AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
logo


Komitənin yaranma tarixi və əsas fəaliyyət istiqamətləri

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

Komitənin vəzifələri

Komitənin vəzifələri aşağıdakılardan ibarətdir:

  1. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
  2. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;
  3. müvafiq sahə üzrə dövlət proqramları layihələrinin işlənib hazırlanmasında iştirak etmək;
  4. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
  5. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini laqələndirmək;
  6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
  7. dövlətin ailə siyasətini həyata keçirmək;
  8. qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaq;
  9. müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının öyrənilməsi istiqamətində, qadınlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, ailə kəndli təsərrüfatlarının yaradılmasında müvafiq dövlət orqanları ilə birlikdə məsləhətlərin verilməsini təmin etmək;
  10. məşğulluq strategiyasının həyata keçirilməsi istiqamətində dövlət siyasətinə uyğun olaraq, qadınların müxtəlif yeni peşələrə yiyələnməsi və ixtisaslarının artırılması məqsədi ilə layihələr hazırlamaq və əlaqədar təşkilatlarla birgə tədbirlərin görülməsini təmin etmək;
  11. ailə başçısını itirmiş şəhid ailələrinin, tək anaların, xüsusilə əlil qadınların və uşaqların problemlərinin dövlət orqanları tərəfindən həlli məqsədi ilə müvafiq vəsatətlər qaldırmaq;
  12. müvafiq sahə üzrə kadrların hazırlanmasını, işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsini, ixtisaslarının artırılmasını təmin etmək;
  13. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə müasir elmi nailiyyətləri tətbiq etmək, habelə elmi tədqiqat işlərinin aparılması və tətbiqini təmin etmək;
  14. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
  15. qanunvericiliyə uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
  16. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
  17. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
  18. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
  19. Komitənin əməkdaşlarının sosial müdafiəsi, əmək və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirləri həyata keçirmək;
  20. mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasını təmin etmək;
  21. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Komitənin hüquqları

Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

  1. müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;
  2. öz səlahiyyətləri daxilində müvafiq sahə üzrə vahid informasiya sistemini yaratmaq;
  3. gender prinsiplərini həyata keçirmək istiqamətində kişilər və qadınlarla sistemli iş aparmaq;
  4. minilliyin inkişaf istiqamətləri sahəsində, yoxsulluğun azaldılması, məşğulluq strategiyası üzrə dövlət proqramlarının həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək;
  5. sağlam ana, sağlam uşaq prinsiplərini həyata keçirmək, uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində hüquqi biliklərin öyrənilməsini təmin etmək;
  6. dövlət qadın siyasətinin həyata keçirilməsi, uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, onların hüquqlarının və qanuni mənafelərinin qorunması, sosial müdafiəsi istiqamətində normativ hüquqi aktlarla müəyyən olunmuş vəzifələrin strukturuna daxil olan bölmələr tərəfindən yerinə yetirilməsinə nəzarət etmək, aidiyyəti dövlət orqanlarından həmin istiqamətdə olan vəzifələrin icra vəziyyəti ilə bağlı məlumatlar almaq;
  7. istehsalatda işləyən qadınların hüquqlarının qorunması üçün öz səlahiyyətləri daxilində müvafiq orqanlarla birlikdə tədbirlər görmək, zərurət yarandıqda onların hüquqlarını pozan vəzifəli şəxslər haqqında müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;
  8. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
  9. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
  10. müvafiq sahəyə dair dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
  11. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
  12. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
  13. müvafiq sahə üzrə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması, o cümlədən Komitənin işçilərinin peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görmək;
  14. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
  15. müvafiq sahədə müxtəlif treninq, kurs, seminar və digər tədbirləri təşkil etmək;
  16. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
  17. öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;
  18. müvafiq sahə üzrə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə dair təkliflər vermək;
  19. müvafiq sahəni işıqlandıran televiziya və radio verilişlərinin layihələrini hazırlayıb həyata keçirmək;
  20. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;
  21. Komitənin xüsusi fərqlənmiş işçilərini müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının fəxri adlarına və dövlət mükafatlarına təqdim etmək;
  22. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Komitənin strukturu

Komitənin strukturu rəhbərlikdən və aparatdan ibarətdir.

Aparatda 6 şöbə fəaliyyət göstərir:

Komitədə ştat üzrə 56 nəfər çalışır.

Komitənin fəaliyyəti

AR Prezidentinin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanında qadınların dövlət və ictimai idarəetmədə iştirakının əsas istiqamətləri öz əksini tapmışdır.

Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşulmuş və Konvensiyanın ölkədə həyata keçirilməsi haqqında dövri hesabatları BMT-nin eyni adlı Komitəsinə təqdim edir.

Milli Məclis tərəfindən qəbul olunmuş «Gender (kişi və qadınların) bərabərliyi haqqında» Qanunun məqsədi kişi və qadınlar üçün ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Bu Qanuna görə hüquqi, təşkilati və digər mexanizmlər vasitəsilə dövlət kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, bərabər imkanların yaradılmasına, gender bərabərliyinin təmin edilməsinə və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir.

Gündəlik zorakılığın məqsədyönlü şəkildə qarşısının alınması qarşıda duran əsas məsələlərdəndir. Bu məqsədlə “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” hazırlanmışdır. Proqramın məqsədi Azərbaycan Respublikasında əhalinin şəxsi və ictimai həyatının müxtəlif sahələrində xüsusi tədbirlər vasitəsilə məişət zorakılığı hallarının azaldılması və zorakı davranış formalarının qarşısının alınmasıdır. Zorakılığın növləri arasında xüsusilə seçilən məişət zorakılığıdır. Onun əsas xüsusiyyəti insanların gündəlik həyatına nüfuz etməsi, bir çox hallarda adət-ənənə formasını alması və buna görə də gözəgörünməz olmasıdır.Məişət zorakılığı ilə mübarizə haqqında Qanun layihəsinin işlənib hazırlanması üçün İşçi Qrupu yaradılmış və müvafiq Qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilmişdir.

Azərbaycan üçün yeni və buna görə də kifayət qədər öyrənilməmiş bir problem zorakılığa aid edilən insan alveridir. 2005-ci ildə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi. Bu Qanunun qəbul edilməsi insan alverinə qarşı mübarizə sahəsində çox əhəmiyyətli addımlardan idi. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsilə əlaqədar qanunvericilik aktlarının və Nazirlər Kabinetinin, müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması, bu qanunun tətbiqindən irəli gələn digər məsələlərin həlli ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Fərman imzalamışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə problemləri sahəsində Azərbaycan Respublikasında yaşayan ailələr haqqında ümumi məlumat bazası yaratmaq məqsədi ilə bütün rayonlara sorğu göndərilmiş, statistik məlumatlar toplanmışdır. Eyni zamanda ailə problemləri ilə məşğul olan QHT-lərlə əlaqələr yaradılmış, onların fəaliyyət istiqamətləri öyrənilmiş və birgə fəaliyyət göstərmək məqsədi ilə əlaqələr qurulmuşdur.

15 may Beynəlxalq Ailə Günü münasibətilə hər il may ayının 5-dən 15-dək tədbirlər həyata keçirilir.

Müasir ailələrdə gender bərabərliyi və islamda ailə məsələlərini bir daha müzakirə etmək, milli-mənəvi dəyərlərimizin qorunmasına, ailə, cəmiyyət və insanlar arasında münasibətlərə xüsusi diqqət yetirmək məqsədilə 12 may 2006-cı il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu ilə birgə ”Yeniləşən ailələr: İslamda Ailə və gender bərabərliyinin perspektivləri” adlı konfrans keçirilmişdir.

Ailə Günü ongünlüyünün yekunu olaraq Komitə Gənclər və İdman Nazirliyi ilə birlikdə may ayının 15-də II Ailə Festivalı keçirmişdir.

Qadın təcridxanalarında məhbus qadınların ailə problemlərinin həlli, onlara hüquqi yardımların olması məqsədi ilə mütəmadi görüşlər keçirilmiş, konkret olaraq on iki qadının ailələri ilə görüşməsinə və müəyyən məlumat almasına nail olunmuşdur.

Ailə problemləri sahəsində normativ hüquqi aktların təhlilinin aparılması, ailə hüquqlarının təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsini təmin etmək məqsədilə Ailə Məcəlləsinin bir sıra maddələrinə dəyişikliklər və əlavələr təklif şəklində Milli Məclisə göndərilmişdir.Reproduktiv sağlamlığın ailə üçün vacibliyini nəzərə alaraq bu sahədə konkret işlər görmək nəzərdə tutulmuşdur. Belə ki, “Sağlam ailə” prinsipini həyata keçirmək məqsədilə qayğıya ehtiyacı olan, aztəminatlı ailələr üçün tibbi yardım xidmətləri təşkil edilmişdir.

25 noyabr qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar BMT- nin Əhali Fondunun maliyyə dəstəyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının təşkilatçılığıyla “Zorakılığa yox deyək!” devizi altında layihə həyata keçirilmişdir.Oktyabrın 1-dən noyabrın 25-ə qədər davam edən layihə çərçivəsində 4 regionda maarifləndirici seminarlar təşkil olunaraq, yekunda Bakı şəhərində konfrans keçirilmişdir..

Azərbaycanın 3 regionunda –Mingəçevir, Goranboy və Şüvəlanda ailələrə və uşaqlara dəstək mərkəzləri açılıb istifadəyə verilmişdir. Mərkəzlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə yaradılmışdır. Mərkəzdə gənc oğlan və qızlar sağlamlıq haqqında maarifləndirilir, onlarda sosial ünsiyyət bacarıqları inkişaf etdirilir, onlara həyat bacarıqları təlim olunur. Bu günə qədər bütün mərkəzlərdə minlərlə uşaq, gənc və valideynə xidmət göstərilib.

Gender bərabərliyi və qadın problemləri sahəsində Gender bərabərliyi haqqında qanunun ikinci oxunuşuna düzəliş və əlavələr haqqında, “Məişət zorakılığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı təkliflər hazırlanıb Milli Məclisə təqdim edilmişdir. Ailə, Əmək və Cinayət Məcəllələrinə dəyişikliklər və əlavələrlə bağlı təkliflər işlənib hazırlanmış, əlaqədar qurumların müzakirəsinə təqdim olunmuşdur.Komitə həmçinin, “Insan alveri ilə mübarizə haqqında” Qanun və Qadın problemləri üzrə Milli Fəaliyyət Planının hazırlanmasında iştirak etmişdir.

Avqust ayında Atatürk mərkəzində “Sosial qanunvericiliyə dəyişikliklər” mövzusunda dəyirmi masa keçirilmişdir. Komitə tədbirdə öz təkliflərini təqdim etmişdir.

Gender bərabərliyi və qadın problemləri şöbəsi Respublikada qadın və kişilər haqqında təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti və rəhbər vəzifələrdə təmsil olunma və digər sahələr üzrə statistik məlumat bazasının yaradılması məqsədilə regionlara sorğular göndərmiş və sorğuların nəticələrini sistemləşdirmişdir.

Gender bərabərliyi və qadın hüquqlarının təbliği, o cümlədən erkən nikahın qarşısının alınması ilə bağlı Respublikanın bir sıra rayonlarına səfər edilmiş, əhalinin maarifləndirilməsi məqsədilə seminarlar təşkil edilmiş, məruzələr edilmişdir.

Regionlara səfər zamanı bələdiyyə seçkiləri ilə bağlı fəal qadınlarla görüşlər keçirilmiş, qadın hüquqları, seçki hüququ, qadınların qərar qəbuletmə prosesində iştirakı və s. məsələlər haqqında onlarla söhbətlər aparılmışdır.

Avqustun 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının” 25 illiyinə həsr edilmiş konfrans keçirilmişdir.

Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 15 illiyi çərçivəsində Azərbaycanın görkəmli qadınlarına həsr edilmiş kataloq hazırlanmışdır.

Oktyabr ayının 6-7-də Əl Oyunları Sarayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Qadın dünyası: Gözəllik və Sağlamlıq” adlı I Beynəlxalq Festival keçirilmişdir.

Oktyabrın 13-də Avropa otelinin “Azərbaycan” zalında “Azərbaycanda qadın sahibkarlığının inkişafı: strategiya və perspektivlər” adlı Ümumrespublika Konfransı keçirilmişdir.

Qeyd olunan tədbirlərlə yanaşı Gender bərabərliyi və qadın problemləri şöbəsi cari fəaliyyəti də həyata keçirir, şikayətçilərin müraciətlərinə baxır, Azərbaycanın görkəmli qadınlarının doğum və anım günlərini qeyd edir.

Uşaq problemləri sahəsində, ilk növbədə, müvafiq normativ-hüquqi aktlar nəzərdən keçirilmiş, onlarda olan bəzi boşluqlar və çatışmazlıqlar müəyyən edilmiş, uşaq problemlərinin həllini asanlaşdırmaq məqsədi ilə qanunlara əlavələr və dəyişikliklər edilməsi üçün təkliflər hazırlanıb müzakirə üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilmişdir.

Azərbaycan Respublikasında uşaq sahəsində dövlət siyasəti müvafiq prioritet istiqamətlərdə həyata keçirilir. Onlardan biri De-institusionalizasiya prosesinin həyata keçirilməsidir. Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən fəaliyyət planı hazırlanmışdır.

«Azərbaycan Respublikasında Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı» Azərbayjan Respublikasının Prezidenti İlham Əliyev jənabları tərəfindən 29 mart 2006-jı il tarixli 1386 № li Sərənjamla təsdiq edilmişdir.

Uşaqların müdafiəsi sahəsində dövlət siyasətinin mühüm istiqamətlərindən birini yuvenal ədliyyə islahatı təşkil edir. Həmin islahat YUNİSEF-in Bakı ofisinin dəstəyi ilə həyata keçirilir.

Qaçqın uşaqların cəmiyyətə adaptasiyası və onların rifahının yaxşılaşdırılması uşaqların müdafiəsi sahəsində dövlət siyasətinin üçüncü prioritet istiqamətidir. Erməni təcavüzünə məruz qalmış Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü var. Onların çox hissəsini qadınlar və uşaqlar təşkil edir.

Uşaqların müdafiəsi sahəsində dövlət siyasətinin daha bir istiqaməti – xüsusi qayğıya ehtiyacı olan, ilk növbədə əlil uşaqların inkişafı üçün şəraitin yaxşılaşdırılmasıdır.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər bir istiqamətdə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə sıx əlaqə yaradır və əməkdaşlıq edir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 İyun Uşaqları Beynəlxalq Müdafiə günü ilə əlaqədar 2006-cı ildə 10 günlük silsilə tədbirlər keçirmişdir:

2006-cı il iyun ayının 19 və 20-də İspaniyanın Valensiya şəhərində Avropa və Mərkəzi Asiyada uşaqlar üçün əlverişli mühit yaradılması probleminə həsr edilmiş III Beynəlxalq Konfrans keçirilmişdir. Həmin konfransda Komitənin nümayəndəsi iştirak etmişdir. Konfransda YUNİCEF-in Uşaqlar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi hökümətlərarası konfransın nəticələri haqqında məlumat verilmişdir.

2006-cı ilin iyun ayından başalayaraq Komitə UAFA təşkilatı ilə “Valideyn iştirakı ” 1 illik layihəsini həyata keçirməyə başlamışdır. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərini öz uşaqlarının vəkillərinə çevirmək, de-institusionalizasiya ilə bağlı ictimaiyyətin məlumatlandırılması və valideyn birliklərinin yaradılmasıdır. Bu layihə çərçivəsində iyul-avqust aylarında vəkilliklə bağlı təlimlər keçirilmiş, mətbuat konfransı və xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə görüş təşkil olunmuşdur. Layihədə televiziya verlişlərinin, tok-şou və icma görüşlərinin təşkili planlaşdırılır.

5 iyul 2006-jı il tarixində Fransa Mədəniyyət Mərkəzində AQUPDK, Fransanın Azərbayjandakı səfirliyi və Parfum de Franje mağazalar şəbəkəsinin dəstəyi ilə«Paris uşaqların gözü ilə» adlı tədbir keçirilmişdir. Tədbirdə uşaqların rəsm işləri 3 nominasiya üzrə müsabiqə keçmişdir. Müsabiqənin qalibi Fransaya 3 günlük səfəri əldə etmişdir.

İyul-avqust 2006-jı ildə «Azərbaycan Respublikasında Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı»nın həyata keçirilməsi məqsədilə AQUPDK-nın nümayəndələri Azərbayjan Respublikasının bir neçə rayonuna səfər etmişlər.

Avqust-sentyabr 2006-jı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunmuş “Sağlam ailə cəmiyyətin təməlidir” mövzusunda təbliğat-təşviqat kampaniyası keçirildi. Bu təbliğat-təşviqat kampaniyasında Komitənin “Uşaq problemləri” şöbəsi də fəal iştirak etdi.

2006-cı il sentyabr ayının 14 və 15-də Moskva şəhərində “Uşaq hüquqlarının təmin edilməsi cəmiyyətin inkişafının təminatıdır” mövzusunda Avropa Nazirlər Şurası Komitəsində Rusiya Federasiyasının sədrliyi çərçivəsində beynəlxalq seminar keçirilmişdir. Seminarda ölkəmizi AQUPDK-nin nümayəndə heyəti təmsil etmişdir.

15 Sentyabr 2006-cı ildə Nazirlər Kabinetinin 211 № li qərarı ilə “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı” təsdiq edildi. Bu proqramda AQUPDK –nin aşağıdakı təklifləri öz əksini tapdı:

Hal-hazırda BMT-nın Əhali Fondu ilə birgə bu qərar çərçivəsində Azərbayjanın bölgələrində «Gənj nəslin reproduktiv sağlamlığı» layihəsi həyata keçirilir. «Müasir Təhsil və Tədrisə Yardım təşkilatı» ilə birgə bir internat məktəbini icma əsaslı reabilitasiya mərkəzinə çevirmək məqsədilə 3 illik layihə üzərində iş aparılır.

2006-cı il sentyabr ayının 19-20-də Bakıda “Uşaqların dövlət himayəsindən ailə şəraitində böyüməsinə (De-institusionalizaya) doğru” başlığı altında seminar keçirilmişdir. YUNİSEF ilə İtaliyanın EducAid təşkilatından ekspertlər dəvət olunmuşdur. Komitədən 4 nəfər seminarda iştirak etmiş, İtaliyanın De-institusionalizasiya təcrübəsi ilə yaxından tanış olmuş, fikir mübadiləsi aparmışdır. Azərbaycan Respublikasında uşaqların rifahının yaxşılaşdırılması ilə əlaqədar institusional sistem yaratmaq və onların müdafiə ehtiyaclarının prioritetini müəyyən etmək məqsədilə “Resurs Mərkəzi” formalaşdırmaq üçün məlumat bankı toplayır.

2006-cı il sentyabr ayının 25-dən başlayaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-cı il 23 iyun tarixli, İ-65 saylı əmrinə əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Maliyyə, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları ilə birgə Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-jı il tarixli 1386 № li Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı»nın (2006-2015-ci illər) Tədbirlər Planında verilən tapşırıqların icrasını təmn etmək məqsədilə təsdiq edilmiş proqrama uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün dövlət uşaq müəssilərində monitorinq həyata keçirilir. Artıq bu məqsədlə respublikanın 36 dövlət uşaq müəssisəsində monitorinq aparılmışdır. Bu kampaniya respublikanın bütün dövlət uşaq müəssisələrini əhatə edəcəkdir.

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə De-institusionalizasiya proqramı çərçivəsində “Valideyn iştirakı” layihəsini həyata keçirir. Bu proqramın yerinə yetirilməsi istiqamətində Komitə bölgələrdə əlaqədar qurumların vəzifələrini müəyyənləşdirmək, onlar arasında koordinasiya qurmaq məqsədilə seminarlar təşkil edir, proqramın təbliğinə və əhalinin maariflənməsinə çalışır.

AQUPDK “Qaynar xətt” layihəsinin yaradılması istiqamətində çalışır. Bu layihənin icraçıları AQUPDK başda olmaqla Milli QHT Forumu - “Ümid yeri” cəmiyyəti və Uşaq Problemləri üzrə Azərbaycan QHT Alyansıdır.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir:

-2006-cı il mayın 16-17-də Lissabonda Avropa Şurasına üzv ölkələrin ailə məsələlərinə məsul nazirlərinin 28-ci Konfransı keçirildi. Konfrans “Valideynlikdə dəyişikliklər: bu günün uşaqları - sabahın valideynləri” mövzusuna həsr edilmişdi. Nazirlər səviyyəsində olan bu görüşdə Azərbaycanı ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti təmsil edirdi.

-23-27 may 2006-cı ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun İcraçı Direktoru Azərbaycana rəsmi səfərə gəldi. Səfərin əsas məqsədi UNİFEM-in MDB ölkələri üçün nəzərdə tutulmuş “Qadınlar və yoxsulluğun azaldılması (2007-2009)” proqramı çərçivəsində Azərbaycan Hökuməti ilə əməkdaşlıq imkanlarının müzakirəsi idi. 24 may 2006-cı ildə Komitədə keçirilən görüşdə bir sıra dövlət strukturlarının nümayəndələri, millət vəkilləri, aparıcı qadın qeyri-hökumət təşkilatlarının nümayəndələri, qadın sahibkarlar, UNİFEM-in “Qadınlar Cənubi Qafqazda Münaqişələrin Qarşısının Alınması və Sülh Yaradılması Uğrunda” Regional Layihəsinin Bakı ofisinin nümayəndələri iştirak edirdilər.

-2006-cı ilin iyunun 8-9-da İsveçin paytaxtı Stokholmda Avropa Şurasının Qadın və Kişilər arasında bərabərlik üzrə 6-cı Nazirlər Konfransı keçirildi. Bu konfrans Avropa Şurasının Qadınlar və Kişilər arasında Bərabərlik Direktorluğu tərəfindən, İsveç hökumətinin təşkilatçılığı ilə keçirilmişdir.

Avropa Şurasına üzv ölkələrdən olan nazirlər səviyyəsində keçirilən bu görüşdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti təmsil etmişdir.

Konfransın mövzusu “Avropada insan hüquqları və iqtisadi çağırışlar – gender bərabərliyi” idi.

-2006-cı il iyunun 19-21-də Bakıda İslam Konfransı Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin 33-cü sessiyası keçirildi.

-2006-cı il noyabrın 19-21-də İstanbulda keçirilmiş “İslam Konfransı Təşkilatı dövlətlərinin inkişafında qadınların rolu” adlı beynəlxalq konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti fəal iştirak etmişdir. İstanbul konfransının təşkil edilməsində əsas məqsəd İslam dünyasının qadınları arasında əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsi olmuşdur. Azərbaycan nümayəndə heyətinin İslam ölkələrinin, eləcə də Azərbaycanın inkişafında qadınların rolu haqqında məruzəsində İslam konfransı Təşkilatına üzv ölkələrin ailə, qadın və uşaq problemləri sahəsində hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqə yaradılmasının vacibliyi vurğulandı.“

-27-29 noyabr 2006-cı ildə Avropa Şurası tərəfindən İspaniyanın Madrid şəhərində “Ailə zorakılığı da daxil olmaqla qadın zorakılığına qarşı mübarizə üzrə Avropa Şurası Kampaniyası”nın başlanmasına həsr edilmiş Konfrans keçirildi. Həmin konfransda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də təmsil olundu. AŞPA Baş Katibinin dəvəti ilə gerçəkləşdirilən səfərin məqsədi müxtəlif dövlətlərdə zorakılıqla mübarizə sahəsində təcrübə mübadiləsi, müvafiq sahədə fəaliyyət göstərən qurumlarla əməkdaşlığın genişləndirilməsi idi. Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri “Qadınlara qarşı ailə zorakılığı ilə mübarizədə səyləri birləşdirmək” adlı müzakirələrdə çıxış etdi. Konfransda ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması və gələcək əməkdaşlıq üçün imkanların açılması baxımından belə görüşlərin əhəmiyyəti xüsusi vurğulandı.

İkitərəfli əlaqələr sahəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir:

-29 avqust-1 sentyabr 2006-cı ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyə Cümhuriyyətinə səfər etmişdir.

-4–6 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Polşa Respublikasında səfərdə olmuşdur. Səfərdə məqsəd Polşa Respublikası Əmək və Sosial Siyasət Nazirliyinin Qadın, Uşaq və ayrı-seçkiliklə mübarizə İdarəsinin işi ilə tanışlıq, aidiyyəti sahələr üzrə təcrübəsi öyrənmək, əməkdaşlıq əlaqələrinin yaradılması olmuşdur. Səfər zamanı nümayəndə heyəti Polşa Respublikasında ailə, uşaq məsələləri ilə məşğul olan digər qurumların səlahiyyətli nümayəndələri tərəfindən qəbul edilmişdir.

-Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti 14-15 sentyabr 2006-cı ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Uşaq hüquqlarının təmin edilməsi cəmiyyətin inkişafının təmin edilməsi deməkdir” mövzusuna həsr edilmiş beynəlxalq seminarda iştirak etdi. Seminar Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyi və Avropa Şurasının Sosial Həmrəylik Baş Direktorluğu tərəfindən təşkil olunmuşdu.

Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri “Uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılmasına yönəldilmiş islahatlar” mövzusunda məruzə ilə çıxış etdi.

-26 sentyabr-4 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriya Respublikasına səfər etmişdir. Səfər zamanı Avstriya Respublikası Sosial Təhlükəsizliyi, Nəsillər və İstehsalçıların Hüquqlarının qorunması nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin, Qadın işləri şöbəsinin, Uşaq məsələləri şöbəsinin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qadınların işə götürülməsinin təşviqi üzrə layihəsinin rəhbərləri, Avstriya Respublikasının Səhiyyə və Qadın məsələləri üzrə naziri ilə görüşlər keçirilmişdir.

- 14-18 noyabr 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Fransada rəsmi səfərdə olmuşdur.Səfərin gedişində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Fransa Respublikası Parlamentinin Sosial Məsələlər Komissiyasının, Sosial təhlükəsizlik, Ahıllar, Əlillər və Ailə nazirliyinin, Sosial Həmrəylik və Bərabərlik nazirliyinin, Qadın Hüquqları və Bərabərlik Xidmətinin, Uşaq Müdafiəsi Xidmətinin rəhbərləri və digər rəsmi şəxslərlə görüşlər keçirmişdir.

Komitənin yerləşdiyi ünvan

Ünvan : AZ1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 40, Hökumət evi, III Qapı
Telefon : +(99412)498 00 92
Faks : +(99412)493 58 72
E-mail:
office@scfwca.gov.az
Ərizə və şikayətçilərin qəbul günləri: II, V günlər, saat 10.00. – 13.00
yuxarı