MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ


  • Təhlükəsizlik orqanlarının tarixi
  • Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri
  • "Nazirliyinin əsasnaməsi"ndən çıxarış
  • Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasi
  • Nazirliyin yerləşdiyi ünvan


    Azərbaycan təhlükəsizlik orqanlarının tarixi

    Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü.

    1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli, eyni zamanda, mürəkkəb və ziddiyyətli dövrlərindən biri hesab olunur. Sovet hakimiyyəti illərində Azərbaycan tarixinin müvafiq zaman kəsiyi ümumiyyətlə öyrənilmədiyindən, xüsusi xidmət orqanlarının tarixi də diqqətdən kənarda qalmışdır.

    Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı. Azərbaycan Demokratik Respublikasının təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürmüş və bölmə (Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi) halında bu işin öhdəsindən bacarıqla gələ bilmişdi. Hazırki Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının varisi hesab olunduğundan, Milli Təhlükəsizlik Nazirliyi də ilk milli xüsusi xidmət orqanının varisi olmaqla əsasını bu bölmədən götürmüşdür.

    Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyi, daxili və xarici vəziyyət ayrıca kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin yaradılması zərurətini doğururdu. Ölkənin xarici müdaxilə təhlükəsi qarşısında qalması hərbi aspektlərə xüsusi diqqət yetirməyi, başlıca məsuliyyəti bu strukturlara tapşırmağı tələb edirdi. 1919-cu il martın 28-də Hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyinin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü. Lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı: "Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz...". Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkünləşdi. Denikinçilərin 1919-cu ilin aprel ayında Dağıstan və Gürcüstana hücumu Azərbaycanın müstəqilliyi üçün də təhlükə doğururdu. Bundan əlavə, daxildə bolşevik və daşnak qüvvələrin Azərbaycanın dövlətçiliyinə qarşı dağıdıcı fəaliyyəti geniş vüsət almaqda idi. Bu təqdirdə, ölkə parlamentinin qərarı ilə iyunun 9-da Vətəni müdafiə sahəsində fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan - Dövlət Müdafiə Komitəsi yaradıldı. Respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyunun 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin günlərdə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı - Əksinqilabla Mübarizə Təşkilatını yaratdı və o, gənc dövlətin müstəqilliyinə, dövlətçiliyinə, ərazi bütövlüyünə əngəl ola biləcək daxili və xarici qüvvələrlə mübarizə aparan bir təşkilat kimi fəaliyyətə başladı. Qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi yaradıldı. İlk əvvəl denikinçilərə qarşı mübarizə aparan Əksinqilabla Mübarizə Təşkilatı sonrakı mərhələdə əsas fəaliyyətini bolşevik təhlükəsinə və şəhərdə təxribatlar törədən ermənilərə qarşı yönəltdi.

    Lakin bolşeviklərin pozuculuq fəaliyyəti nəticəsində respublikada vəziyyətin mürəkkəbləşməsi və müxtəlif parlament cərəyanları və partiyalar arasında siyasi mübarizənin gərginləşməsi nəticəsində 6 mart 1920-ci ildə Əksinqilabla Mübarizə Təşkilatı buraxıldı. 1920-ci il 28 aprel müdaxiləsi ilə Azərbaycanda milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirmək səyləri yarımçıq qaldı. XX əsrdə Azərbaycanın ilk xüsusi xidmət orqanlarının təşəkkülündə Əksinqilabla Mübarizə Təşkilatının rəhbərləri olmuş Məmmədbağır Şeyxzamanlı və Nağı Şeyxzamanlının əvəzsiz xidmətləri xüsusi qeyd edilməlidir.

    İmperiya siyasətini həyata keçirən və Azərbaycanda bolşevik rejiminin gücləndirilməsinə xidmət etməklə bu işdə inzibati alət rolunu oynayan Azərbaycan Fövqəladə Komissiyası, bir qədər sonra isə Azərbaycan Dövlət Siyasi İdarəsi və Xalq Daxili İşlər Komissarlığı 1920-1940-cı illərdə xalqımızın minlərlə nümayəndəsini fiziki və mənəvi terrora məruz qoydu. 1920-ci ilin mayından 1921-ci ilin əvvəllərinədək 40 mindən çox soydaşımız Fövqəladə Komissiya tərəfindən məhv edilmiş, 1934-1938-ci illərdə 27 min 854 nəfər Xalq Daxili İşlər Komissarlığı tərəfindən güllələnmə hökmünə məhkum olunmuşdur. Ümumiyyətlə, 20-50-ci illərdə repressiyaya məruz qalaraq, məhv olunanların sayı 400 mini keçmiş, yarım milyondan çox insan isə ölkədən sürgün edilmişdir. Ruslaşdırma siyasətinə qarşı çıxan Əyyub Xanbudaqov, Novruz Rizayev və başqaları repressiyalara qarşı öz etirazlarını açıq şəkildə bəyan etdiklərinə görə məhz o illərdə məhv edilmişlər. İstiqlaliyyət uğrunda mübarizə aparan Azərbaycanın bir çox say-seçmə övladları - Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Mirzə Bala Məmmədzadə, Rüstəm bəy Şəfibəyov, Əbdülvahab Yurdsevər, Nağı Şeyxzamanlı, Mahmud Səfikürdski və başqaları mühacirətdə yaşamaq məcburiyyəti qarşısında qalmışlar.

    50-ci illərin sonlarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görüldü. Bu proses bilavasitə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1964-cü ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başladı. Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu təsisatlardan əsirgəməmişdir.

    Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabrın 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Qısa müddət ərzində digər millətlərin nümayəndələri nazirliyi və respublikanı tərk etdilər, orqanın ancaq milli kadrlardan komplektləşdirilməsi dövrü başlandı. Lakin dəyişən yalnız təhlükəsizlik orqanının adı və şəxsi heyəti deyildi - ilk növbədə nazirliyin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti idi. Əgər Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı sovet dövlətinin mövcudluğunun və strateji maraqlarının təmin olunmasına yönəlmişdisə - Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Dövlət müstəqilliyinin bərpa olunmasından sonra xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi kəşfiyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytrallaşdırılması baxımından mühüm nailiyyətlər əldə olunmuşdur. Nazirliyin qarşısında həmçinin dövlət sirri təşkil edən məlumatların qorunması - korrupsiya, terrorizm, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsi ilə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi son dərəcə məsul vəzifələr durur. Bu mənada, Milli Təhlükəsizlik Nazirliyi dünyanın onlarla dövlətinin xüsusi xidmət orqanları ilə iki və çoxtərəfli formada əməkdaşlıq edərək, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və digər sahələr üzrə məlumat mübadiləsi aparır. Azərbaycan dövlətinin beynəlxalq antiterror koailisiyasında iştirakında Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Beynəlxalq axtarışda olan terrorçuların saxlanılaraq xarici dövlətlərə ekstradisiya olunması, humanitar örtük altında fəaliyyət gösərtən, lakin əslində müxtəlif terrorçu subyektlərin maraqlarına xidmət edən təşkilatların fəaliyyətinə qadağa qoyulması, terrorçularla əlaqəli müxtəlif bank hesablarının dondurulması və s. bu kimi nəticələrə məhz Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşəkarlığı və gərgin əməyi sayəsində nail olunmuşdur.

    Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Milli Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları, icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları, habelə Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilə və sazişlər təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik, bitərəflik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.

    Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri

    1. Şeyxzamanlı Məmmədbağır Saleh oğlu: 1919 (iyun-avqust)

    2. Şeyxzamanlı Nağı Saleh oğlu: 1919 avqust - 1920 mart

    3. Pankratov Semyon Andreyeviç: 1920 (may-iyun)

    4. Əliyev Baba Əliyoldaş oğlu: 1920 (iyun-oktyabr)

    5. Xanbudaqov Eyyub Şirin oğlu: 1920 oktyabr - 1921 fevral

    6. Bağırov Mir Cəfər Abbas oğlu: 1921 fevral -1927 may

    7. Rizayev Novruz Kərim oğlu: 1927 may - 1929 oktyabr

    8. Bağırov Mir Cəfər Abbas oğlu: 1929 dekabr - 1930 avqust

    9. Frinovski Mixail Petroviç: 1930 sentyabr - 1933 aprel

    10. Aqrba Aleksey Serqeyeviç: 1933 aprel - 1934 mart

    11. Sumbatov (Topuridze) Yuvelian Davıdoviç: 1934 mart - 1938 yanvar

    12. Rayev-Kaminski Mixail (Yakov) Qriqoryeviç: 1938 (yanvar - noyabr)

    13. Yemelyanov Stepan Fedoroviç: 1939 fevral - 1953 avqust

    14. Quskov Anatoli Mixayloviç: 1953 avqust - 1956 aprel

    15. Kopılov Fyodor İvanoviç: 1956 sentyabr -1959 avqust

    16. Kardaşov Aleksandr Vasilyeviç: 1959 avqust -1963 oktyabr

    17. Sviqun Semyon Kuzmiç: 1963 - 1967

    18. Əliyev Heydər Əlirza oğlu: 1967-1969

    19. Krasilnikov Vitaliy Sergeyeviç: 1969 avqust -1980 iyun

    20. Yusif-zadə Ziya Məmmədiyyə oğlu: 1980-1988

    21. Qorelovski İvan İvanoviç: 1988-1989

    22. Hüseynov Vaqif Əliövsət oğlu: 1989 avqust -1991 sentyabr

    23. Hüseynov İlhüseyn Pirhüseyn oğlu: 1991 sentyabr -1992 may

    24. Təhməzov Fəxrəddin Ayət oğlu: 1992 may -1993 iyun

    25. İmranov Nəriman Şamo oğlu: 1993 iyun -1994 oktyabr

    26. Abbasov Namiq Rəşid oğlu: 1994 oktyabr -2004 iyul

    27. Mahmudov Eldar Əhməd oğlu: 2004 iyul

    Şeyxzamanlı Məmmədbağır Saleh oğlu: 1919 (iyun-avqust)

    1880-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın rəisi təyin olunmuşdur. M.Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində "Müsavat" fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. M.Şeyxzamanlı millət vəkili kimi bir sıra mühüm dövlət məsələlərinin həllində, o cümlədən qanun layihələri və qərarların müzakirəsində yaxından iştirak etmişdir. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, M.Şeyxzamanlı Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, bolşeviklər tərəfindən həbs edilmiş və 1920-ci ilin may ayında güllələnmişdir.

    Şeyxzamanlı Nağı Saleh oğlu: 1919 avqust - 1920 mart

    1883-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş, əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan "Difai", 1917-ci ildən isə Nəsibbəy Yusifbəyli tərəfindən təsis edilən "Türk Ədəmi-Mərkəziyyət" partiyasının üzvü olmuşdur. 1917-ci ilin may ayında "Müsəlman demokratik müsavat" partiyası ilə birləşərək "Müsavat" adını almış həmin partiyanın üzvü kimi Nağı Şeyxzamanlı ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. N.Şeyxzamanlı 1919-cu ilin avqust ayında "Əksinqilab ilə mübarizə təşkilatının" rəisi təyin edilmiş (qardaşı Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verdikdən sonra) və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərmişdir. 1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşamışdır. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr edilmişdir. Həmin əsərlərini Keykurun imzası ilə yazan N.Şeyxzamanlının İstanbulda 1957-ci ildə "Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev", 1963-cü ildə "Dərdləşmə" və 1964-cü ildə "Azərbaycan istiqlal mücadiləsi xatirləri" adlı kitabları çapdan çıxmışdır. N.Şeyxzamanlının sonuncu iki kitabında toplanmış əsərləri 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təkrar nəşr edilmişdir. O, 1967-ci ildə ABŞ-da vəfat etmişdir

    Pankratov Semyon Andreyeviç: 1920 (may-iyun)

    S.Pankratov 1920-ci il aprel ayının 27-də Azərbaycanı işğal etmək məqsədilə şimal sərhədlərindən ölkə ərazisinə soxulan Rusiyanın XI Qırmızı ordusunun Xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlərindən 1920-ci ilin iyun ayına qədər isə Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuşdur. Azərbaycanda ilk kütləvi qırğınların, milli hökumət üzvlərinə sui-qəsdlərin və repressiyaların təşkilatçılarından biri kimi tanınır.

    Əliyev Baba Əliyoldaş oğlu: 1920 (iyun-oktyabr)

    1877-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. İbtidai təhsil alıb. 1905-ci ildən Rusiya Kommunist Partiyasına üzv qəbul edilmişdir. 1905-1907-ci illərdə Balaxanı-Sabunçu fəhlə rayonunda "Hümmət" təşkilatının, tətil və nümayişlərin təşkilatçısı olmuşdur. 1910-cu ildə partiyanın tapşırığına əsasən İran inqilabına (milli-azadlıq hərəkatına) kömək məqsədilə bu ölkəyə getmişdir. 1917-1918-ci illərdə Azərbaycanda sovet hakimiyyətinin qurulması üçün mübarizə aparan Baba Əliyev Bakı kommunasının süqutundan sonra Həştərxana getmiş və "Hümmət" təşkilatının yerli bürosuna sədr seçilmişdir. Şimali Qafqazda və Dağıstanda sovet hakimiyyətinin qurulmasında iştirak etmişdir. 1920-ci ilin aprelində XI Qırmızı ordunun tərkibində Bakının işğalında iştirak etmiş, 1920-ci ilin iyun ayından həmin ilin oktyabr ayının 19-na qədər Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuşdur. Azərbaycanda sovet hakimiyyəti bərqərar edildikdən sonra B.Əliyev həmçinin, İnqilab Tribunalının sədri, "Azərbaycan" trestinin rəisi, Azərbaycan SSR XKS yanında Yol İnşaatı Komitəsinin və Azərbaycan Qırmızı Aypara Cəmiyyəti MK-nin sədri vəzifələrində çalışmışdır. 1920-ci ilin sentyabrında Bakıda keçirilmiş Şərq xalqlarının I qurultayında iştirak etmişdir. Azərbaycan SSR və ZSFSR MİK-nə üzv seçilmişdir.

    Xanbudaqov Eyyub Şirin oğlu: 1920 oktyabr - 1921 fevral

    1893-cü ildə Gəncə şəhərində bəy ailəsində anadan olmuş və ibtidai təhsilini orada almışdır. Bakı Dənizçilik məktəbini bitirdikdən sonra mülki gəmidə qulluq etmişdir. 1920-ci il oktyabr ayının 19-dan 1921-ci il fevral ayının 19-na qədər Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuşdur. 1921-ci ildə Nəriman Nərimanovun təqdimatı ilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi seçilmişdir. Moskvada Akademiyada təhsilini başa vurduqdan sonra, ZSFSR-ə göndərilən E.Xanbudaqov 1936-cı ilə qədər burada Xalq Yüngül Sənaye Komissarının müavini, Xalq Daxili Ticarət Komissarı işləmişdir. 1936-cı ildə ZSFSR ləğvindən sonra Azərittifaqın rəyasət heyəti sədrinin 1-ci müavini vəzifəsində işləyən E.Xanbudaqov, 1936-cı il dekabrın 19-da millətçilikdə ittiham edilərək Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunmuşdur. 1937-ci ilin 23 iyul tarixində SSRİ XDİK-nın xüsusi iclasında 5 il azadlıqdan məhrum edilən E.Xanbudaqov SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının səyyar iclasının 12 oktyabr 1937-ci il tarixli qərarı ilə ölüm hökmünə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin 1957-ci il 26 dekabr tarixli qərarına əsasən E.Xanbudaqova bəraət verilmişdir

    Bağırov Mir Cəfər Abbas oğlu: 1921 fevral -1927 may; 1929 dekabr - 1930 avqust

    1895-ci il sentyabr ayının 17-də Bakı quberniyasının Quba şəhərində anadan olmuşdur. Quba şəhərində 4 sinif, Petrovsk şəhərində 2 illik pedaqoji kurs bitirmiş, 1915-1917-ci illərdə kənd müəllimi işləmişdir. 1917-ci ildə Rusiyada fevral inqilabının əvvəllərindən bir sıra rəhbər vəzifələrdə çalışmışdır. 1918-ci ildən 1921-ci ilədək Qızıl orduda müxtəlif siyasi rəhbər vəzifələrdə - alay komandiri, Azərbaycan diviziyasının hərbi komissarı, Rusiya hərbi dairəsi Qafqaz Korpusunun təlimatçısı, Azərbaycan diviziyası inqilab tribunasının və səyyar sessiyasının sədri işləmişdir. 1921-ci il fevralın 21-dən 1927-ci il mayın 22-nə qədər və 1929-cu il dekabrın 7-dən 1930-cu il avqustun 6-na qədər Azərbaycanda təhlükəsizlik orqanlarına rəhbərlik etmiş, 1927-1929-cu illərdə Zaqafqaziya Su Təchizatı İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1932-ci ildə Azərbaycan SSR XKS-nin sədri, 1933-cü ildən 1953-cü ilə qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. 1953-cü ildə Azərbaycan Kommunist Partiyası MK-nin Bürosu onu Nazirlər Sovetinin sədri vəzifəsinə təsdiq etmiş, qısa müddət müvafiq vəzifədə çalışdıqdan sonra, respublikadan xaricə təsərrüfat xarakterli işə göndərilmişdir. 1954-cü ildə M.C.Bağırov həbs olunmuş və 1956-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən güllələnmə cəzasına məhkum edilmişdir

    Rizayev Novruz Kərim oğlu: 1927 may - 1929 oktyabr

    1886-cı ildə Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. N.Rizayev fəhlə kimi əmək fəaliyyətinə başlayaraq, xalq komissarı vəzifəsinədək yüksəlmişdir. Partiya işçisi kimi müxtəlif vəzifələrdə çalışdıqdan sonra, 1927-ci il mayın 22-dən 1929-cu ilin oktyabrına qədər Azərbaycan Dövlət Siyasi İdarəsinə rəhbərlik etmiş, bu vəzifədə çalışdığı müddətdə müvafiq orqanda özünü büruzə verən nöqsanları kəskin şəkildə pisləmiş və onların aradan qaldırılması üçün səy göstərmişdir. 1929-cu ildə Azərbaycan Dövlət Siyasi İdarəsinin sədrliyindən azad edildikdən sonra bir sıra vəzifələrdə çalışan N.Rizayev 1937-ci il oktyabrın 31-də Alma-Ata şəhərində Azərbaycan SSR XDİK-in qərarı ilə həbs edilərək Bakıya gətirilmişdir. 1939-cu il avqustun 2-də Qazaxıstan SSR XDİK qoşunlarının Hərbi tribunalının məhkəməsinin qərarına əsasən bəraət almasına baxmayaraq, 1940-cı il yanvarın 5-də saxtalaşdırılmış sənədlər əsasında təkrar həbs olunmuş və SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə 1941-ci il iyunun 30-da ölüm cəzasına məhkum edilmişdir. 1955-ci il martın 19-da N.Rizayev SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Sərəncamı ilə bəraət almışdır

    Frinovski Mixail Petroviç: 1930 sentyabr - 1933 aprel

    1898-ci ildə Penza quberniyasının (indiki Rusiya Federasiyası) Narovçat şəhərində müəllim ailəsində anadan olmuşdur. Milliyyətcə rusdur. İbtidai təhsilli, 1918-ci ildən ÜK(b)P-nin üzvü olan M.Frinovski Qırmızı qvardiya qrupuna başçılıq etmiş, həmkarlar ittifaqında çalışmışdır. 1919-cu ildə Kommunist Partiyasının xətti ilə Moskva Fövqəladə Komissiyasının Xüsusi şöbəsinin sərəncamına göndərilmiş, burada Fəal hissə rəisinin köməkçisi olmuşdur. Həmin il "Milli mərkəz" hərbi əməliyyatında, anarxistlərin həbs edilməsində və zərərsizləşdirilməsində yaxından iştirak etmişdir. Daha sonra Ukraynaya ezam olunaraq Belqorod və Kiyev şəhərlərində Fövqəladə Komissiyanın Xüsusi şöbəsinin sədri vəzifələrində çalışmış, Kiyev Fövqəladə Komissiyası Kollegiyasının üzvü olmuşdur. Sonrakı dövrlərdə o, Qalisiya ordusunun Xüsusi şöbəsinin sədri, Cənub-Qərb cəbhəsinin Xüsusi şöbəsinin Fəal hissəsinin sədri, Birinci Süvari ordusunun Xüsusi şöbəsinin sədr müavini vəzifələrində işləmişdir. 1920-ci ilin dekabrında M.Frinovski Xarkova geri çağırılaraq Pupçerezvıçkomun Xüsusi şöbəsinin sədr müavini təyin edilir. M.Frinovski 1921-ci ildə Tyütyunikovskinin dəstəsinin zərərsizləşdirilməsi üzrə səhra qərargahına göndərilmiş, 1922-ci ilin mayından ümumi-inzibati hissənin sədri vəzifəsini icra etmiş, DSİ-nin səlahiyyətli nümayəndəsinin idarəçiliyinin katibi olmuş və bir sıra hərbi əməliyyatlarda, o cümlədən 1922-ci ilin sentyabrında "Xolodnaya Yara" atamanlarına qarşı və 1925-ci ildə İnquşetiyada milli azadlıq hərəkatının yatırılmasında fəal iştirak etmişdir. 1930-cu il sentyabrın 1-dən 1933-cü il aprelin 3-nə qədər Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri vəzifəsində işləmişdir. Azərbaycanda işlədiyi dövr ərzində sovet hakimiyyətinə qarşı xalq hərəkatlarının zorakılıqla yatırılmasında iştirak etmişdir.

    Aqrba Aleksey Serqeyeviç: 1933 aprel - 1934 mart

    1897-ci ildə Suxumi dairəsinin (indiki Gürcüstan Respublikası) Qudauti məntəqəsinin Lidzava kəndində anadan olmuşdur. A.Aqrba ilk təhsilini kənd və 1907-1911-ci illərdə Novo-Afonski internat məktəblərində aldıqdan sonra, Qudautidə müəllim məktəbini bitirmişdir. 1914-cü ildə Suxumidə pedaqoji kurslara daxil olmuş və 1916-cı ildə xalq müəllimi adını almışdır. 1917-ci ilin yayından fevral inqilabına qədər olan müddətdə Lidzava kənd məktəbində müəllim işləmiş, fevral inqilabı dövründə kənd yığıncağının qərarına əsasən ictimai təhlükəsizlik Komitəsinin sədri seçilmişdir. Oktyabr çevrilişindən sonra o, Lidzava icmasından kənd deputatlarının qəza qurultayına nümayəndə kimi göndərilir. Gürcü menşevikləri Abxaziyaya daxil olduqdan sonra A.Aqrba bolşeviklərlə əlaqələrini gizli şəkildə saxlamış və bir müddət təsərrüfat işlərində çalışmışdır. 1920-ci ildə onun namizədliyi Qudauti qəza milisi sədrinin köməkçisi vəzifəsinə sürülən A.Aqrba bir müddət sonra bolşeviklərlə əlaqəsi aşkarlanması səbəbindən həbs olunmuşdur. Qudauti, Suxumi və Kutaisi həbsxanalarında saxlanılan A.Aqrba Qırmızı ordu tərəfindən azad olunaraq yenidən Abxaziyaya göndərilmişdir. 1921-1922-ci illərdə Abxaziyanın hərbi komissarı, 1923-cü ilin mart ayında daxili işlər xalq komissarı və Abxaziya DSİ-nin sədri vəzifələrində işləyən A.Aqrba eyni zamanda, Abxaziya vilayət komitəsinin və seçki komissiyasının üzvü kimi də fəaliyyət göstərmişdir. 1923-cü ilin oktyabrında A.Aqrba Tiflisə çağırılmış, DSİ orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1929-cu ildə Gürcüstan və Zaqafqaziya DSİ Kollegiyalarının üzvü olmuşdur. Həmin il Azərbaycan DSİ sədrinin müavini vəzifəsinə təyin olunmuş və 1931-ci ilin ortalarına qədər bu vəzifəni icra etmişdir. Müvafiq vəzifədə çalışdığı müddət ərzində A.Aqrba fövqəladə-səlahiyyətli və fövqəladə üçlüyün nümayəndəsi kimi Naxçıvanda və Nuxa-Zaqatala dairələrində sovet hakimiyyətinə qarşı xalq hərəkatlarının zorakılıqla yatırılmasında iştirak etmişdir. 1930-cu ildə A.Aqrba partiyanın qurultayında AK(b)P plenumunun və rəyasət heyətinin üzvü, 1933-cü ildə AK(b)P MK-nin və AK(b)P BK-nin büro üzvü seçilmişdir. 1933-cü ilin aprel ayından 1934-cü ilin mart ayına qədər Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri olmuşdur

    Sumbatov (Topuridze) Yuvelian Davıdoviç: 1934 mart - 1938 yanvar

    1889-cu ilin sentyabrında Kutaisi vilayətinin (indiki Gürcüstən Respublikası) Senak qəzasının Abaşsk rayonunun Kapana kəndində anadan olmuşdur. 1920-ci ildən Azərbaycan Fövqəladə Komissiyasında işə qəbul olmuş və 1927-ci ilə qədər bu orqanda çalışmışdır. 1927-1929-cu illərdə Bakı və Batumi gömrüyündə işləmişdir. 1929-cu ildən yenidən təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirmiş, 1947-ci ilə qədər DSİ, XDİK, DİN sistemlərində işləmişdir. 1933-cü ildə Azərbaycan Dövlət Siyasi İdarəsinə rəis müavini təyin edilmiş, 1934-cü il mart ayının 1-dən 1938-ci il yanvar ayının 7-nə qədər isə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsində çalışmışdır. 1938-1947-ci illərdə Moskvada DİN orqanlarında fəaliyyət göstərmişdir. Təhlükəsizlik orqanlarından ayrıldıqdan sonra 1947-1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. Azərbaycan KP MK-nin və Bakı şəhər Komitəsinin 18 iyul 1953-cü il tarixli birgə plenumunun iclasında Azərbaycan KP MK-nin üzvlüyündən və Kommunist Partiyası sıralarından xaric edilmiş, Nazirlər Soveti sədrinin müavinliyindən çıxarılmışdır. Azərbaycanda təhlükəsizlik orqanlarında fəaliyyət göstərdiyi dövrdə Azərbaycan xalqına qarşı repressiyaların əsas təşkilatçılarından və icraçılarından olmuşdur.

    Rayev-Kaminski Mixail (Yakov) Qriqoryeviç: 1938 (yanvar - noyabr)

    1894-cü il yanvarın 2-də Kiyev vilayətinin (indiki Ukrayna Respublikası) Çiqirin şəhərində anadan olmuşdur. Milliyyətcə yəhudidir. İbtidai təhsilli olmuşdur. 1938-ci ilin yanvarın 7-dən noyabrın 11-nə qədər Azərbaycan SSR XDİK-nə rəhbərlik etmişdir.

    Yemelyanov Stepan Fedoroviç: 1939 fevral - 1953 avqust

    1902-ci il dekabrın 13-də Tatarıstan Respublikasının Takanış rayonunun Taşliyar kəndində anadan olmuşdur. Milliyyətcə rusdur. 1915-ci ildə kənd məktəbini bitirdikdən sonra təsərrüfat işləri ilə məşğul olan S.Yemelyanov 1919-1923-cü illərdə texniki məktəbdə təhsil almış, 1925-ci ildə "Azneft"in kislorod-karbit zavodunda işə qəbul olunmuşdur. 1928-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Xalq Komissarlığının məhkəmə aparatında çalışdıqdan sonra Bakı Birləşmiş Məhkəməsində xalq hakimi vəzifəsində işləmişdir. 1931-1936-cı illərdə Bakı Sənaye İnstitutunda təhsil almış, 1939-cu ilin fevralından 1953-cü il avqust ayınadək Azərbaycan SSR təhlükəsizlik orqanlarına rəhbərlik etmişdir. Daha sonra həbs olunmuş, 1956-cı ildə əmlakı müsadirə olunmaqla və cəzasını islah-əmək düşərgələrində çəkməklə 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1970-ci ilin may ayında əfv olunmuşdur

    Quskov Anatoli Mixayloviç: 1953 avqust - 1956 aprel

    8 avqust 1953-cü ildən 26 aprel 1956-cı ilə qədər Azərbaycan SSR Təhlükəsizlik orqanlarına rəhbərlik etmişdir.

    Kopılov Fyodor İvanoviç: 1956 sentyabr -1959 avqust

    F.Kopılov Belorusiyanın Bryansk şəhərinin Bejitski rayonunda anadan olmuşdur. Milliyyətcə rusdur. İxtisasca mühəndis olan F.Kopılov 1932-ci ildə ali təhsilini Leninqrad şəhərində almışdır. 1932-ci ildən Kommunist Partiyasının üzvü olmuşdur. 1956-cı ilin 26 sentyabrından 1959-cu ilin avqust ayına qədər Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmişdir.

    Kardaşov Aleksandr Vasilyeviç: 1959 avqust -1963 oktyabr

    A.Kardaşov 1959-cu ilin avqust ayından 1963-cü ilin 12 oktyabr tarixinə qədər Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışmışdır.

    Sviqun Semyon Kuzmiç: 1963 - 1967

    S.Sviqun 28 sentyabr 1916-cı ildə Ukraynada Vinnitskov vilayətinin Berşad rayonunun Stratievka kəndində anadan olmuşdur. Milliyyətcə ukraynalıdır. 1934-1937-ci illərdə Odessa Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil almışdır. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, 1939-cu ildə təhlükəsizlik orqanlarında xidmətə qəbul edilmişdir. Təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən, 1951-1955-ci illərdə Moldova SSR, 1955-1957-ci illərdə isə Tacikistan SSR DTK sədrinin müavini, 1957-1963-cü illərdə Tacikistan SSR DTK-nın sədri vəzifələrində çalışmışdır. S.Sviqun 1963-cü ilin 21 oktyabrında Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın sədri vəzifəsinə təyin olunmuş, 1967-ci ilə kimi həmin vəzifədə işləmişdir.

    Əliyev Heydər Əlirza oğlu: 1967-1969

    H.Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. 1945-ci ildə leytenant H.Əliyev Bakıda xüsusi ixtisasartırma kurslarını əla qiymətlərlə başa vurub, Naxçıvana qayıdaraq təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirmişdir. 1948-ci ildə baş leytenant H.Əliyev DTK-nın o vaxtkı sədri S.Yemelyanovun əmri ilə Sovet Ordusu və Donanmasının 30 illik yubileyi münasibətilə yubiley medalı ilə təltif edilmişdir. 1949-50-ci illərdə Heydər Əliyev Leninqradda DTK-nın Ali Məktəbində təhsilini əla qiymətlərlə bitirib, Bakı şəhərinə qayıtmışdır. 1956-cı ildə kapitan H.Əliyev Azərbaycan SSR DTK-da şöbə rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Məhz bu dövrdə onun bilavasitə rəhbərliyi və iştirakı ilə "Duel", "Alagöz", "Naturalist" və digər əməliyyat tədbirləri uğurla həyata keçirilmişdir. 1957-ci ildə Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Təhlükəsizlik orqanlarında qüsursuz fəaliyyətinə görə Heydər Əliyev həm Respublika, həm də İttifaq səviyyəsində DTK rəhbərliyi tərəfindən dəfələrlə təltif olunmuşdur. 1964-cü ildə DTK sədrinin müavini vəzifəsinə təyin olunan Heydər Əliyev 1966-cı ildə Moskvada F.E.Dzerjinski adına DTK-nın Ali Məktəbində oxumuş və rəhbər heyət üçün nəzərdə tutulan bu kursları da əla qiymətlərlə başa vurmuşdur. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın sədri vəzifəsinə irəli çəkilmiş, 1969-cu ilə qədər bu vəzifədə çalışmışdır. Azərbaycan təhlükəsizlik orqanlarının milliləşməsi və əsl peşəkarlar nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərmiş Heydər Əliyev bu orqanlarda leytenantdan general-mayor rütbəsinə qədər şərəfli bir yol keçmişdir.

    SSRİ DTK-nın sədri Yuri Andropovun əmri ilə Heydər Əliyev orqanlarda çoxillik qüsursuz fəaliyyətinə görə təşəkkürnamə və qiymətli hədiyyə ilə təltif edilmişdir.

    Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri təyin olunmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Nazirlər Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdikləri qanlı faciəyə və Dağlıq Qarabağda yaranmış münaqişəli vəziyyətə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əliyev 1998-ci il oktyabrın 11-də yenidən, növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

    Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol öz başlanğıcını əslində, 1969-cu ildən - məhz onun hakimiyyətə gəlişindən götürmüşdür. Heydər Əliyev o dövrdəki mövcud ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya gizli formada olsa belə, müxalif qalaraq, Azərbaycanda milli ruhun məhv edilməsinə nəinki yol verməmiş, əksinə onu yüksəltmək yolunda bütün imkanlardan istifadə etməyi bacarmışdır. O illərdə milli ideyanın çatışmazlığı səbəbindən həm iqtisadi, həm də mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırılmışdır. Onun yorulmaz fəaliyyətinin nəticəsində 1970-1985-ci illər - baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədə islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında ən parlaq səhifələri təşkil etmişdir.

    Heydər Əliyevin Azərbaycanın öz dövlət müstəqilliyini bərpasından sonra ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlanılmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilmişdir.

    Ölkə daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

    Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.

    Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabr ayının 12-də, ömrünün 81-ci ilində vəfat etmişdir.

    Krasilnikov Vitaliy Sergeyeviç: 1969 avqust -1980 iyun

    V.Krasilnikov 1920-ci ildə Qorkov vilayətinin indiki Varnavinsk rayonunun Varnavino kəndində qulluqçu ailəsində anadan olmuşdur. Milliyətcə rusdur. Ali təhsillidir. Qorkov adına Su Nəqliyyatı Mühəndislər İnstitutunu bitirmiş, sonra Qorkov hərbi tank məktəbinin müdavimi olmuşdur. 1952-1954-cü illərdə SSRİ DTK-nın Ali Məktəbinin rəhbər heyəti hazırlıq kurslarında oxumuşdur. Kursları bitirdikdən sonra təhlükəsizlik orqanlarında xidmətini davam etdirən V.Krasilnikov 1967-ci ildə Azərbaycan SSR DTK-nın sədr müavini, 1969-cu ildə isə sədri vəzifəsinə təyin edilmişdir. V.Krasilnikov 1980-cı il iyunun 18-də başqa işə keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilmişdir

    Yusifzadə Ziya Məmmədiyyə oğlu: 1980-1988

    1929-cu ildə Şəki şəhərində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi bitirdikdən sonra, bir müddət Zaqatala şəhərində pedaqoji fəaliyyətlə məşğul olmuş, 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu "ingilis dili müəllimi" ixtisası üzrə bitirmişdir. 1956-cı ildə Azərbaycan SSR DTK-ya həqiqi hərbi xidmətə qəbul olunmuşdur. DTK-da fəaliyyət göstərdiyi müddətdə müxtəlif orden və döş nişanları ilə təltif olunmuşdur. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi almışdır. 1980-1988-ci illərdə Azərbaycan SSR DTK-nın sədri vəzifəsində çalışmışdır. 28 iyun 1999-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 mart 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir

    Qorelovski İvan İvanoviç: 1988-1989

    1988-1989-cu illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışmışdır

    Hüseynov Vaqif Əliövsət: 1989 avqust -1991 sentyabr

    V.Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1961-1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda - "Sport", "Molodyoj Azerbaydjana" "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən televiziyada fəaliyyət göstərmiş, Kommunist Partiyasının fəallarından olmuş, müxtəlif dövlət hakimiyyəti vəzifələrində çalışmışdır. Azərbaycan SSR KP-nın Bakı ŞK-nin Birinci katibi, Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. 16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR DTK-nın sədri vəzifəsində işləmişdir. Azərbaycan milli azadlıq hərəkatına qarşı çıxmış, 20 yanvar hadisələri zamanı Moskvanın apardığı siyasət və tədbirlərdə yaxından iştirak etmişdir.

    Hüseynov İlhüseyn Pirhüseyn oğlu: 1991 sentyabr -1992 may

    İ.Hüseynov 1925-ci ildə Bakı şəhəri Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) tarix fakültəsini bitirmişdir. Təhlükəsizlik orqanlarında 1942-ci ilin sentyabr ayından xidmətə başlamışdır. İ.Hüseynov SSRİ DTK-nın Bakı diyarlararası məktəbini bitirmiş, 1952-ci ilin avqust ayından əməliyyat işində rəhbər vəzifədə çalışmışdır. Xidməti dövründə bir sıra dövlət mükafatları - "Qırmızı Bayraq" ordeni, "Döyüş xidmətlərinə görə" medalı və digər 14 medalla, eləcə də "kəşfiyyat xidmətlərinə görə" döş nişanı ilə təltif olunmuşdur. 1991-ci ilin sentyabrından 1992-ci ilin may ayına qədər Azərbaycan SSR DTK-nın sədri vəzifəsində işləmişdir. İ.Hüseynov təhlükəsizlik orqanlarından general-mayor hərbi rütbəsində silahlı qüvvələrin ehtiyatına buraxılmışdır.

    Təhməzov Fəxrəddin Ayət oğlu: 1992 may -1993 iyun

    F.Təhməzov 1951-ci il yanvar ayının 10-da Səlyan rayonunun Qaraçala qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə Əli-Bayramlı şəhərində orta məktəbi, 1973-cü ildə Mirzə Fətəli Axundov adına "Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyat" institutunu bitirdikdən sonra bir müddət Əli-Bayramlı şəhərində orta məktəbdə müəllim işləmişdir. Həqiqi hərbi xidmətə çağırılan F.Təhməzov 1975-ci ildə xidmətini başa vuraraq pedaqoji fəaliyyətini davam etdirmişdir. 1975-1977-ci illərdə SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbində təhsil almış, məktəbi bitirdikdən sonra 1977-ci ilin avqustundan 1990-cı ilin iyununa qədər Azərbaycan Respublikasının DTK-nın mərkəzi aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində fəaliyyət göstərmişdir. 1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına qədər MTN (1991-ci ilin noyabrına qədər DTK) Gəncə şəhər və dəmir yol stansiyası şöbəsinin rəis müavini, 1992-ci ilin yanvar ayından Azərbaycan Respublikasının MTN Bakı şəhər üzrə İdarəsində şöbə rəisi vəzifələrində çalışmışdır. F.Təhməzov 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunmuş və həmin ayın 23-də general-mayor rütbəsi almışdır. F.Təhməzov 1993-cü ilin iyununda tutduğu vəzifədən azad edilmişdir.

    İmranov Nəriman Şamo oğlu: 1993 iyun -1994 oktyabr

    N.İmranov 1944-cü il yanvarın 2-də Basar-keçər rayonunun (indiki Ermənistan Respublikasının) Şişqaya kəndində anadan olmuşdur. 1961-1969-cu illərdə Azərbaycan Pedaqoji institutunda (hazırkı APU) təhsil almışdır. 1975-ci ildə Naxçıvan MR-da komsomolun 1-ci katibi vəzifəsindən SSRİ DTK-nın Ali məktəbinə oxumağa göndərilmişdir. Məktəbi bitirdikdən sonra DTK orqanlarında fəaliyyət göstərmiş, 1986-cı ilin oktyabr ayının 4-də Azərbaycan Respublikası DTK sədrinin müavini təyin edilmişdir. 1988-1993-cü illərdə SSRİ təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1993-cü ilin mart ayında Bakıya qayıtmış və 1993-cü ilin iyul ayının 3-də milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilmişdir. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilmişdir. 1994-cü ilin oktyabr ayının 15-də N.İmranov törətdiyi dövləti cinayətlərə görə həbs edilərək azadlıqdan məhrum olunmuşdur. Daha sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv edilmişdir.

    Abbasov Namiq Rəşid oğlu: 1994 oktyabr -2004 iyul

    N.Abbasov 1940-cı ildə anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1962-1976-cı illərdə "Abşeron" qəzetində rəhbər vəzifədə çalışmışdır. 1970-ci ildən partiya işinə keçmiş, Azərbaycan SSR KP-nin Abşeron RK-nin II katibi vəzifəsində işləmişdir. 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlamışdır. 1979-cu ildə SSRİ DTK-nın Ali Məktəbini bitirmiş, şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR DTK sədrinin müavini kimi vəzifələrdə işləmişdir. 1992-1994-cü illərdə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və birinci müavini olmuşdur. 1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək Milli Təhlükəsizlik Naziri vəzifəsini icra etmiş, 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri vəzifəsində işləmiş, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlmişdir.

    Mahmudov Eldar Əhməd oğlu: 2004 iyul -

    AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ

    1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olmuşdur. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

    1980 - 2004-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışmışdır.

    1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilmişdir.

    1993 - 2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat - Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləmişdir. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

    Mötəbər beynəlxalq qurumların işində, o cümlədən dünyanın bir çox ölkələrində korrupsiyaya, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda, seminarlarda Azərbaycan Respublikasını təmsil etmişdir. Çoxsaylı beynəlxalq hüquqi sənədlərin, o cümlədən Korrupsiya ilə mübarizə haqqında BMT Konvensiyasının hazırlanmasında bilavasitə iştirak etmişdir.

    Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

    Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2004-cü il tarixli 320 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri təyin olunmuş və general-mayor hərbi rütbəsi verilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudova general-leytenant hərbi rütbəsi verilmişdir.

    Ailəlidir, üç övladı var.

    "Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi"ndən çıxarış

    8. Nazirlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada öz səlahiyyətləri daxilində aşağıdakı vəzifələri yerinə yetirir:

    8.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi məqsədi ilə əlverişli şəraitin yaradılması üçün tədbirlər görür;

    8.2. Milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini təşkil edir və həyata keçirir, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparır;

    8.3. Xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına qarşı yönəlmiş niyyətləri, planları və əməlləri barədə məlumatları əldə edir, təhlil edir, milli təhlükəsizliyə real və potensial təhdidləri proqnozlaşdırır;

    8.4. Xarici xüsusi xidmət orqanlarının və təşkilatların, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə tədbirlər görür;

    8.5. Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları ilə mübarizə aparır;

    8.6. Azərbaycan Respublikası Prezidentini və onun tapşırığı ilə müvafiq dövlət orqanlarını milli təhlükəsizliyə olan təhdidlər barədə məlumatlandırır, habelə siyasi, iqtisadi, hərbi, elmi-texniki, ekoloji və milli təhlükəsizliyin təminatı ilə bağlı digər sahələr üzrə zəruri kəşfiyyat məlumatları ilə təmin edir;

    8.7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və onun tərkibindəki qurumların, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidməti və onun tərkibindəki qurumların və qanunvericiliyə uyğun yaradılmış digər hərbi qurumların (bu əsasnamənin məqsədləri üçün bundan sonra - Silahlı Qüvvələr və başqa silahlı birləşmələr) əks-kəşfiyyat təminatını həyata keçirir;

    8.8. Hərbi-sənaye kompleksinin, energetika, nəqliyyat, rabitə və iqtisadiyyatın digər strateji əhəmiyyətli sahələrinin, həmçinin milli təhlükəsizlik baxımından əhəmiyyət kəsb edən elmi-texniki araşdırmaların və onların nəticələrinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər görür;

    8.9. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və digər nümayəndəlikləri əməkdaşlarının və onların ailə üzvlərinin xarici ölkələrdə olma müddətində, dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmış Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə ezamiyyət müddətində təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri hallarda tədbirlər görür;

    8.10. Azərbaycan Respublikasının dövlət orqanlarında, Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə, idarə, müəssisə və təşkilatlarda, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və digər nümayəndəliklərində dövlət sirrinin mühafizəsinin, məxfilik rejiminin, xüsusi rabitə növlərinin və şifrləmə işinin təhlükəsizliyinin təminatında iştirak edir;

    8.11. Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə silahların, hərbi sursatın saxlanma və daşınması qaydalarının pozulması, döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş əməllərin, dövlət əmlakının, o cümlədən silah, sursat, hərbi texnika, partlayıcı, zəhərləyici və radioaktiv maddələrin ələ keçirilməsi, talanması, məhv edilməsi hallarının aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirir;

    8.12. Hərbi obyektlərin mühafizəsi rejiminin, dövlət sirri təşkil edən məlumatların qorunmasına dair tələblərin pozulması və belə pozuntulara səbəb olan hallar, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi sahəsində baş verə biləcək və aşkarlanmış pozuntular, Silahlı Qüvvələrdə və başqa silahlı birləşmələrdə ağır nəticəli fövqəladə hadisələrin baş verməsinə səbəb ola biləcək hallar barədə Silahlı Qüvvələri və başqa silahlı birləşmələri məlumatlarla təmin edir;

    8.13. Xarici xüsusi xidmət orqanlarının texniki kəşfiyyatına qarşı əks tədbirlər həyata keçirir, texniki kəşfiyyat aparır;

    8.14. Milli təhlükəsizlik baxımından əhəmiyyət kəsb edən informasiya texnologiyalarının və proqram təminatlarının mühafizəsi sahəsində kompleks tədbirlər görür;

    8.15. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rabitə ilə təmin olunmasında iştirak edir;

    8.16. Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata alır;

    8.17. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirir;

    8.18. Öz əməkdaşlarının, onların yaxın qohumlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərin, habelə cinayət prosesində iştirak etmiş şəxslərin, onların yaxın qohumlarının təhlükəsizliyini təmin edir;

    8.19. Qaçaqmalçılığa, qeyri-leqal yolla informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və arxeoloji sərvət olan əşyaların qanunsuz dövriyyəsinə qarşı digər dövlət orqanları ilə əlaqədə mübarizə aparır;

    8.20. Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin texniki-təşkilati təminatı sahəsində dövlət orqanları və rabitə müəssisələri ilə qarşılıqlı fəaliyyəti həyata keçirir;

    8.21. Əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətlərinə aid informasiyalar əldə edildiyi təqdirdə zəruri hallarda təxirəsalınmaz tədbirlər keçirməklə həmin orqanları dərhal məlumatlandırır və onlara lazımi kömək göstərir;

    8.22. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin digər subyektləri ilə qarşılıqlı fəaliyyəti həyata keçirir;

    8.23. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqədə Azərbaycan Respublikası dövlət sərhədinin əməliyyat təminatı üzrə tədbirləri həyata keçirir;

    8.24. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əlaqədə Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin diplomatik və digər nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür;

    8.25. Nazirliyin orqanları üçün ixtisaslı kadrlar hazırlayır, hərbi qulluqçuların və işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını və mənəvi-psixoloji hazırlığını təmin edir;

    8.26. Nazirliyin səfərbərlik hazırlığını təşkil və təmin edir;

    8.27. Daxil olan müraciətlərin qeydiyyatı və baxılması, vətəndaşların qəbulu işini təşkil edir;

    8.28. Maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil edir, onların istifadəsinə nəzarət edir, struktur bölmələrin fəaliyyətini yoxlayır və təftişini həyata keçirir;

    8.29. Nazirlikdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda onların ailə üzvlərinin pensiya təminatını həyata keçirir;

    8.30. Nazirliyin hərbi qulluqçularının, işçilərinin, pensiyaçılarının, həmçinin onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər tədbirləri həyata keçirir.

    8.31. Nazirlik qanunvericiliyə müvafiq olaraq digər vəzifələri də yerinə yetirir.

    Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası

    Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli Sərəncamı ilə yaradılmışdır. Akademiya - Milli Təhlükəsizlik Nazirliyi orqanları kadrlarının peşə hazırlığını, yüksək ixtisaslı xüsusi ali təhsilli mütəxəssislərin, eləcə də, Dövlət Sərhəd Xidməti üçün sərhədçi zabitlərin və sərhəd nəzarətçilərinin hazırlanmasını həyata keçirən ali hərbi tədris müəssisəsidir. Akademiyanın nəzdində fəaliyyət göstərən Miqrasiya Məsələləri üzrə Təlim Mərkəzində Dövlət Sərhəd Xidməti, həmçinin, digər nazirlik və komitələr üçün kadrların hazırlanması kursları və seminarlar təşkil edilir. Akademiyada tədris milli təhlükəsizlik orqanlarında və Dövlət Sərhəd Xidmətində uzun illər xidmət etmiş təcrübəli kadrlar və elm xadimləri tərəfindən həyata keçirilir. Bu da kursant və dinləyicilərin gələcək xidməti fəaliyyəti üçün zəruri nəzəri biliklər almasını və xüsusi hazırlığını təmin edir. Eyni zamanda, Akademiyada xüsusi fənlər üzrə mühazirələr oxumaq və praktiki dərslər aparmaq məqsədi ilə MTN-nin rəhbər işçiləri və yüksək ixtisaslı mütəxəssisləri tədris prosesinə cəlb olunurlar. Akademiyanın elmi-tədris fəaliyyətinə nəzəri və praktiki rəhbərliyi Elmi Şura həyata keçirir. Akademiyada bütün ixtisaslar üzrə tədris-metodiki və elmi-tədqiqat işləri aparılır. Gələcəkdə elmi potensialın daha da artırılması, elmi-tədqiqat işlərinin təşkili və istiqamətləndirilməsi üçün aspirantura və doktoranturanın yaradılması nəzərdə tutulur. Akademiya tərəfindən respublikanın əlaqədar nazirlikləri, komitələri, ali təhsil müəssisələri, habelə bir sıra xarici ölkələr və beynəlxalq təşkilatlarla işgüzar əlaqələrə əsaslanan faydalı əməkdaşlıq qurulmuşdur. Elmi-pedaqoji kollektiv tərəfindən hazırlanmış tədris vəsaitlərinin nəşrini təmin etmək üçün müasir poliqrafiya avadanlığı ilə təchiz edilmiş nəşriyyat bazası yaradılmışdır. Akademiyada zəngin kitab fonduna malik xüsusi və ümumi kitabxanalar fəaliyyət göstərir. Dərslər müasir tələblərə cavab verən tədris korpuslarında aparılır. Tədris prosesinin yüksək səviyyədə təmin edilməsi üçün müasir kompüterlər, audio-video texnika, stendlərlə təchiz edilmiş xüsusi auditoriyalar, kabinetlər, kompüter zalları, eləcə də zəruri avadanlıq, habelə trenajorlar quraşdırılmış idman zalları və meydançaları kursant və dinləyicilərin ixtiyarına verilmişdir.

    Akademiyaya qəbul olunmuş kursantlar dövlət təminatına götürülür, hərbi forma, gündəlik yemək və yüksək səviyyədə məişət şəraitinin yaradıldığı yataqxana ilə təmin edilirlər. Kursant və dinləyicilərin iştirakı ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün Akademiyada yüksək səviyyəli tərtibata və müasir audio-video qurğulara malik klub istifadəyə verilmişdir. Akademiyada təhsil alan hər bir kursanta aylıq təqaüd verilir. Təhsildə yüksək müvəffəqiyyət qazanan, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan və Akademiyanın ictimai həyatında fəal iştirak edən əlaçı kursantlar üçün Heydər Əliyev adına təqaüd təsis edilmişdir. Təhsil müddətində kursantlar Milli Təhlükəsizlik Nazirliyi orqanlarında və Dövlət Sərhəd Xidmətinin sərhəd dəstələrində təcrübə keçirlər. Akademiyanı bitirən kursantlara diplom və ilk zabit rütbəsi olan "leytenant" hərbi rütbəsi verilir, ixtisaslarından asılı olaraq onlar respublikanın milli təhlükəsizlik orqanlarına və ya Dövlət Sərhəd Xidmətinə təyinat alırlar.

    Azərbaycan Respublikası Prezidentinin 28 iyun 1999-cü il tarixli Sərəncamı ilə general-leytenant Ziya Məmmədiyyə oğlu Yusif-zadə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının rəisi təyin edilmişdir.

    ÜNVAN:

    Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının ünvanı:

    AZ 1029, Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi, 6.

    Əlaqə telefonu: 493-24-81.

    FAKÜLTƏLƏR

    Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının tərkibinə üç fakültə daxildir:

    - Əməliyyat işçilərinin hazırlanması fakültəsi;

    - Sərhəd qoşunları üçün zabitlərin hazırlanması fakültəsi;

    - Kadrların yenidən hazırlanması və təkmilləşdirilməsi fakültəsi.

    Bu fakültələrdə 14 kafedra, o cümlədən 3 xüsusi təyinatlı kafedra, sərhəd qoşunları taktikası, mühəndis-texniki fənlər, ümumqoşun fənləri, cinayət hüququ, cinayət prosesi və kriminalistika, Konstitusiya hüququ, mülki hüquq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, inzibati idarəetmə, xarici dillər, ictimai-siyasi fənlər, fiziki hazırlıq kafedraları fəaliyyət göstərir.

    QƏBUL QAYDALARI

    Akademiyaya Azərbaycan Respublikasının vətəndaşı olan, peşə seçiminin bütün tələblərinə cavab verən, respublikanın təhlükəsizlik orqanlarında, Sərhəd Qoşunlarında xidmət edən orta və ya orta-ixtisas təhsilli gizirlər (miçmanlar), müddətli və müddətdən artıq xidmət hərbi qulluqçuları, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərin məzunları, həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər, habelə orta məktəb məzunları olan çağırışçılar qəbul oluna bilərlər.

    Akademiyaya qəbul olunmaq üçün aşağıdakı yaş hədləri müəyyən olunur:

  • xidmət müddətindən asılı olmayaraq müddətli, müddətdən artıq xidmət hərbi qulluqçuları, gizirlər (miçmanlar) və hərbi vəzifəlilər - 23 yaşınadək;

  • Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərin məzunları, orta məktəb məzunları olan çağırışçılar - 17 yaşından 21 yaşınadək.

    Akademiyanın Əməliyyat işçilərinin hazırlanması fakültəsinə daxil olmaq istəyən şəxslər qəbul keçirilən il yanvar ayının 10-dək yaşayış yeri üzrə MTN-in müvafiq şəhər-rayon orqanlarına ərizə ilə (hərbi qulluqçular komanda üzrə raportla) müraciət etməlidirlər. Müraciət edən namizədlər müəyyən olunmuş qaydada tibbi yoxlamadan keçdikdən sonra fiziki hazırlıq normativlərini ödəyirlər və onlarla peşə seçimi ilə bağlı Akademiyada Mandat Komissiyası tərəfindən söhbət aparılır.

    Akademiyanın Sərhəd qoşunları fakültəsinə namizədlərin seçimi Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirildiyindən bu fakültəyə qəbul olunmaq istəyən şəxslər həmin orqana müraciət etməlidirlər.

    Peşə seçimini müvəffəqiyyətlə keçmiş namizədlər Akademiyada təhsil almaq üçün seçdikləri ixtisaslara uyğun olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada test üsulu ilə qəbul imtahanları verirlər:

  • Əməliyyat işçilərinin hazırlanması fakültəsinə - III ixtisas qrupu üzrə (ana dili və ədəbiyyatı, tarix, xarici dil, coğrafiya, ümumiləşdirilmiş fənn bloku)

  • Sərhəd qoşunları fakültəsinə - II ixtisas qrupu üzrə (riyaziyyat, coğrafiya, ana dili və ədəbiyyatı, xarici dil, ümumiləşdirilmiş fənn bloku).

    Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya rus dilində verilə bilər, Akademiyada tədris isə Azərbaycan dilində aparılır.

    Nazirliyin yerləşdiyi ünvan

    İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİ

    Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzi

    Ünvan: Bakı şəhəri Parlament prospekti, 2.
    Telefon: 493-76- 22
    Faks: 493-76-22
    E-mail: cpr@mns.gov.az
    İnternet səhifəsi: http://www.mns.gov.az
    yuxarı