AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA MƏHKƏMƏSİ

  • ümumi məlumat

    Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsi təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir, onlarla qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

    Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində əlavə və dəyişikliklər edilmişdir), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü il tarixli "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

    Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

    Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunan 9 hakimdən ibarətdir. Yeddi hakim təyin olunduqda Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar və səlahiyyət müddəti başa çatdıqdan sonra təkrar eyni vəzifəyə təyin edilə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin I hissəsinə görə Konstitusiya Məhkəməsinin hakimləri öz səlahiyyətlərini həyata keçirərkən müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa tabedirlər və səlahiyyətlərinin müddətində dəyişilməzdirlər. Konstitusiya Məhkəməsinin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.

    Konstitusiya Məhkəməsi qanunların və digər normativ hüquqi aktların, bələdiyyə və məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericilik iyerarxiasında özündən daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktlara uyğunluğunu yoxlayır, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və ümumi məhkəmələrin müraciəti əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.

    Konstitusiyaya müvafiq olaraq aşağıdakı subyektlər Konstitusiya Məhkəməsinə sorğu, müraciət və ya şikayət verə bilərlər:

  • Azərbaycan Respublikasının Prezidenti;
  • Azərbaycan Respublikasının Milli Məclisi;
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti;
  • Azərbaycan Respublikasının Ali Məhkəməsi;
  • Azərbaycan Respublikası Prokurorluğu;
  • Naxçıvan Muxtar Respublikasının Ali Məclisi;
  • məhkəmələr;
  • ayrı-ayrı (fiziki və hüquqi) şəxslər;
  • Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).

    "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə müvafiq olaraq hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər. Konstitusiya Məhkəməsi məhkəmə aktlarından verilmiş fərdi şikayətlərə aşağıdakı hallarda baxır: tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə, tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə, normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə. Belə şikayətlər məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi andan altı ay müddətində, ərizəçinin məhkəməyə müraciət etmək hüququ pozulduqda isə həmin hüququn pozulduğu andan üç ay müddətində verilə bilər. Eyni zamanda "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə əsasən hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının diqər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.

    Qüvvədə olan qanunvericilik aktları, icra orqanlarının normativ aktları, bələdiyyə və ya məhkəmə aktları insan hüquq və azadlıqlarını pozduqda İnsan hüquqları üzrə müvəkkil qanunvericilikdə nəzərdə tutulmuş qaydada Konstitusiya Məhkəməsinə sorğu verə bilər.

    Konstitusiya Məhkəməsi işlərə Palataların və Plenumun iclaslarında baxır. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsi qərarının təsviri-əsaslandırıcı və ya nəticə hissəsi ilə razı olmadıqda yazılı şəkildə xüsusi rəy tərtib edə bilər.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz. Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc olunur.

  • Konstitusiya Məhkəməsinin tarixi

    Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası "Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" 14 iyul 1998-ci il tarixli, 522-IQR saylı Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ilk 7 hakimini təyin etmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli Fərmanı ilə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması üçün zəruri məsələlər öz həllini tapmışdır.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
    fəaliyyətinin təmin edilməsi haqqında

    Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikasında yaradılmış ali konstitusiya mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəqilliyini və Konstitusiya Məhkəməsi hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi iki ay müddətində onun yüksək statusuna uyğun olan bina, məhkəmə hakimiyyəti rəmzləri, hakimlərin xüsusi geyimləri, xüsusi avadanlıq, rabitə (o cümlədən hökumət rabitəsinin bütün növləri), nəqliyyat, digər zəruri təşkilati-texniki vasitələrlə təmin etsin;

    "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 92-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminə hər ay öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün 210 min manat məbləğində vergilərdən azad olunan pul təminatının verilməsi üçün vəsait ayırsın;

    hər il Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca maddə ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin maliyyə və maddi-texniki təminatı üçün müvafiq maliyyə vəsaitinin ayrılması nəzərdə tutulsun;

    öz səlahiyyətləri daxilində "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

    2. Bakı şəhəri icra hakimiyyətinə tapşırılsın ki, mənzili olmayan və ya mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Bakı şəhərində mənzillə təmin etsin.

    3. Müəyyən olunsun ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası ərazisi hüdudlarında dəmir yolu, hava və avtomobil nəqliyyatı vasitələrindən (taksi istisna olmaqla), habelə dəmir yolu vağzalı və hava limanlarındakı rəsmi nümayəndə zallarından pulsuz istifadə edirlər.

    4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Prezidenti

    Heydər ƏLİYEV.

    Bakı şəhəri, 18 iyul 1998-ci il.

    № 739.

  • beynəlxalq əlaqələri

    Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yarandığı gündən beynəlxalq əlaqələrə, o cümlədən xarici ölkələrin Konstitusiya Məhkəmələri ilə, Avropa Şurası, ATƏT, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA-CEELİ), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və başqa beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük diqqət yetirir.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin dəvəti ilə Bakı şəhərinə Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Belçika Krallığı, Çexiya Respublikası, Slovakiya Respublikası, Macarıstan Respublikası, Sloveniya Respublikası, Türkiyə Respublikası, Norveç Krallığı, İspaniya Krallığı, Ukrayna Respublikası, Gürcüstan Respublikası, Moldova Respublikası, Litva Respublikası, Latviya Respublikası, Qırğızıstan Respublikası və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri və əməkdaşları rəsmi səfər etmişlər.

    Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində mütəmadi olaraq konstitusiya mühakiməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik cəmiyyət quruculuğu və digər müasir hüquqi məsələlərə həsr olunmuş birgə beynəlxalq seminarlar və konfranslar təşkil olunur. Xarici ölkələrin Konstitusiya Məhkəmələrinin, həmçinin beynəlxalq təşkilatların dəvəti ilə son dövr ərzində Konstitusiya Məhkəməsinin sədri, hakimləri və əməkdaşları ABŞ, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Slovakiya, Çexiya, Polşa, İspaniya, Belçika, Rumıniya, Albaniya, Moldova, Ukrayna, Kipr, Hindistan və Cənubi Koreyaya rəsmi səfərlər etmişlər. Konstitusiya Məhkəməsinin fəaliyyətində beynəlxalq hüquqa və xarici məhkəmə praktikasına böyük diqqət yetirilir, Azərbaycan Republikasının tərəfdar çıxdığı beynəlxaq müqavilələr, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa konstitusiya nəzarəti orqanlarının qərarları mütəmadi olaraq öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinadlar edilir. Bundan əlavə, hər-hansı hüquqi məsələyə aydınlıq gətirilməsi üçün xarici ölkələrin təcrübəsinin nəzərdən keçirilməsinə ehtiyac yarandıqda, Konstitusiya Məhkəməsinin Aparatı Avropa Şurasının Venesiya Komissiyasının Avropa Konstitusiya Məhkəmələri üçün yaratdığı operativ əlaqə vasitəsilə qısa müddət ərzində lazımi məlumat və rəyləri almaq imkanına malikdir. Venesiya Komissiyasının bütün Avropa Konstitusiya Məhkəmələri üçün ildə üç dəfə nəşr etdiyi bülletenlərdə Avropa Konstitusiya Məhkəmələrinin, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları ingilis və fransız dillərində dərc olunur. Bundan əlavə, Komissiyanın ekspertləri "Konstitusiya Məhkəməsi haqqında" yeni Qanunun və Məhkəmənin Daxili Nizamnaməsinin layihələrinə dair öz rəylərini vermişlər. Qeyd edilməlidir ki, Venesiya Komissiyası, ATƏT, GTZ-nin Bakıdakı nümayəndəliyinin dəstəyi və Avropa ekspetlərinin iştirakı ilə Konstitusiya Məhkəməsinin əməkdaşları üçün təlim kursları keçirilmişdir.

    Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2000-ci ildə Avropa Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatına tamhüqüqlu üzv seçilmişdir.

  • ünvanlar

    Konstitusiya Məhkəməsinin ünvanı: Gənclər Meydanı 1, Bakı, Azərbaycan, AZ-1005;

    Telefon: (994 12) 492 88 41; (994 12) 492 42 19;
    Faks: (994 12) 492 97 66; (994 12) 492 86 41;
    E-mail: inter.dept@constitutional-court-az.org
    İnternet səhifəsi: www.constitutional-court-az.org
    yuxarı