AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ


  • Nazirliyin tarixi
  • Nazirliyin vəzifələri
  • Nazirliyin hüquqları
  • Beynəlxalq əlaqələr
  • Nazirliyin yerləşdiyi ünvan




    Nazirliyin tarixi

    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 10 dekabr tarixli Fərmanı ilə yaradılmışdır.

    Nazirliyin yaradılmasından əvvəl Azərbaycan Respublikası Əmək və Sosial Problemlər üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Sosial Təminat Nazirliyi fəaliyyət göstərmişdir.

    Nazirliyin vəzifələri

    1. Əmək, sosial müdafiə, pensiya təminatı, demoqrafiya və miqrasiya sahəsində dövlət siyasətini hazırlamaq və qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;

    2. əmək qabiliyyətli əhalinin işgüzarlıq və təşəbbüskarlığının artırılması üçün zəruri şərait yaratmaq, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasını təmin etmək;

    3. işsizliyin səviyyəsinin azaldılmasına, əmək bazarında zəif rəqabətli əhali qruplarının, xüsusilə gənclərin, çoxuşaqlı qadınların, qaçqın və məcburi köçkünlərin, əlillərin, şəhid ailəsi üzvlərinin, şərbəstləşdirilmiş işçilərin məşğulluğuna yönəldilmiş siyasəti həyata keçirmək;

    4. müvafiq icra hakimiyyəti orqanları, dövlət və qeyri-dövlət müəssisələri ilə birgə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş tədbirlər hazırlamaq, əmək ehtiyatlarını bazar şəraitinə uyğunlaşdırmaq məqsədilə peşə hazırlığı mexanizmini təkmilləşdirmək;

    5. əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədi ilə təkliflər hazırlayıb müvafiq orqanlara təqdim etmək;

    6. əhalinin aztəminatlı təbəqələrinə dövlət yardımının tənzimlənməsi üzrə təkliflər hazırlamaq, tənha ahıl vətəndaşlara və əlillərə sosial-məişət xidmətini təşkil etmək;

    7. demoqrafiya, əmək və sosial müdafiə məsələləri üzrə elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq sahəsində işləri əlaqələndirmək;

    8. tibbi-sosial ekspertizanı, əlillərin reabilitasiyasını təşkil etmək, əlillərin protez-ortopedik vasitələrlə təmin olunmasına köməklik göstərmək;

    9. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi, əmək şəraiti, əməyin ödənilməsi, əmək münasibətləri, əməyin gigiyenası, əhalinin məşğulluğu, miqrasiya sahəsində qanunvericilik aktlarının icrasının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək.

    Nazirliyin hüquqları:

    1. Ekspertləri, məsləhətçiləri və digər mütəxəssisləri cəlb etməklə, nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə qanun, qərar və digər normativ-hüquqi aktların layihələrini hazırlamaq və yuxarı icra hakimiyyəti orqanlarına təqdim etmək, əmək və əhalinin sosial müdafiəsinə dair qanunvericiliyin tətbiqi üzrə izahatlar vermək;

    2. işəgötürənlərin əmək və sosial müdafiə məsələləri üzrə işini yoxlamaq, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına dair onlara icrası məcburi olan göstərişlər vermək, qanunvericilik aktlarının pozulmasında təqsiri olan rəhbər işçiləri və digər vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək barədə məsələ qaldırmaq;

    3. nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində yerləşən müəssisə, idarə və təşkilatlardan məlumatlar almaq;

    4. Dövlət Statistika Komitəsindən əmək, əməyin mühafizəsi və ödənilməsi, demoqrafiya və digər məsələlər üzrə məlumatlar almaq;

    5. işəgötürənlər tərəfindən əmək, onun ödənilməsinə, əməyin mühafizəsinə, əhalinin sosial müdafiəsinə dair mövcud qanunvericiliyə zidd verilmiş əmrlərin və təlimatların tətbiqinin dayandılıması, zəruri hallarda isə onların ləğv olunması haqqında məhkəmə orqanlarına və ya müvafiq icra hakimiyyəti orqanlarına təklif vermək;

    6. miqrasiya sahəsində digər dövlət və qeyri-dövlət strukturlarının fəaliyyətini əlaqələndirmək;

    7. yüksək dağlıq, səhra və susuz ərazilərdə yerləşən müəssisə, idarə və təşkilatların işçilərinin əmək haqlarına əmsallar tətbiq edilməsinə dair təkliflər vermək;

    8. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tabeliyində idarə və təşkilatlar yaratmaq, onları ləğv etmək, yenidən təşkil etmək və onların Əsasnamələrini təsdiq etmək.

    Beynəlxalq əlaqələr

    Nazirliyin fəaliyyət dairəsinə aid bütün istiqamətlər üzrə islahatların aparılmasında beynəlxalq təcrübənin öyrənilməsinin, müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən BƏT, BMT İP, BMT QAK, Dünya Bankı, TACİS və BQXK ilə sıx əməkdaşlığın xüsusi əhəmiyyəti olmuşdur. Yuxarıda qeyd olunduğu kimi əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə bu təşkilatlarla birgə layihələr həyata keçirilmişdir ki, bu da ölkədə həmin sahələrin inkişafına əhəmiyyətli təsir göstərmişdir.

    Onlardan ən əhəmiyyətli və vacib layihələr kimi aşağıdakıları qeyd etmək olar:

    1996-cı ilin sentyabr ayından 1998-ci ilin avqust ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS Proqramı ilə birgə "Azərbaycan Respublikasında məşğulluq xidmətində islahatların aparılması və inkişaf etdirilməsinə kömək göstərmək" layihəsini həyata keçirmişdir. Layihənin məqsədi məşğulluq sahəsində qanunvericiliyin təhlilinin aparılması, müvafiq təkliflərin hazırlanması, məşğulluq xidmətlərini inkişaf etdirməklə Azərbaycanda iqtisadi və sosial sahələrdə aparılan islahatların dəstəklənməsi olmuşdur.

    1997-ci ilin yanvar ayından 1998-ci ilin fevral ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı ilə birgə "Təhsil və özünüməşğulluğun inkişaf proqramı" layihəsini həyata keçirmişdir. Layihə Naxçıvan MR və Ağdam rayonu ərazisində həyata keçirilirdi və layihədə məqsəd sosial müdafiəyə xüsusi ehtiyacı olan əmək qabiliyyətli əhalinin yerli şərait nəzərə alınmaqla məşğulluğunun təmin olunmasından ibarət idi.

    1998-ci ilin fevral ayından 1999-cu ilin avqust ayınadək və 2000-ci ilin yanvar-noyabr aylarında Nazirlik BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığı və BMT-nin İnkişaf Proqramı ilə birgə "Azərbaycanda qaçqınların və məcburi köçkünlərin yerlərdə məskunlaşması" layihələrini həyata keçirmişdir. Layihənin başlıca məqsədi qaçqın və məcburi köçkünlərin əsas həyatı tələbatlarının ödənilməsinə çalışmaq və buna nail olmaq üçün, həmçinin peşə vərdişlərinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, əməli işdə özünə kömək göstərilməsi prinsipini tətbiq etmək üçün fəaliyyət göstərilməsi idi.

    1999-cu ilin avqust ayından 2001-ci ilin iyun ayınadək Nazirlik Dünya Bankı ilə birgə "Azərbaycan Respublikasında pensiya və sosial yardım islahatı" layihəsini həyata keçirmişdir. Bu layihə Yaponiya hökumətinin Azərbaycan Respublikasının hökuməti üçün ayrılmış qrant hesabına həyata keçirilmişdir. Layihənin məqsədi əhalinin pensiya təminatı və sosial müdafiəsi sahəsində islahatların aparılması olmuşdur. Layihənin həyata keçirilməsi çərçivəsində Nazirliklə Dünya Bankı arasında memorandum imzalanmış, bu sahədə respublikada üçpilləli pensiya sisteminin yaradılması üçün zəruri tədbirlər, pensiya siyasəti sahəsində aparılan islahatların komponentləri, pensiya qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri və s. müəyyən edilmişdir. Azərbaycan Respublikasında pensiya islahatı Konsepsiyası hazırlandıqdan və müvafiq orqanlarla, qeyri-hökumət təşkilatları ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən 17 iyul 2001-ci il tarixində təsdiq edilmişdir.

    2000-ci ilin noyabr ayından 2002-ci ilin sentyabr ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS Proqramı ilə birgə "Azərbaycan Respublikasında Sosial Müdafiə və Pensiya islahatı" layihəsi həyata keçirmişdir. Bu layihənin məqsədi benefisiarlara sosial müdafiə sisteminin inkişafı, idarə olunması və monitorinqin keçirilməsi və Azərbaycan vətəndaşları üçün sosial müdafiəyə bərabər hüquqlu yanaşmanı təmin etməkən ibarət idi.

    2002-ci ilin sentyabr ayından 2003-cü ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Reabilitasiya mərkəzlərində reabilitasiya avadanlıqlarının təkmilləşdirilməsi" layihəsini həyata keçirmişdir. Yaponiya hökumətinin qrantı hesabına maliyyələşdirilən layihənin məqsədi Respublika Əlillərin Bərpa Mərkəzinin, Bakı Uşaq Bərpa Mərkəzinin və Əlillər üçün müalicə Pansionatının tibbi və bərpa avadanlığı ilə təchiz olunması və Yaponiya mütəxəssislərini Azərbaycana göndərməklə mühazirələr və praktiki məşğələlər vasitəsi ilə reabilitasiya sahəsində Azərbaycan mütəxəssislərinin ixtisaslarının artırılması və onların Yaponiyada təlim keçməsinin təşkili idi. Keçirilmiş tenderin qalibi olmuş "İtoçi" şirkəti tərəfindən lazımi tibbi və bərpa avadanlığı alınmış və quraşdırılmışdır. Bundan əlavə nazirliyin beş mütəxəssisi təcrübə keçmək üçün bir ay müddətinə Yaponiyaya ezam olunmuşdur.

    2000-ci ilin aprel ayından 2002-ci ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Əhali Sakinliyi Fondu ilə "Əhali Sakinliyinin inkişafının əsas təmayülü və bu inkişafın planlaşdırılmasında gender problemləri, geyri-hökumət təşkilatlarının dəstəyinin səfərbərliyi" layihəsini həyata keçirmişdir. Layihənin son məqsədi Azərbaycan Respublikasında əhali sakinliyi sahəsində siyasətin və müvafiq proqramların formalaşdırılması yolu ilə əhalinin yaşayış keyfiyyətinin yaxşılaşdırılmasına dəstək verməkdən ibarətdir.

    2002-ci ilin iyun ayından başlayaraq Azərbaycan Respublikasının hökuməti BMT-nin İnkişaf Proqramı ilə birlikdə "Azərbaycan Respublikasında sosial müdafiə sisteminin inkişafı" layihəsini həyata keçirir. Hökumət adından layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi realizə edir. Layihənin 2005-ci ilin dekabr ayında başa çatdırılması planlaşdırılır. Məşğulluq strategiyasının işlənib hazırlanması, respublikada əlillərin reabilitasiya müəssisələri şəbəkəsinin genişləndirilməsi layihənin əsas məqsədlərindəndir.

    2005-ci ilin yanvar ayından "Pensiya və sosial təminat layihəsi" fəaliyyətə başlamışdır. Beynəlxalq İnkişaf Asossiasiyasının (Dünya Bankı) krediti ilə həyata keçirilən layihə sosial təminat sahəsində Azərbaycan Respublikası hökuməti tərəfindən aparılan islahatlara yönəlmişdir. Layihə çərçivəsində rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində təmir-bərpa işlərinin aparılması, habelə onların müvafiq avadanlıq və müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi nəzərdə tutulmuşdur. Bütün bunların əsas məqsədi 2006-cı ildən ölkədə ünvanlı sosial yardım mexanizminin həyata keçirilməsinə yardım göstərməkdir.

    Bununla yanaşı bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində sosial müdafiə sahəsində əhəmiyyətli işlər görülmüşdür.

    Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə respublikada protez-ortopedik xidmətin inkişafı sahəsində 1994-cü ildən başlayaraq bu günədək əməkdaşlıq edilir və görülən işlər sırasında ən əhəmiyyətlisi Gəncə şəhərində Protez-Ortopedik Bərpa Mərkəzinin filialının yaradılması, Naxçıvan şəhərində Protez emalatxanasının genişləndirilməsidir. Eyni zamanda, 7 nəfər azərbaycanlı mütəxəssis Beynəlxalq Protezistlər cəmiyyətinin Proqramı üzrə hazırlanmış və onlar hal-hazırda Protez-Ortopedik Bərpa Mərkəzində çalışırlar.

    SOS Kinderdorf İnternational təşkilatı ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində 100-dən artıq valideyn himayəsindən məhrum olmuş uşaqları ailə istisi və hərtərəfli qayğı ilə əhatə edən Bakı SOS Uşaq Kəndi yaradılmışdır və hal-hazırda Gəncə şəhərində də belə bir kəndin inşasına başlanılmışdır.

    Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində 2003-cü ilin oktyabr ayında istifadəyə verilmiş Uşaq Bərpa Mərkəzinin mebel və məişət avadanlıqları ilə təminatı həyata keçirilmişdir. Bununla yanaşı, Saray qəsəbəsində yerləşən Ağıldankəm uşaqlar üçün internat evində əsaslı təmir işləri aparılmış və hal-hazırda Xanlar rayonunda yerləşən Ruhi təmayüllü internat evində də əsaslı təmir işləri görülməkdədir

    Nazirliyin yerləşdiyi ünvan

    AZ-1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi.
    Telefon: (994-12) 4939310, Faks (994-12)4939472
    E-mail:mlspp@mlspp.gov.az
    İnternet səhifəsi: www.mlspp.gov.az
    yuxarı