DAXİLİ İŞLƏR NAZİRLİYİ


  • Nazirliyin tarixi
  • Nazirliyin strukturu
  • Polis Akademiyası
  • Beynəlxalq əlaqələr
  • Nazirliyin yerləşdiyi ünvan


    Nazirliyin tarixi

    1918-ci il mayın 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmışdır. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, Nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur.

    1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.

    1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər.

    Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur.

    Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə daxili işlər orqanlarının 66 əməkdaşına "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.

    18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.

    Azərbaycan Respublikası 1992-ci ildə Beynəlxalq Cinayət Polisi Təşkilatının - İnterpolun üzvlüyünə qəbul olunmuş və həmin il noyabr ayının 24-də Daxili İşlər Nazirliyinin strukturunda Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu təsis edilmişdir.

    Daxili işlər orqanlarının ali təhsilli mütəxəssislərə olan ehtiyacını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli Fərmanına və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli Qərarına əsasən N. Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası yaradılmışdır.

    Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli Fərmanı ilə daxili işlər orqanlarının fəaliyyətinə idarədaxili nəzarətin həyata keçirilməsi, o cümlədən orqan və hissələrdə daxili təhlükəsizlik vəziyyətinin öyrənilməsi və nəzarətdə saxlanılması, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olma və digər neqativ halların qarşısının alınması, korrupsiyaya şərait yaradan və korrupsiya hüquqpozmalarına yol verən əməkdaşların müəyyən edilib barələrində müvafiq tədbirlərin görülməsinin təmin olunması məqsədilə, Nazirliyin strukturunda Daxili Təhlükəsizlik İdarəsi təsis edilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, 2004-cü ildə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin strukturunda İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılmışdır.

    Nazirliyin strukturu

    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında duran vəzifələrin, səlahiyyətlərinə aid edilmiş funksiyaların yerinə yetirilməsinin təmin edilməsi üçün nazirliyin mərkəzi aparatının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş strukturuna aşağıdakı xidmət sahələri daxildir:

    Katiblik (baş idarə səlahiyyətli)
    Baş Təşkilati-İnspektor İdarəsi
    Növbətçi hissələri idarəetmə xidməti (idarə səlahiyyətli)
    Baş Cinayət-Axtarış İdarəsi
    Baş İstintaq və Təhqiqat İdarəsi
    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
    Baş Narkotiklərlə Mübarizə İdarəsi
    Daxili Təhlükəsizlik İdarəsi
    Kriminalistik Tədqiqatlar İdarəsi
    Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi
    Baş İctimai Təhlükəsizlik İdarəsi
    Daxili Qoşunların Baş İdarəsi
    Nəqliyyatda Baş Polis İdarəsi
    Baş Dövlət Yol Polisi İdarəsi
    Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi
    Baş Mühafizə İdarəsi
    Pasport, Qeydiyyat İdarəsi
    İnterpolun Milli Mərkəzi Bürosu (baş idarə səlahiyyətli)
    Baş Kadrlar İdarəsi
    Daxili Təhqiqatlar İdarəsi
    Şəxsi Heyətlə İş İdarəsi
    Beynəlxalq Əməkdaşlıq İdarəsi
    Əməliyyat-Rabitə İdarəsi
    Mətbuat Xidməti (idarə səlahiyyətli)
    Maliyyə-Plan İdarəsi
    Təchizat İdarəsi
    Tibb İdarəsi
    Komendant Xidməti (idarə səlahiyyətli)
    Əsaslı Tikinti İdarəsi
    İdman cəmiyyəti (idarə səlahiyyətli)
    Səfərbərlik işləri və mülki müdafiə Şöbəsi

    Polis Akademiyası

    Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuşdur. Məktəb 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmişdir. 1936-cı ildən Mərdəkan qəsəbəsinə köçürülmüşdür.

    1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-nin Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. Məktəbdə təhsil müddəti iki il müəyyən edilmişdi.

    1957-1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda - Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı.

    70-80-cı illərdə və hal- hazırda Respublikaya rəhbərlik edən hörmətli Heydər Əliyevin milis orqanlarına göstərdiyi qayğı və tələbkarlıq sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etdi, kadr cəhətdən möhkəmləndi və Akademiya səviyyəsinə qədər yüksəldi. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli kateqoriya verildi.

    Beynəlxalq əlaqələr

    Azərbaycan Respublikası daxili işlər nazirliyinin beynəlxalq və regional təşkilatlarla, eləcə də bir sıra xarici ölkələrin müvafiq hüquq-mühafizə orqanları ilə sıx əlaqələri mövcudur. Bu qəbildən olan beynəlxalq təşkilatlar sırasında ilk növbədə Birləşmiş Millətlər Təşkilatı(BMT), Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını(ATƏT), Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı(BMqT) və Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) göstərmək olar. Bu təşkilatlarla əməkdaşlıq çərçivəsində mütamadi olaraq DİN əməkdaşları üçün seminar, təlim kursları, təcrübə mübadiləsi və işçi görüşləri təşkil edilir. Nazirliyin rəhbərliyi ilə beynəlxalq təşkilatların ölkəmizdə səfərdə olan nümayəndə heyətləri, onların Azərbaycandakı təmsilçiləri, həmçinin xarici dövlətlərin ölkəmizdə akkreditə olmuş diplomatik korpusunun nümayəndələri arasında görüşlər keçirilir.

    Daxili işlər nazirliyi regional beynəlxalq təşkilatlardan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı(QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), GUAM və Cənubi-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü (CŞAƏT) çərçivəsində də əməkdaşlıq edir. Azərbaycan Respublikası Beynəlxalq Polis Təşkilatının - İnterpolun üzvüdür, ölkəmizdə bu təşkilatın Milli Mərkəzi Bürosu fəaliyyət göstərir.Daxili işlər nazirliyi Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin hüquq mühafizə orqanları, o cümlədən daxili işlər nazirlikləri ilə məhsuldar əməkdaşlıq edir.

    Nazirlik MDB çərçivəsində bağlanan çoxtərəfli beynəlxalq-hüquqi sənədlərin əksəriyyətinin iştirakçısıdır. Bu beynəlxalq hüquqi sənədlər daxili işlər nazirlikləri arasında taransmilli mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorçuluq, narkotiklərin və silahların qanunsuz dövriyyəsi, digər növ cinayətlər, həmçinin cinayətkarların axtarışı, informasiya mübadiləsi məsələləri üzrə əlaqələri tənzimləyir. Daxili işlər nazirliyi, eyni zamanda mövcud ikitərəfli sazişlərə uyğun olaraq, Türkiyə, Çin, Bolqarıstan, İran, Rumıniya, Pakistan, Avstriya, Latviya, Litva, Estoniyanın müvafiq qurumları ilə cinayətkarlıqla mübarizədə birgə əməkdaşlığı həyata keçirir.Yunanıstan, Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələrin müvafiq strukturları ilə əməkdaşlıq əlaqələri qurulmaqdadır.

    DİN əməkdaşları ABŞ, Türkiyə, Misir, Fransa və Çində keçirilən təlim kurslarında iştirak edir.

    Beynəlxalq təşkilatlarla və xarici ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələri DİN rəhbərliyinin rəsmi və ya işçi səfərləri və müvafiq beynəlxalq tədbirlərdə iştirakı yolu ilə də həyata keçirilir.

    Nazirliyin yerləşdiyi ünvan

    AZ 1001, H.Hacıyev 7
    Tel (99412) 4926623
    Faks (99412) 4924590
    İnternet səhifəsi www.mia.gov.az
    yuxarı