ERMƏNİSTAN RESPUBLİKASININ AZƏRBAYCAN RESPUBLİKASINA QARŞI TƏCAVÜZÜ

Tamamilə aydındır ki, Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə Ermənistan Respublikasının ona qarşı ərazi iddiası səbəbindən yaranmış və genişmiqyaslı hərbi təcavüzlə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsidir. Buna görə də dövlətin apardığı xarici siyasət məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və erməni hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılması məsələsinə xüsusi diqqət yetirməkdədir.

Məlum həqiqətdir ki, bugünkü Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Əsası XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Sonralar isə sovet dövründə əzəli Azərbaycan torpaqları hesabına orada əsrlər boyu yaşamış azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması yolu ilə indiki Ermənistan Respublikasının sələfi olan Ermənistan SSR yaradılmış və Azərbaycan SSR-in tərkibində onun Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olunmuşdur.

1987-ci ilin axırlarından o vaxt üçün son olaraq Ermənistan SSR-də qalan 250 minə qədər Azərbaycan əhalisinin planlaşdırılmış qovulmasının başlanması ilə Ermənistan-Azərbaycan münaqişəsinin müasir mərhələsinə təkan verilmişdir. 1988-ci ilin 20 fevral tarixində isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Şurasının sessiyasında erməni nümayəndələrinin qəbul etdiyi "DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi barədə Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət haqqında" qərarı və 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in Ali Sovetinin indiyəcən ləğv edilməmiş "Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında" qətnaməsi qəbul edilmişdir. DQMV Vilayət Şurasının erməni nümayəndələri və Ermənistan SSR-in atdığı bu addımlar bütün qanun çərçivələrinin birmənalı və kobud şəkildə pozulması deməkdir və nə onların qəbul edilməsi zamanı mövcud olmuş SSRİ Konstitusiyası, nə də hər hansı beynəlxalq normasına uyğun gəlir. Bu qərarlar yalnız və yalnız erməni tərəfinin təcavüzü hüquqi baxımdan rəsmiləşdirmək cəhdləri kimi qiymətləndirilməlidir. Belə qanunsuz davranışa cavab olaraq, Azərbaycan Respublikası tamamilə əsaslandırılmış şəkildə öz suveren hüququndan istifadə edərək, 26 noyabr 1991-ci il tarixində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" qanun qəbul etmişdir.

1992-1994-cü illərdə daha da gərginləşən hazırkı Ermənistan-Azərbaycan münaqişəsi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi təcavüzü formasını almışdır. Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş işğalı xüsusi qəddarlıqla seçilən faciə kimi XX əsrin bəşəriyyətə qarşı cinayətlərinin qara siyahısına daxil olmuşdur ki, orada qoca, qadın və uşaq da daxil olmaqla, 613 dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir.

Bunun ardınca 1992-93-cü illər ərzində Ermənistanın xaricdən dəstəklənən silahlı qüvvələri Azərbaycan ərazisinin beşdən birini təşkil edən Şuşa, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları bütövlükdə, Ağdamın rayon mərkəzi daxil olmaqla əksər hissəsi, Füzulinin rayon mərkəzi daxil olmaqla bir qismi və keçmiş DQMV-nin payına düşən indiki Tərtər rayonunun bir hissəsini həmin ərazilərdə yerləşən 890 yaşayış məntəqəsilə birlikdə işğal edərək, oradakı bütün Azərbaycan əhalisini doğma yurd-yuvasından didərgin salmışdır. Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, təqribən 20 min nəfər həlak olmuş, 50 min yaralanmış, yaxud əlil olmuş, 5 min itkin düşmüş, Azərbaycanın Naxçıvan diyarı isə Ermənistan Respublikası tərəfindən tətbiq edilmiş blokadaya məruz qalmışdır.

1994-cü il mayın 12-dən Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri arasında atəşkəs rejimi əldə olunmuşdur.

Bu problem Azərbaycan tərəfindən qəti şəkildə qaldırıldığı və bütün bölgənin təhlükəsizliyinə ciddi təhdidlər törətdiyi üçün beynəlxalq ictimaiyyətin diqqətindən də kənarda qalmamışdır. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələrin hər biri Azərbaycana qarşı erməni təcavüzünün növbəti mərhələsindən sonra qəbul olunmuşdur. Təhlükəsizlik Şurası birmənalı şəkildə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəkləmiş, Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu dönə-dönə vurğulamış və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz tamamilə çıxarılması və didərgin düşmüş əhalinin öz yerlərinə qaytarılması üçün şəraitin yaradılması barədə ciddi tələb irəli sürmüşdür.

Lakin bu tələblərə baxmayaraq, Azərbaycanın əraziləri nəinki işğal altında qalmaqda davam edir, hətta bütün beynəlxalq hüquq normalara zidd olaraq, orada son zamanlar müxtəlif növdən olan qeyri-qanuni fəaliyyət aparılması meylləri güclənməkdədir. İlk növbədə, bu, gəlmə ermənilərin məskunlaşması ilə bağlıdır. Böyük narahatçılıq doğuran yaranmış vəziyyətlə əlaqədar, Azərbaycan tərəfinin təşəbbüsü ilə BMT Baş Assambleyası 2004-cü ildə baş tutmuş 59-cu sessiyasının gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bəndin daxil edilməsi haqqında qərar qəbul etmiş və məsələ üzrə müvafiq müzakirələr keçirilmişdir. Eyni zamanda Azərbaycan tərəfinin müraciəti əsasında Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma praktikasını təstiq edən faktlardan ibarət sənəd BMT sənədi kimi yayımlanmışdır.

1992-ci ildə ATƏM-in Nazirlər Şurası Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏM-in prinsipləri, öhdəlikləri və şərtləri əsasında böhranın sülh yolu ilə həll edilməsinə yönəldilmiş Minsk konfransının (onun işçi formatı, faktiki olaraq, Minsk qrupu ilə təmsil olunur) çağırılması haqqında qərar qəbul etməklə, Minsk prosesinə başlamışdır. 1994-cü ildə keçirilən Budapeşt zirvə toplantısında Minsk prosesinin həmsədrlik institutu təsis olunmuşdur (1997-ci ildən etibarən, o, ABŞ, Rusiya və Fransa üçlüyü ilə təmsil olunur). 1996-cı ildə ATƏT-in Lissabon sammitində təşkilatın fəaliyyətdə olan sədri münaqişənin həlli üçün əsas olan aşağıdakı prinsipləri bəyan etmişdir:

  • Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

  • Dağlıq Qarabağın ona Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə dərəcəsi verən öz müqəddəratını təyinetmə prinsipinə əsaslanan sazişdə müəyyən olunmuş hüquqi statusu;

  • Nizamlamanın müddəalarını bütün tərəflərin yerinə yetirməsinin təmin edilməsi məqsədilə qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə zəmanət.

    Lissabon sammitindən sonra 1997-ci ildə Minsk qrupu çərçivəsində danışıqlar dondurulmuş və həmsədrlərin bölgəyə səfərlərilə əvəz olunmuşdur. Bu səfərlər nəticəsində həmsədrlər tərəfindən 1997-98-ci illər ərzində münaqişənin həllinə dair üç təklif irəli sürülmüşdür. Onlardan birincisi münaqişənin dayandırılması və Dağlıq Qarabağın statusu haqda sazişlərdən ibarət hərtərəfli sazişin layihəsi idi. Azərbaycanın qeyd olunan sənədlərin mahiyyətilə bağlı konstruktiv məsləhətlərə başlamağa hazır olmasına baxmayaraq, Ermənistan bu "paket" təklifini qəti şəkildə rədd etdi.

    Həmsədrlərin ikinci təklifi münaqişənin mərhələli həllini nəzərdə tuturdu: əvvəl keçmiş DQMV-nin əraziləri və onları Ermənistanla birləşdirən Laçın dəhlizindən başqa bütün işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və oradan didərgin düşmüş əhalinin doğma yurd-yuvalarına qayıtması, sonralar isə ikinci mərhələdə Laçın və Şuşa məsələlərinin həlli və Dağlıq Qarabağın statusunun əsas prinsiplərinin qəbul edilməsi. 1997-ci il oktyabrın 10-da Azərbaycan və Ermənistan prezidentləri Strasburqda verdikləri birgə bəyanatda həmsədrlərin bu təklifinin danışıqların bərpa edilməsi üçün ümidverici əsas olduğunu təsdiqlədilər. Lakin 1998-ci ilin fevralında Ermənistan Respublikasının Prezidenti L.Ter-Petrosyan bu təkliflə razılaşdığına görə təzyiqlərə məruz qalaraq, istefaya çıxmağa məcbur oldu və məsələdə sərt mövqe tutan R.Köçəryanla əvəz olundu və beləliklə də, Ermənistan tərəfinin əvvəl verilmiş razılığı rəsmən geri götürüldü.

    Həmsədrlərin 1998-ci ilin axırlarında irəli sürülmüş üçüncü təklifi "ümumi dövlət" konsepsiyasına əsaslanıb, Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində respublika formasında dövlət və ərazi vahidi olan Dağlıq Qarabağın Azərbaycanla ümumi dövlət təşkil etməsini nəzərdə tuturdu. Suverenliyini pozduğu üçün, Azərbaycan bu təklifi rədd etdi. Həmin vaxtdan yeni təkliflər irəli sürülməyib. Bundan sonra Minsk prosesi, faktiki olaraq, iflic vəziyyətinə düşdü.

    Danışıqlar prosesinə əlavə təkan vermək məqsədilə, 1999-cu ildən etibarən Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə nail olmaq üçün prezidentlər, onların xüsusi nümayəndələri və xarici işlər nazirləri səviyyəsində birbaşa dialoqa başlanılmışdır. Hal-hazırda "Praqa prosesi" adlandırılan və xarici işlər nazirləri səviyyəsində aparılan bu dialoq sayəsində münaqişənin həllinə dair müəyyən məsələlərlə bağlı bəzi ümidverici ilkin nəticələr əldə edilmişdir. Əldə olunmuş həmin irəliləyiş ATƏT-in 2004-cü ildə Sofiyada keçirilmiş xarici işlər nazirlərinin toplantısında dəstəklənmiş və ATƏT-in Xarici İşlər Nazirləri Şurasında buna dair xüsusi bəyanət qəbul edilmişdir.

    Davam edən danışıqlar prosesində Azərbaycan Respublikasının tutduğu prinsipial mövqe özünün ərazi bütövlüyünün bərpa edilməsindən və bu yolda heç bir güzəştə gedilməməsindən ibarətdir.

    Ermənistan-Azərbaycan münaqişənin belə ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə söykənən əsasda çözülməsi Cənubi Qafqazın gələcəyi baxımından müstəsna əhəmiyyət kəsb edir, çünki yalnız bu başlıca şərtin yerinə yetiriləcəyi təqdirdə, regional əməkdaşlıq və bölgənin çoxşaxəli perspektiv imkanlarından bəhrələnməyə yol açıla bilər.
    yuxarı