İCRA HAKİMİYYƏTİ

Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir.

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.

Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.

Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin İcra Aparatını təşkil edir və onun rəhbərini təyin edir.

Prezidentin İcra Aparatı Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır. İcra Aparatı qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.

İcra Aparatına ümumi rəhbərliyi Prezident həyata keçirir.

Prezidentin və İcra Aparatının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur. İşlər İdarəsi Prezidentin İcra Aparatının tərkibinə daxil deyil.

Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir.

Nazirlər Kabinetinin tərkibinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

Azərbaycan Respublikasında 20 nazirlik fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:

  1. Daxili İşlər Nazirliyi
  2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  3. Ədliyyə Nazirliyi
  4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  5. Fövqaladə Hallar Nazirliyi
  6. Gənclər və İdman Nazirliyi
  7. Xarici İşlər Nazirliyi
  8. İqtisadi İnkişaf Nazirliyi
  9. Kənd Təsərrüfatı Nazirliyi
  10. Maliyyə Nazirliyi
  11. Mədəniyyət və Turizm Nazirliyi
  12. Milli Təhlükəsizlik Nazirliyi
  13. Müdafiə Nazirliyi
  14. Müdafiə Sənayesi Nazirliyi
  15. Nəqliyyat Nazirliyi
  16. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
  17. Səhiyyə Nazirliyi
  18. Sənaye və Energetika Nazirliyi
  19. Təhsil Nazirliyi
  20. Vergilər Nazirliyi

Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Milli Bankı, Dövlət Neft Fondu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi kimi dövlət təşkilatları və komitələri fəaliyyət göstərir.