AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT NAZİRLİYİ


  • Nazirliyin tarixi
  • Nazirliyin vəzifələri
  • Nazirliyin hüquqları
  • Nazirliyin yerləşdiyi ünvan




    Nazirliyin tarixi

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin (1953-cü ilin may ayında təsis edilmişdir) əsas vəzifəsi qədim və möhtəşəm Azərbaycan mədəniyyətinin və incəsənətinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünya mədəniyyətinə layiqli inteqrasiyası məqsədilə daxili və xarici dövlət mədəniyyət siyasətinin strategiyası və taktiki məsələlərinə dair milli və beynəlxalq proqram, layihə və konkret tədbirlərin hazırlanması və həyata keçirilməsi, bununla bağlı əlaqəli nazirlik və dövlət komitələri, yerli icra hakimiyyətləri, mədəniyyət və incəsənət təşkilatları və müəssisələri, elmi-metodiki mərkəzlər, yaradıcı birliklər, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.

    Dövlət mədəniyyət siyasətinin təminatı, mədəni irsin qorunması, yaradıcılığın dəstəklənməsi və mədəni sənayelərin inkişafı kimi prioritet istiqamətlərin inkişaf etdirilməsi üzrə fəaliyyətini quran Mədəniyyət Nazirliyi:

    - idarəetmə, hüquq, maliyyələşdirmə, elmi-metodiki təminat, insan resursları, maddi-texniki baza və beynəlxalq əməkdaşlıq istiqamətlərində mühüm tədbirlərin görülməsi;

    - daşınmaz tarixi və mədəniyyət abidələrinin qorunması, bərpası və istifadəsi, muzey və kitabxana sistemlərinin modernləşdirilməsi, folklorun qorunması, klub müəssisələrinin, mədəniyyət və istirahət parklarının inkişafı, mədəni turizmin canlandırılması;

    - teatr, musiqi, təsviri sənət sahələrinin daha da inkişaf etdirilməsi;

    - kinonun və kitab nəşrinin dirçəldilməsi kimi vəzifələrin icrası ilə məşğuldur.

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Mədəniyyət Naziri, xalq artisti, professor Polad Bülbüloğlu rəhbərlik edir və onun üç müavini vardır.

    Mədəniyyət Nazirliyinin Aparatında əsas fəaliyyət istiqamətləri üzrə İncəsənət şöbəsi, Mədəniyyət siyasəti şöbəsi, Abidələrin qorunması və istifadəsi şöbəsi, Kino işləri şöbəsi, Nəşriyyat şöbəsi, Kadrlar və mütəxəssislərin hazırlanması şöbəsi, İqtisadiyyat şöbəsi, Beynəlxalq əlaqələr şöbəsi, Mədəniyyət sahəsi üzrə investisiyaların proqnozlaşdırılması, layihələrin idarə olunması şöbəsi, Regionlarla iş üzrə sektor, Kitabxana sektoru, Muzey sektoru, Klub və xalq yaradıcılığı sektoru və həmçinin Maliyyə və uçot şöbəsi, Mətbuat xidməti və Ümumi şöbə çalışır.

    Mədəniyyət Nazirliyi sisteminə Naxçıvan MR Mədəniyyət Nazirliyi, Bakı, Sumqayıt, Gəncə şəhər mədəniyyət idarələri, rayon, şəhər mədəniyyət şöbələri, dövlət və yerli əhəmiyyətli mədəniyyət və incəsənət təşkilatları və müəssisələri (konsert təşkilatları, teatrlar, tarix və mədəniyyət abidələri, kitabxanalar, muzeylər, sərgi salonları, elmi-metodiki mərkəzlər, Xoreoqrafiya, uşaq musiqi və incəsənət məktəbləri, mədəniyyət sarayları və evləri, mədəniyyət və istirahət parkları, kinostudiyalar və kinoteatrlar, nəşriyyatlar) daxildir.

    Nazirliyin vəzifələri

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin vəzifələri aşağıdakılardır:

  • mədəniyyət sahəsində dövlət siyasətini həyata keçirmək;

  • mədəniyyətin inkişafına yönəldilmiş qısa, orta və uzunmüddətli strateji proqramları işləyib hazırlamaq və həyata keçirmək;

  • Azərbaycan mədəniyyətinin və incəsənətinin tərəqqisinin əsas istiqamətlərini müəyyən etmək, Azərbaycan milli mədəniyyəti ilə respublikanın ərazisində yaşayan digər xalqların, habelə dünya xalqlarının mədəniyyətinin bir-birinə yaxınlaşmasına və qarşılıqlı surətdə zənginləşməsinə kömək göstərmək, milli ənənələri yaşatmaq, bunları müasir şəraitdə daha da inkişaf etdirmək;

  • əhalinin mədəni tələbatını daha dolğun şəkildə ödəmək, yüksək estetik zövq formalaşdırmaq üçün humanizm ideyalarını əks etdirən bədii sənət əsərlərinin yaradılmasına hərtərəfli kömək göstərmək;

  • mədəniyyət və incəsənətin müxtəlif sahələrində beynəlxalq standartlara uyğun müasir texnologiyaları mütəmadi surətdə tətbiq etmək;

  • vətəndaşların, xüsusən gənclərin ictimai fəallığını artırmaq, Azərbaycanda yaşayan xalqları mənəvi cəhətdən zənginləşdirmək, respublika əhalisinin asudə vaxtınının mənalı keçməsini təşkil etmək, kütlələri bədii özfəaliyyət və xalq yaradıcılığına cəlb etmək məqsədilə mənəvi, estetik tərbiyə və mədəni-maarif işinin məzmununu, forma və metodlarını təkmilləşdirmək;

  • mədəniyyət və incəsənətin nailiyyətlərindən istifadə edilməsində vətəndaşların konstitusiya hüquqlarını həyata keçirmək, kütlələrin zəngin milli və dünya mədəniyyəti sərvətlərinə cəlb olunması üçün şərait yaratmaq;

  • kinematoqrafiyanın yaradıcı, istehsal, maddi-texniki, informasiya bazasını təmin etmək, kinematoqrafiya kadrlarını hazırlamaq, kino istehsalı sahəsində dövlət siyasətini formalaşdırmaq və onu hayata keçirmək, dövlət sifarişi əsasında çəkilən filmlərin istehsalını, yayımını və onların beynəlxalq kinofestivallarda iştirakını, kinosalnamənin çəkilişini və dövlət film fondunun maliyyələşdirilməsini təmin etmək;

  • kinematoqrafiyanın qorunmasını və inkişafını təmin etmək, filmlərin yayımı və nümayişi üçün şərait yaratmaq, kinofestivallar və təbliğat xarakterli digər tədbirləri həyata keçirmək, uşaq və gənclər üçün filmlərin və debüt filmlərin yaradılmasını təmin etmək;

  • mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq, mədəni, bədii, ictimai-siyasi, elmi, tarixi və praktik əhəmiyyət daşıyan filmlərin, o cümlədən müəyyən səbəblərə görə kütləvi nümayiş etdirilməmiş və ya istehsalı dayandırılmış filmlərin ilkin materiallarının və surətlərinin dövlət film fondunda mühafizəsini təmin etmək;

  • əhəmiyyətli mədəniyyət sərvətlərini qorumaq məqsədilə müəyyən ərazinin (şəhərin, rayonun) mədəniyyət sərvətlərinin mühafizə siyahısını aparmaq, bərpası ilə bağlı problemlərin həllində abidələrin yerləşdiyi ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq etmək;

  • abidələrin siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını həyata keçirmək;

  • abidələrin bərpa layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının rəyini nəzərə almaqla təsdiq etmək, tarix və mədəniyyət abidələrində qeyd olunan işlərin layihəyə uyğun həyata keçirilməsinə nəzarət etmək;

  • dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə inşaat-möhkəmləndirmə, abadlıq, konservasiya, təmir, bərpa, rekonstruksiya işlərinin aparılması üçün qərar, xüsusi mülkiyyətdə olan abidələrdə isə həmin işlərin görülməsi üçün razılıq vermək, abidələrdə qeyd olunan işlərin aparılması üçün onların layihələrini təsdiq etmək;

  • abidələrin təmir-bərpa işləri zamanı zərurət olduqda layihədə aparılan hər hansı dəyişiklikləri razılaşdırmaq, bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və ya onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılmasını qadağan etmək;

  • mülkiyyət formasından asılı olmayaraq tarix, mədəniyyət və memarlıq abidələrinin üzərində mövcud qanunvericiliyə uyğun gəlməyən reklamların, elan və digər lövhələrin yerləşdirilməsinə yol verməmək;

  • xüsusi əhəmiyyət kəsb edən arxeoloji, etnoqrafik, memarlıq, şəhərsalma və digər komplekslərin ərazilərini əlaqədar elmi-tədqiqat müəssisələrinin tövsiyəsi ilə qoruq elan etmək;

  • daşınar və daşınmaz abidələrin alqı-satqısı zamanı qanunvericiliyə müvafiq olaraq onların mülkiyyətçiləri ilə mühafizə müqavilələri bağlamaq;

  • mütəxəssislərin rəyi nəzərə alınmaqla abidələrin təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədilə abidələrin qoruq zonalarını yaratmaq;

  • daşınar abidələrin elmi-tədqiqat və mədəni mübadilə məqsədilə respublikadan kənara aparılmasına icazə vermək, qanunsuz aparılmış abidələrin axtarışını, tapılmasını və geri qaytarılmasını təmin etmək;

  • yeni inşaat sahələrində, mühəndis kommunikasiya magistrallarında arxeoloji abidələr aşkar edilərsə lazımi elmi tədbirlər görülmədən inşaat və təsərrüfat işlərinin aparılmasının qarşısını almaq, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat vermək, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi və icazəsi nəzərə alınmaqla inşaat və təsərrüfat işlərinin davam etdirilməsinə razılıq vermək, həmin işlər aparılan yerdə mütəxəssislərin iştirakını təmin etmək;

  • işğalçı dövlət tərəfindən qənimət kimi ələ keçirilmiş mədəni sərvətlər haqqında beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaq, onların qaytarılması və bərpası üçün tədbirlər görmək;

  • döyüş təhlükəsi olan ərazidə və döyüş zonasında olan daşınar abidələrin köçürülməsini təmin etmək;

  • tarixi şəhərlərin, ərazilərində tarix və mədəniyyət abidələri yerləşən şəhər və digər yaşayış məntəqələrinin baş plan, tikinti-planlaşdırma və yenidənqurma layihələrinə razılıq vermək;

  • yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin digər yerə köçürülməsinə icazə vermək;

  • dövlət mülkiyyətində olan mədəniyyət sərvətlərinin surətlərinin çıxarılmasına, habelə onlardan turizm, ekskursiya və reklam məqsədilə istifadə olunmasına razılıq vermək;

  • xarici ölkələrlə, beynəlxalq təşkilatlarla mədəniyyət, incəsənət və digər sahələrdə əlaqələri inkişaf etdirmək, habelə qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri həyata keçirmək;

  • yeni aşkar olunmuş memarlıq abidələrində tədqiqat işlərinin aparılmasına razılıq vermək.

    Nazirliyin hüquqları

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

  • nazirliyin fəaliyyət sahəsi ilə bağlı normativ hüquqi aktların hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflərlə Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə, müvafiq nazirliklərə müraciət etmək, mədəniyyətin inkişafı ilə əlaqədar analitik materiallar və təkliflər təqdim etmək;

  • mədəniyyət sərvətləri, kino, kitabxana və muzey fondları, abidələrin mühafizəsi, istifadəsi uçotu və bərpasına dair müəyyən edilmiş qaydaların icrasına, habelə mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər qaydalara bütün nazirlik, idarə, müəssisə, təşkilat və vətəndaşlar tərəfindən riayət edilməsinə nəzarət etmək;

  • səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti, bələdiyyə orqanlarından, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada zəruri məlumatlar, arayışlar tələb etmək;

  • nazirliyə tabe olan idarə, müəssisə və təşkilatlar tərəfindən verilmiş qanuna zidd əmrləri ləğv etmək, qanunsuz əmr və təlimatları başqa təşkilatlar verdikdə isə onların ləğv olunması haqqında müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq;

  • tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulmasına görə hüquqi və fiziki şəxsləri inzibati qaydada məsuliyyətə cəlb etmək, lazım gəldikdə onların qanunvericilikdə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etmək;

  • Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətini həyata keçirmək məqsədilə öz səlahiyyəti daxilində yerlərdəki mədəniyyət orqanları, nazirlik sistemindəki idarə, müəssisə və təşkilatlar tərəfindən icrası məcburi olan əmrlər, sərəncamlar, kollegiya qərarları qəbul etmək;

  • sərəncamında olan əmlakdan, o cümlədən daşınmaz dövlət əmlakından öz səlahiyyətini həyata keçirmək məqsədilə qanunvericilikdə müəyyən edilmiş qaydada istifadə etmək və onun barəsində sərəncam vermək;

  • nazirliyin səlahiyyətlərinə aid olan məsələlərin tədqiqi və həlli üçün elmi-tədqiqat işlərinin görülməsi, ekspertiza aparılması və məsləhət xidmətlərinin göstərilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada komissiyalar yaratmaq;

  • qanunvericiliklə ona verilən hüquqlar çərçivəsində mədəniyyət və incəsənətin idarə olunması və inkişafı ilə əlaqədar bütün məsələləri həll etmək;

  • dövlət mülkiyyətində olan mədəniyyət sərvətlərindən istifadə rejimini müəyyən etmək;

  • qoruq sərhədi daxilində və abidələrin mühafizə zonalarında aparılacaq tikinti və təsərrüfat işlərini təqdim olunmuş sənədlərə əsasən razılaşdırmaq;

  • abidəyə yaxın olan və onların mühafizə zonalarından keçən nəqliyyat vasitələrinin hərəkəti abidələrin mühafizə tədbirlərinin həyata keçirilməsinə təhlükə törətdikdə Respublika Daxili İşlər Nazirliyi ilə birlikdə onların hərəkətini məhdudlaşdırmaq və ya dayandırmaq;

  • vətəndaşların məktublarına, ərizə və şikayətlərinə vaxtında və qanunamüvafiq qaydada baxılmasını təşkil etmək, bu məktublarda qaldırılan məsələlərin düzgün həllinə, habelə nazirlik sistemindəki müəssisə, idarə və təşkilatların fəaliyyətində yol verilən nöqsanların aradan qaldırılmasına nail olmağa yönəldilən tədbirlər görmək, mövcud qanunların düzgün tətbiq olunmasını təmin etmək;

  • nazirliyin səlahiyyətinə aid olan məsələlərə dair qanunvericiliyin tətbiq edilməsi təcrübəsini ümumiləşdirmək, onun təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq və onları müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə və Respublika Nazirlər Kabinetinə təqdim etmək.

    Nazirlik qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara da malikdir.

    Nazirliyin yerləşdiyi ünvan

    Nazirliyin ünvanı: Bakı şəhəri Azadıq prospekti 1 (indeks: AZ-1000), Hökumət Evi.
    Əlaqə telefonları: (44 912) 493 30 02, 493 43 98
    İnternet səhifəsi: www.mct.gov.az
    yuxarı