AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

  • Agentliyin yaranması haqqında
  • Agentliyin vəzifələri
  • Agentliyin hüquqları
  • Beynəlxalq əlaqələr
  • Agentliyin yerləşdiyi ünvan

    Agentliyin yaranması haqqında

    1906-cı ildə şəhər Upravasının qərarı əsasında 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başladı. Həmin tarix Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yaranma tarixi hesab olunur. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli, 623 nömrəli fərmanı ilə yaradılmışdır.

    Agentliyin vəzifələri

    –standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini həyata keçirmək. Bu sahələrdə dövlət siyasətinin əsas istiqamətlərini formalaşdırmaq, məqsədli proqramlar hazırlamaq və onların həyata keçirilməsini təmin etmək, digər dövlət və yerli özünüidarəetmə orqanlarının, təsərrüfat subyektlərinin bu sahələrdəki fəaliyyətini əlaqələndirmək;

    –standartlaşdırmanın tələblərini təmin etmək üçün dövlət nəzarətini, dövlət metroloji nəzarətini həyata кеçirmək;

    –ölçmələrin vəhdətini təmin etmək;

    –sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində işləri təşkil etmək,

    –Azərbaycan Respublikasında istehsal olunan məhsulların (işlərin. xidmətlərin) rəqabət qabiliyyətinin və keyfiyyətinin artırılması məqsədilə müasir elmi-texniki potensialı və qabaqcıl beynəlxalq təcrübəni özündə cəmləşdirən standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində normativ sənədləri müntəzəm olaraq təkmilləşdirmək və müasir beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədilə müvafiq tədbirlər görmək;

    –qanunvericiliklə müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasına idxal olunmuş (sərbəst dövriyyəyə buraxılan) və ixrac olunacaq malların (işlərin, xidmətlərin) standartların tələblərinə, metroloji qayda və normalara, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi qaydalarına uyğunluğuna dövlət nəzarətini həyata keçirmək;

    –Azərbaycan Respublikasında müvafiq beynəlxalq standartların tətbiqi sahəsində zəruri tədbirlər həyata keçirmək;

    –Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

    Agentliyin hüquqları

    –səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada normativ hüquqi aktlar qəbul etmək; –səlahiyyətləri daxilində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək;

    –səlahiyyətləri daxilində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada zəruri məlumatlar və arayışlar almaq;

    –səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada xarici və yerli ekspertləri və məsləhətçiləri cəlb etmək, onlarla müqavilələr (kontraktlar) bağlamaq;

    –səlahiyyətlərinə aid edilən sahələrdə dövlət orqanları və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, beynəlxalq müqavilələrin layihəsini hazırlamaq;

    –standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması, ixtisasının artırılması üçün tədbirlər görmək və bu sahədə beynəlxalq əməkdaşlıq etmək;

    –qanunvericiliklə müəyyən olunmuş qaydada idarə və təşkilatlar yaratmaq, yenidən təşkil etmək və ləğv etmək;

    –qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq və satışını təşkil etmək;

    –malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətlərini koordinasiya etmək;

    –səlahiyyətlərinə aid olan sahələrdə dövlət nəzarətini həyata keçirmək məqsədilə təsərrüfat subyektlərinin xidmət və istehsal sahələrinə, ölçmə vasitələrinin istismar, istehsal və təmir edildiyi, satıldığı, yaxud saxlandığı obyektlərə sərbəst daxil olmaq, onlardan zəruri məlumat və sənədlər almaq, təsərrüfat subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən əvəzsiz istifadə etmək;

    –standartlaşdırma üzrə qüvvədə olan normativ sənədlərə müvafiq olaraq məhsulların, işlərin və xidmətlərin standartların tələblərinə uyğunluğunu təyin etmək üçün əvəzsiz olaraq sınaq nümunələrini seçib götürmək;

    –səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada standartların tələblərinə, sertifikatlaşdırma qaydalarına, metroloji qayda, standartların tələblərinə, sertifikatlaşdırma qaydalarına, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarətini həyata keçirərkən qanunvericiliklə müəyyən edilmiş hallarda iradnamələr, tələbnamələr vermək, inzibati cərimə və maliyyə sanksiyaları tətbiq etmək;

    –insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) standartların tələblərinə tam uyğun olmadığı hallarda onların istehsalının, yerinə yetirilməsinin və ya istifadəsinin dayandırılması və ya qadağan edilməsi, dövriyyədən (satışdan) çıxarılması və ya istehlakçılardan geri qaytarılmasının təmin edilməsi haqqında yazılı tələbnamələr vermək, satışın qadağan edilməsi haqqında qərar qəbul etmək, müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə standartların tələblərinə uyğun olmayan məhsulların dövriyyədən götürülməsində (lazım gəldikdə məhv edilməsində və ya utilizasiyasında) iştirak etmək;

    –qanunvericilikdə nəzərdə tutulmuş hallarda standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, akkreditasiya və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi üzrə pullu işləri və xidmətləri bağlanmış müqavilələr əsasında aparmaq;

    –standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində işlərin inkişafı üçün keçirilən tədbirləri maliyyələşdirmək;

    –istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə ölkədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər (təsərrüfat subyektləri) haqqında dəqiq məlumat əldə etmək, keyfiyyətsiz və standartların tələblərinə cavab verməyən məhsul istehsalçılarını müəyyən etmək üçün aidiyyəti dövlət orqanları ilə birgə iş aparmaq;

    –öz səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müvafiq məhkəmələrdə iddia qaldırmaq; qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

    Beynəlxalq əlaqələr

    –Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi bu sahədə öz səlahiyyətləri çərçivəsində məqsədə uyğun olaraq insan həyatı sağlamlığının və ətraf mühafizəsi, istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə bu dövr ərzində bir çox beynəlxalq və regional təşkilatlarla (İSO, EKO, ÜƏMT, və s.) sıx əməkdaşlıq əlaqələri qurmuşdur .

    –Agentlik rəsmi olaraq 1 iyul 2003-cü il tarixindən etibarən Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) tam üzvüdür. Həmin dövr ərzində İSO-nun üzv ölkələrində milli standartlaşdırma təşkilatlarında aparılmış işlər barədə təfsilatlı məlumatlar alınır və yuxarıda adı gedən sahələr üzrə işlər aparılır.

    –Azərbaycan Respublikası 28 noyabr 1992-ci il tarixdən İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) üzvüdür. Bu regional təşkilatda Azərbaycan çox mühüm rol oynayır. Agentlik tərəfindən səmərəli işlər aparılır, daimi dövlətlərarası əlaqələr saxlanılır, üzv ölkələrin milli standartlaşdırma təşkilatları arasında fikir mübadiləsi aparılır, informasiya mübadiləsi təşkil olunub və bu sahələr üzrə dünyada gedən proseslər barədə faydalı müzakirələr aparılır.

    –Agentlik Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə sıx əməkdaşlıq edir: Azərbaycan Respublikası sənaye mülkiyyətinin mühafizəsi sahəsində 1995-ci il dən bu günə kimi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) 8 konvensiya, saziş və müqaviləsinə qoşulmuşdur:

    1. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis edən konvensiya;

    2. Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası;

    3. Patent kooperasiyası haqqında müqavilə (PCT);

    4. Nişanların beynəlxalq qeydiyyatına dair Madrid sazişi;

    5. Patent proseduru məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında Budapeşt müqaviləsi;

    6. Sənaye nümunələrinin beynəlxalq təsnifatının təsis edilməsi haqqında Lokarno sazişi;

    7. Beynəlxalq Patent təsnifatı haqqında Strasburq sazişi;

    8. Nişanların qeydiyyatı üçün əmtəə və xidmətlərin beynəlxalq təsnifatı barədə Nitsa sazişi;

    Agentliyin yerləşdiyi ünvan

    АZ –1147, Bakı şəhəri, Mərdanov Qardaşları – 124
    Tel: 440-52-24
    Faks: 440-52-24
    E-mail: аzs@azstand.gov.az
    İnternet səhifəsi: www.azstand.gov.az
    yuxarı