Qorqud" xalq dastanıdır.

1300 il öncə Dədəmiz Qorqud elimizdə, evimizdə əmin-amanlığın olmasını, ozanların çalışıb oxumasını arzulamışdı. Ona görə ki, ozan hər şeydən agah olan "ər comərdini, ər nakəsini" bilən müdrik ağsaqqaldı. Dədə Qorqud özü məhz belə ozan idi. Oğuz ozanlarının əsas musiqi aləti qopuz idi və mifoloji rəvayətlərə görə bu aləti icad edən və onun gözəl ifaçısı də Dədə Qorqud olub.

Tarixən, illər, əsrlər boyu Azərbaycanın ozan-aşıq musiqisinin musiqi folklorumuzun digər sahələrinə, növlərinə və sonralar da müasir dövrdə bəstəkarlarımızın yaradıcılığına təsiri böyük olmuşdu. İlk dəfə aşıq musiqisinin təkrarsız xüsusiyyətlərindən böyük profesionallıq və bacarıqla istifadə edən bəstəkarımız Ü.Hacıbəyov olmuşdu (özünün şah əsəri olan "Koroğlu" operasında). Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini ustalıqla birləşdirən digər bəstəkarımız Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların gözəl vəhdətini yarada bilmişdir.
yuxarı