AZƏRBAYCAN RESPUBLIKASININ QIYMƏTLI KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMITƏSI

  • Komitənin yaranma tarixi
  • Komitənin strukturu
  • Komitənin vəzifələri
  • Komitənin hüquqları
  • Komitənin tabeliyində olan müəssisələr
  • Komitənin beynəlxalq əlaqələri
  • Komitənin yerləşdiyi ünvan

    Komitənin yaranma tarixi

    Tarixi ekskurs
    Azərbaycanda qiymətli kağızlar bazarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Ölkəmizdə ilk səhmlər 1913-cü ildə Bakı Tacir Bankının nizamnaməsinin təsdiq edilməsi ilə buraxılmışdır. Bu bankın əsas səhmdarları Azərbaycanın tanınmış sahibkarları-şuranın sədri H.Z.Tağıev, üzvləri M.Ş.Əsədullayev, M.Nağıyev, M.Muxtarov və başqaları olmuşlar. XX əsrin ilk iki onilliyində Bakıda bir sıra səhmdar cəmiyyətləri fəaliyyət göstərmişdir. Bu cəmiyyətlərin əksəriyyəti neft istehsalı, emalı və ticarəti ilə məşğul olurdu. Onlardan "Neft məhsulları səhmdar cəmiyyəti", "Bül-Bülə neft və ticarət səhmdar cəmiyyəti", "Balaxanı-Zabrat neft istehsalı səhmdar cəmiyyəti" və digərlərini qeyd etmək olar. Yeni-Bakı neftemalı zavodunun, Bakı Tacir Bankının və başqa iri şirkətlərin səhmləri Moskvanın, Sankt-Peterburqun və Russiyanın digər iri şəhərlərinin fond birjalarında satışa çıxarılırdı. ХIX-XX əslərdə Azərbaycanda iri Russiya banklarının Bakı filiaları fəaliyyət göstərirdi. Bu sırada Sankt-Peterburq Dövlət Bankının (1874-1920), Sankt-Peterburq Beynəlxalq Komersiya Bankının (1868-1920), "Voljsk-Kams" KB (1870-1920), Russiya Xarici Ticarət KB (1871-1919), "Russiya Sənaye ticarət" KB (1890-1920), "Şimal" KB (1901-1910), "Russiya Asiya" KB (1910-1920), "Azov-Don" KB (1877-1920) və b. göstərmək olar. Hələ 1900-cu ilin "Kaspi" qəzetinin səhifələrində veksel islahatı haqqındakı məqalələrdə bu qiymətli kağızın o zaman geniş istifadəsi və labüdlüyünü təsdiq edən maraqlı məlumatlar dərc olunurdu. Həmin dövrdə Bakı Tacir Bankı və Bakıda fəaliyyət göstərən digər banklar tərəfindən veksellər və faiz kağızları buraxılmışdır. Veksellərdən ödəniş prosesində və borc münasibətlərinin formalaşmasında geniş istifadə olunmuşdur. Veksel bazarı Azərbaycan Demokratik Respublikası dövründə də inkişaf etmiş, lakin Sovet hakimiyyəti dövründə məhdudlaşdırılmışdır.Sovet Azərbaycanında bütün MDB məkanında olduğu kimi dövriyyəda olan əsas qiymətli kağız uduşlu dövlət istiqrazları olmuşdur.

    Müstəqil Azərbaycan Respublikasında qiymətli kağızlar bazarınan yaranması yeni iqtisadi tariximizdə ən önəmli hadisələr sırasındadır, çünki bu bazarın mövcudluğu hər ölkənin iqtisadi tərəqqi amillərindən, Azərbaycanı dünya iqtisadi sisteminə yaxınlaşdıran vacib maliyyə infrastrukturlarından biridir. Dünya təcrübəsindən bəllidir ki, qiymətli kağızlar bazarı bazar iqtisadiyyatının əsas təməlidir, məhz buna görə də ümummilli liderimiz möhtərəm Heydər Əliyevin 1998-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaranması haqqında verdiyi 58 saylı Fərmanı dünya maliyyə təşkilatları, xarici sərmayədarlar və şirkətlər tərəfindən yüksək dəyərləndirilmişdir.

    26 iyul 1999-cu il tarixində «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanının imzalanması ilə ölkədə mütəşəkkil qiymətli kağızlar bazarının təməli qoyulmuşdur. Fəaliyyət göstərdiyi dövr ərzində QKDK tərəfindən Azərbaycan Respublikasında müasir tələblərə cəvab verən, bazar münasibətləri prinsiplərinə uyğun, həmçinin geniş əhatəli infrastrukturu olan fond bazarının yaradılması və inkişaf etdirilməsi istiqamətində böyük işlər aparılmışdır. Onlardan biri qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi sisteminin yaradılmasıdır ki, dünya standartlarına müvafiq hüquqi - normativ baza hazırlanmışdır. . Komitənin ümdə məqsədi bazarda baş verən prosesslərin şəffaflığının təmin edilməsi ilə yanaşı qiymətli kağızlar bazarında risklərin minimuma endirilməsidir. Məhz buna görə normativ-hüquqi bazada investorların (xüsusən minoritar investorların) hüquqlarının qorunmasına, qiymətli kağızlar bazarında məlumatın açıqlanmasına, qeyri-qanuni insayder əqdlərinin yol verilməməsinə, qiymətlərlə manipulyasiyanın qarşısının alınmasına və ölkənin fond bazarının daxili və xarici investisiya resurslarının iqtisadiyyatın real sektorunda akkumulyasiya edilməsinə, bazarın spekulyativ əqdlər bazarına çevrilməsinin qarşısının alınmasına yönəldilmiş digər istiqamətlərə xüsusi diqqət yetirilmişdir.

    Bu məqsədlə 70-dən artıq normativ–hüquqi aktlar qəbul edilmiş, o cümlədən “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bu sırada tütün məmulatları və alkoqollu içkilər üçün tətbiq olunan aksiz markalarının dövriyyəsi üzrə yeni mexanizm işlənmiş, borc öhdəlikləri bazarının tənzimlənməsi və girov əməliyyatlarının uçotu aparılmış, sivil lotereya bazarı formalaşmış, səhmdarların hüquqlarının qorunmasına dair iş təşkil olunmuş, Milli Depozitar Mərkəzinin işi yüksək səviyyədə qurulmuş, dövlət özəlləşdirmə paylarının (çeklərinin) və opsionlarının tədavülünün tənzimlənməsi məqsədilə qeydiyyat keçirilməsinə dair tədbirlər görülmüşdür.

    Komitənin təşkilati dəstəyi ilə 2000-ci ilin fevral ayının 15-də Bakı Fond Birjası (BFB) yaradılmışdır. Birjanın təsisçiləri 18 iri bank və maliyyə strukturlarıdır. Bunların sırasında İstanbul Fond Birjası da var. BFB-də ilk alqı-satqı əməliyyatını 2000-ci ilin sentyabr ayının 1-də keçirmişdir. BFB-nin əsas funksiyaları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş bütün növ qiymətli kağızlar üzrə alqı-satqının təşkil olunmasından ibarətdir. Bundan əlavə, BFB öz üzvlərinə depozitar xidmətləri, həmçinin dövlət qiymətli kağızları daxil olmaqla qiymətli kağızların bütün saxlayıcıları üçün reyestrin aparılması xidmətlərini göstərmək imkanındadır. Alqı-satqı iştirakçılarının qiymətli kağızlarının və pul vəsaitlərinin hərəkəti «ödənişə qarşı təchizat» (ÖQT) prinsipi üzrə həyata keçirilir.

    Hal-hazırda BFB-da Dövlət Qısamüddətli İstiqrazları, Milli Bankın qısamüddətli notları, korporativ istiqrazlar və səhmlər üzrə ticarət və notlar üzrə repo-əməliyyatları aparılır. 2005-ci ilin yekunları üzrə BFB-nın ümumi dövriyyəsi 2004-cü ilin ümumi dövriyyəsinə nisbətən 5,5 dəfə, səhmlər üzrə dövriyəsi isə 3,5 artmışdır.

    Bakı Fond Birjasının İnternet səhifəsi: www.bse.az

    Peşəkar fəaliyyət növləri
    Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan 7 peşəkar fəaliyyət növləri mövcuddur:

    1. broker fəaliyyəti
    2. diler fəaliyyəti
    3. qiymətli kağızların idarə olunması üzrə fəaliyyət
    4. depozitar fəaliyyəti
    5. qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət
    6. klirinq fəaliyyəti
    7. fond birjası fəaliyyəti
    31 hüquqi şəxs qiymətli kağızlar bazarının professional iştirakçısı lisenziyasını almışlar. Onlardan 12 broker, 11 diler, 3 depozitar, 2 reyestrsaxlayıcı, 1 birja, 1 qiymətli kağızların idarə edilməsi, 1 klirinq. 200-yə yaxın fiziki şəxslər bu bazarda müxtəlif fəaliyyət növləri ilə məşğul olmaq üçün attestasiyadan keçmiş və sertifikat almışlar.

    Dövriyyədə olan qiymətli kağızlar: səhmlər, korporativ istiqrazlar, Dövlət Qısamüddətli İstiqrazları, Milli Bankın Qısamüddətli Notları, özəlləşdirmə payları, opsionlar. Hal hazırda QKDK ipoteka kağızları, ipoteka istiqrazları, mənzil sertifikatları, munisipal istiqrazlar kimi yeni alətlərin bazarda dövriyyəsi üzrə maarifləndirmə işi aparır.

    Komitənin strukturu

    Sədr
    Sədrin birinci müavini
    Sədrin müavini
    Sədrin müavini
    Aparatın rəhbəri
    Sədrin köməkçisi
    Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsi
    Borc öhdəlikləri bazarının tənzimlənməsi və girov əməliyyatlarının uçotu şöbəsi
    Qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsi
    Qiymətli kağızlar bazarının infrastrukturunun tənzimlənməsi şöbəsi
    Qiymətli kağızlar bazarının inkişafı və monitorinqi şöbəsi
    Hüquq şöbəsi
    Kadr və kadr hazırlığı şöbəsi
    Ümumi şöbə
    İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
    Mühasibat uçotu və hesabatı şöbəsi
    Təsərrüfat şöbəsi

    Komitənin vəzifələri

    Komitə qiymətli kağızlarla fəaliyyət, o cümlədən qiymətli kağızlar bazarının formalaşdırılması və inkişafı sahəsində dövlət siyasətini, dövlət idarəetməsini və dövlət tənzimlənməsini, müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyəti üzərində nəzarəti və onların fəaliyyətinin əlaqələndirilməsini, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyəti üzərində nəzarəti həyata keçirən, investorların, səhmdarların və digər qiymətli kağızlar sahiblərinin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

    Komitənin öz səlahiyyətləri daxilində qəbul etdiyi aktlar digər mərkəzi icra hakimiyyəti orqanları və qiymətli kağızlarla fəaliyyət sahəsində, o cümlədən qiymətli kağızlar bazarındakı subyektlər üçün məcburi xarakter daşıyır və həmin aktların icrasına nəzarət Komitə tərəfindən həyata keçirilir.

    Komitənin əsas vəzifələri aşağıdakılardır:
    - qiymətli kağızlarla fəaliyyət sahəsində, o cümlədən qiymətli kağızlar bazarında dövlət siyasətinin işlənib hazırlanmasının və onun həyata keçirilməsinin, dövlət idarəetməsinin və tənzimlənməsinin, nəzarətin təmin edilməsi;
    - qiymətli kağızlar bazarının təşkili və inkişaf etdirilməsi, əlverişli investisiya mühitinin yaradılması;
    - qiymətli kağızlar bazarında emitentlərin, peşəkar iştirakçıların, fond bircalarının fəaliyyəti üzərində nəzarətin təmin edilməsi;
    - qiymətli kağızlar bazarında sağlam rəqabət mühitinin yaradılması;
    - qiymətli kağızlar bazarı iştirakçılarının, o cümlədən, investorların, səhmdarların və digər qiymətli kağızlar sahiblərinin hüquqlarının müdafiəsinin təmin edilməsi.

    Komitə ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
    - qiymətli kağızlarla fəaliyyət sahəsində dövlət idarəetməsinin təşkili, dövlət tənzimlənməsinin və nəzarətin, əlaqələndirmə fəaliyyətinin həyata keçirilməsi;
    qiymətli kağızlar bazarının təşkilinin və inkişafının əsas istiqamətlərinə dair təkliflər işləyib hazırlayır, qiymətli kağızlar bazarının vəziyyətini və inkişaf perspektivlərini təhlil edir, qiymətli kağızlar bazarında müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir;
    - qiymətli kağızların emissiyasının və emissiya prospektlərinin, o cümlədən, Azərbaycan Respublikası ərazisində qiymətli kağızları emissiya edən xarici emitentlərin emissiya prospektlərinin standartlarını təsdiq edir;
    - qiymətli kağızların və qiymətli kağızların emissiya prospektlərinin qeydiyyat qaydalarını təsdiq edir və onların qeydiyyatını həyata keçirir;
    - qeydiyyata alınmış qiymətli kağızların vahid dövlət reyestrinin aparılmasına qoyulan tələbləri müəyyən edir və həmin reyestrin aparılmasını təmin edir;
    - bütün növ qiymətli kağızların tədavülünün tənzimlənməsini həyata keçirir;
    - emitentlər tərəfindən qiymətli kağızların buraxılması və tədavülü şərtlərinə riayət edilməsinə nəzarət edir;
    - qiymətli kağızlarla, o cümlədən, daşınmaz əmlakla təmin edilmiş qiymətli kağızlarla əməliyyatlara, qiymətli kağızların açıq yerləşdirilməsinə, tədavülünə,kotirovkasına, listinqinə, hesablaşma-depozitar fəaliyyətinə qoyulan məcburi tələbləri müəyyən edir;
    - qiymətli kağızlar üzrə peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarına qoyulan vahid tələbləri, o cümlədən, qiymətli kağızlar bazarında sığorta və tə'minat standartlarını hazırlayır və təsdiq edir;
    - qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin - broker, diler, depozitar, qiymətli kağızların idarə edilməsi, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), qiymətli kağızların sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili və bu fəaliyyətin qanunla müəyyən edilən digər növləri də daxil olmaqla lisenziyalaşdırılması qaydalarını hazırlayır, onları həyata keçirir;
    - Azərbaycan Respublikası ərazisində fond bircalarının fəaliyyətinin lisenziyalaşdırılması qaydalarını hazırlayır, onları həyata keçirir;
    - investisiya fondlarının, o cümlədən, ixtisaslaşdırılmış çek investisiya fondlarının fəaliyyətinin lisenziyalaşdırılması qaydalarını hazırlayır, onları həyata keçirir;
    - qiymətli kağızlar bazarında investisiya, qeyri-dövlət pensiya və sığorta fondlarının və onların idarəedici şirkətlərinin, habelə bankların və sığorta şərkətlərinin fəaliyyətlərinin standartlarını müəyyən edir;
    - qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının öz-üzünü tənzimləyən təşkilatlarının fəaliyyəti qaydalarını müəyyən edir və fəaliyyətlərinə nəzarəti həyata keçirir;
    - bütün növ qiymətli kağızlar blanklarının hazırlanması üzrə fəaliyyətin lisenziyalaşdırılması qaydalarını hazırlayır, onları həyata keçirir; Azərbaycan Respublikasında dövlət qiymətli kağızlarının blanklarının hazırlanmasını təşkil edir;
    - dövlət aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması qaydalarını müəyyən edir, bu qaydalara riayət olunmasına və onların tədavülünə nəzarəti həyata keçirir;
    - emitentlər, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının öz-özünü tənzimləyən təşkilatları tərəfindən
    Azərbaycan Respublikasının qiymətli kağızlar üzrə qanunvericiliyinə, o cümlədən Komitənin təsdiq etdiyi standart tələb və qaydalara riayət edilməsinə nəzarət edir;
    - xarici hüquqi şəxslərin və xarici fiziki şəxslərin qiymətli kağızlar bazarında iştirakı və bazara buraxılış qaydalarını müəyyən edir və onların fəaliyyətinə nəzarəti həyata keçirir;
    - xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisində tədavülünü, o cümlədən, daxili qiymətli kağızlar bazarında tədavülə buraxılışını tənzimləyir, onların fəaliyyətinə nəzarəti həyata keçirir;
    - Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmış emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda ilkin yerləşdirilməsi və tədavülünə icazə verilməsi qaydalarını müəyyən edir;
    - bütün növ qiymətli kağızlarla girovun, qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin qeydiyyatını aparır;
    - Azərbaycan Respublikası ərazisində bütün növ lotereyaların buraxılışının, təşkilinin və keçirilməsinin lisenziyalaşdırılması qaydalarını hazırlayır, onları həyata keçirir; bütün lotereyaların buraxılışına, təşkilinə və keçirilməsinə nəzarət edir;
    - fond bircalarının, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının attestasiya qaydalarını müəyyən edir;
    - emitentlər tərəfindən Azərbaycan Respublikasında dövriyyədə olan, qiymətli kağızlarla aparılmış əməliyyatlara dair hesabatları yoxlayır;
    - qiymətli kağızlar bazarında hamı üçün açıq olan informasiya sisteminin yaradılmasını təmin edir və müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti həyata keçirir;
    - emitentlərin, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının, fond bircalarının mühasibat balanslarını nəzərdən keçirir;
    - qiymətli kağızlarla əməliyyatların həyata keçirilməsi məsələləri üzrə, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının və fond bircalarının fəaliyyəti üzrə mühasibat uçotunun və hesabatının təşkilinin vahid metodoloci əsaslarının müəyyənləşdirilməsində iştirak edir;
    - qiymətli kağızlar bazarında investorların, səhmdarların və qiymətli kağız sahiblərinin hüquqlarının və qanuni maraqlarının müdafiəsini həyata keçirir;
    - qiymətli kağızlar bazarında açıqlanması zəruri olan məlumatların alınması üçün bərabər olan şəraitin təşkil edilməsini təmin edir;
    - qiymətli kağızlar bazarında qanunvericiliyə uyğun olaraq reklam haqqında qaydaları müəyyən edir;
    - qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının tədrisini və yenidən hazırlanmasını təşkil edir;
    - qiymətli kağızlar bazarının inkişafı məsələləri üzrə tədqiqatlar aparılmasını təşkil edir;
    - qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq əlaqələri və əməkdaşlığı həyata keçirir; Komitənin fəaliyyəti ilə bağlı beynəlxalq müqavilələrin (sazişlərin) layihələrini hazırlayır (və ya hazırlanmasında iştirak edir), beynəlxalq konfransların, seminarların və sair beynəlxalq tədbirlərin keçirilməsini təşkil edir və ya onların işində iştirak edir;
    - qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.

    Komitənin hüquqları

    Komitənin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
    - müəyyən edilmiş qaydada öz səlahiyyətlərinə aid olan məsələlərə dair nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanları, banklar və kredit təşkilatları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər üçün icrası məcburi aktlar qəbul etmək; öz səlahiyyətlərinə aid olan məsələlərə dair mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti üzərində nəzarəti həyata keçirmək;
    - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qiymətli kağızların təsnifatlaşdırılmasını həyata keçirmək və növlərini müəyyən etmək;
    - qiymətli kağızlarla bağlı və qiymətli kağızlar bazarında fəaliyyəti tənzimləyən normativ - hüquqi aktları qəbul etmək;
    - Azərbaycan Respublikasında maliyyə bazarının o cümlədən, qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi ilə bağlı Komitə ilə razılaşdırılmamış və ya Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə bu Əsasnamə ilə müəyyən edilmiş qaydalara zidd olan normativ-hüquqi aktların qüvvəsinin dayandırılması və ya ləğv olunması barədə Azərbaycan Respublikası Prezidentinə təkliflər vermək;
    - Komitənin səlahiyyətlərinə aid olan məsələlərin həlli məqsədi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının nazirliklərindən və digər mərkəzi icra hakimiyyəti orqanlarından, Azərbaycan Respublikasının Milli Bankından, dövlət və kommersiya banklarından, dövlət şirkət və konsernlərindən, yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, hüquqi şəxslərdən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən qiymətli kağızlar bazarında onların fəaliyyətinə dair zəruri məlumatları sorğu etmək və almaq;
    - qiymətli kağızların bütün növlərinin buraxılışının və emissiya prospektlərinin qeydiyyatını aparmaq;
    - Azərbaycan Respublikası ərazisində qiymətli kağızların qeydiyyatı, buraxılması və tədavülü qaydalarını müəyyən etmək;
    - dövlət qiymətli və bələdiyyə kağızlarının buraxılması qaydalarını, onların yerləşdirilməsi və tədavülü şərtlərini müəyyən etmək;
    - Azərbaycan Respublikasında xarici emitentlərin qiymətli kağızlarının tədavülünü nizamlamaq;
    - emissiya baş tutmadığı hallarda investorların vəsaitinin qaytarılması qaydalarını müəyyən etmək;
    - emitent tərəfindən buraxılan emissiya qiymətli kağızlarının yerləşdirilməsinin müddətini müəyyən etmək;
    - qiymətli kağızların yerləşdirilməsinin gedişi barədə hesabatları təsdiq etmək;
    - emissiya qiymətli kağızlarının yerləşdirilməsi başa çatdıqdan sonra qanunla müəyyən edilmiş müddətdə emitentdən emissiya qiymətli kağızlarının buraxılışının nəticələri haqqında hesabat almaq və qanunla müəyyən edilmiş tələblərə riayət edildikdə onu qeydə almaq;
    - haqsız emissiya nəticəsində buraxılmış qiymətli kağızların bundan sonrakı yerləşdirilməsini dayandırmaq və bu məqsədlə tədbirlər görmək; emitent tərəfindən qiymətli kağızların haqsız emissiyası ilə əlaqədar olan pozuntular aradan qaldırıldığı halda qiymətli kağızların sonrakı yerləşdirilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə vermək;
    - qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərinə: broker, diler, qiymətli kağızların idarə edilməsi, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağızların sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə və qanuna müvafiq müəyyən edilən digər peşəkar fəaliyyətlərə lisenziyalar vermək;
    - qiymətli kağızlar bazarında peşəkar iştirakçıların fəaliyyətinə nəzarəti həyata keçirmək və həmin fəaliyyət qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması ilə həyata keçirildiyi hallarda verilmiş lisenziyaları dayandırmaq və ya ləğv etmək;
    - qiymətli kağızlarla peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarını müəyyən etmək;
    - emitentlərə və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarına, habelə qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının öz-özünü tənzimləyən təşkilatlarına qiymətli kağızlar bazarında fəaliyyətin həyata keçirilməsi ilə bağlı icrası məcburi olan göstərişlər vermək;
    - sərmayəçilərin və digər qiymətli kağızların sahiblərinin hüquqlarının müdafiəsi və onların hüquqlarına emitentlər və qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən riayət edilməsinə nəzarət etmək;
    - qiymətli kağızlar haqqında qanunvericilik pozulduqda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək və məhkəmədə iddialar qaldırmaq;
    - Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş emitentlər tərəfindən buraxılmış qiymətli kağızların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsinə dövlətlərarası müqavilələr (sazişlər) nəzərə alınmaqla icazə vermək;
    - Azərbaycan Respublikası ərazisində bütün növ lotereyaların buraxılışına, təşkilinə və keçirilməsinə lisenziyalar vermək və nəzarəti həyata keçirmək;
    - bütün növ qiymətli kağızlarla girovun, qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatını aparmaq;
    - emissiya prospekti qeydə alınarkən (özəlləşdirmə prosesində emissiya prospektlərinin qeydə alınması istisna olmaqla) dövlət rüsumunun məbləğini və ödənilməsi qaydasını müəyyən etmək;
    - qiymətli kağızlar bazarında peşəkar iştirakçılara lisenziya verilməsi üçün dövlət rüsumunun məbləğinə dair təklifləri və ödənilməsi qaydalarını hazırlamaq;
    - Komitənin səlahiyyətlərinə aid olan məsələlərin işlənib hazırlanması, o cümlədən qiymətli kağızlar bazarının təşkili və inkişafı, normativ - hüquqi aktların layihələrinin işlənib hazırlanması, onların ekspertizasının keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada xarici və yerli məsləhətçiləri və ekspertləri, məsləhətçi şirkətləri müqavilə (kontrakt) əsasında cəlb etmək;
    - əvəzsiz maliyyə və texniki yardım hesabına Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının dəstəklənməsi və inkişafı üçün xüsusi hesablar açmaq və onlardan istifadə etmək;
    - qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətli kağızlar bazarı sahəsində beynəlxalq əlaqələri həyata keçirmək, o cümlədən beynəlxalq təşkilatların və digər beynəlxalq qurumların işində iştirak etmək, Komitəyə həvalə edilmiş məsələlər üzrə xarici və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq, idarələrarası müqavilələr (sazişlər) bağlamaq, Komitənin səlahiyyətlərinə aid edilmiş məsələlərdə Azərbaycan Respublikasını təmsil etmək;
    - Komitənin səlahiyyətlərinə aid edilən məsələlərin həlli məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq hüquqi şəxslər yaratmaq;
    - qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətli kağızlar haqqında qanunvericiliyi pozan şəxsləri inzibati məsuliyyətə cəlb etmək, onlar barəsində inzibati tənbeh tədbirləri tətbiq etmək;
    - qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

    Komitənin tabeliyində olan müəssisələr

    Milli Depozit Mərkəzi
    Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan Milli Depozit Mərkəzinin yaradılması Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli Fərmanı ilə «Milli Depozit Sistemi haqqında» və «Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında» Əsasnamələrin təsdiq edilməsindən sonra mümkün olmuşdur. Yuxarıda qeyd olunan Fərmanın icrası ilə əlaqədar 18 sentyabr 1997-ci il tarixindən etibarən qapalı səhmdar cəmiyyəti formasında təsis edilmiş Milli Depozit Mərkəzi öz fəaliyyətinə başladı.

    Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanının icrası ilə bağlı 08 sentyabr 1999-cu ildə Milli Depozit Mərkəzi yenidən təsis edilmiş və səhmlərin tam həcmi QKDK-ya keçmişdir.

    2004-cü ildə Milli Depozit Mərkəzi «Avrasiya Mərkəzi Depozitarların Assosiyasiyası»nın təsis olunmasında iştirak etmiş və həmin təşkilatın üzvü olmuşdur.

    Milli Depozit Mərkəzində 100 000-dən artıq fiziki və hüquqi şəxslərə depo hesabları açılmış, 1000-dən artıq açıq səhmdar cəmiyyəti ilə müvafiq xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır.

    Milli Depozit Mərkəzinin İnternet səhifəsi: www.mdm.az

    QKDK-nın Naxçıvan Muxtar Respublikasındakı İdarəsi

    "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin Naxçıvan Muxtar Respublikasında təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Naxçıvanda QKDK-nin İdarəsi yaradılmış və QKDK-nın Naxçıvan Muxtar Respublikasındakı İdarəsi haqqında əsasnaməyə müvafiq fəaliyyətə başlamışdır. 01.03.2006-ci il tarixində Milli Depozit Mərkəzinin Naxçıvan filialının fəaliyyəti haqqında əsasnamə qüvvəyə minmişdir.

    Komitənin beynəlxalq əlaqələri

    Son illər ərzində ölkədə qiymətli kağızlar bazarının infrastrukturunun inkişafında, bu səpkidə dünya təcrübəsinin öyrənilməsi və tətbiq olunmasında beynəlxalq təşkilatlar tərəfindən göstərilən texniki yardımın əhəmiyyətli rolu olmuşdur.

    Avropa Birliyi tərəfindən maliyyələşdirilmiş TACİS-in 2000-ci il Fəaliyyət Proqramınına daxil olmuş “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının inkişafı” adlı 18 aylıq və 1 mln. 300 min avro həcmli layihəsi 2003-2004-cü illərdə Böyük Britaniyanın “Securities Research Assosiates” şirkəti tərəfindən müvəffəqiyyətlə həyata kerilmişdir.

    Bu layihə çərçivəsüində beynəlxalq ekspertlər tərəfindən tədris kursları təşkil edilmiş, yerli bankların, broker şirkətlərinin və Bakı Fond Birjasının 30 nümayəndəsi beynəlxalq şəhadətnamə almışlar, QKDK-nın hüquqi-normativ sənədləri təhlil, tərcümə və redaktə olunmuş, onların beynəlxalq standartlara tam müvafiqliyi xüsusi qeyd edilmlşdir və elektron şəbəkə sistemi yaradılmışdır.

    Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının yeni alətlərinin inkşafında da lahiyənin böyük rolu olmuşdur. Beynəlxalq ekspertlər “UNİBANK” tərəfindən ölkədə korporativ istiqrazların ilk buraxılışında fəal iştrak etmişlər.

    Bütövlükdə bu kimi tədbirlər yerli bazarın beynəlxalq maliyyə fəzasına inteqrasiya edilməsinə doğru yönəldilmişdir.

    Hal-hazırda FIRST multi donor proqramı haqqında razılıq əldə edilmlşdir. 14 iyul 2005-ci ildə QKDK-nın və Böyük Britaniyanın Emerging Market Economics Limited Şirkəti arasında “Qeyri-bank korporativ istiqrazlar bazarının yaradılmasına dəstək” texniki yardım layihəsinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş və 12 ay müddətli həmin bu layihə üzrə Qrant Sazişi bağlanmışdır.

    Komitənin yerləşdiyi ünvan

    AZ1000 Bakı şəhəri, Bül-Bül prospekti 19.
    Tel: 4935058
    Faks: (994 12) 4982559
    E-mail: info@scs.gov.az
    İnternet səhifəsi: www.scs.gov.az
    yuxarı