AZƏRBAYCAN RESPUBLİKASI QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

  • Komitənin tarixi
  • Komitənin vəzifələri
  • Komitənin hüquqları
  • Komitənin beynəlxalq əlaqələri
  • Komitənin yerləşdiyi ünvan

    Komitənin tarixi

    Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 19 sentyabr tarixli Fərmanı ilə daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərin qəbulu, yerləşdirilməsi və güzəranları ilə əlaqədar məsələləri həll etmək və bu sahədə respublikanın sovet, təsərrüfat, inzibati və ictimai təşkilatlarının fəaliyyətlərini əlaqələndirmək məqsədilə "Daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə iş üzrə Azərbaycan SSR Dövlət Komitəsi" kimi yaradılmışdır.

    Azərbaycan Respublikası Prezdentinin 1993-cü il 5 yanvar tarixli 396 nömrəli Fərmanı ilə həmin Komitənin adı dəyişdirilərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi adlandırılmışdır.

    Komitənin vəzifələri

    Azərbaycan Respublikası Prezdentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq Komitənin əsas vəzifələri qaçqınların, məcburi köçkünlərin və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin müvəqqəti məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması, qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmalarına şərait yaratmaq məqsədi ilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə məqsədyönlü iş aparılması, onlar üçün mənzil və sosial obyektlərin, təmir-tikinti işlərinin aparılması, tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatı və s. problemlərin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etməkdən ibarətdir.

    Komitənin hüquqları

    Komitənin hüquqlarına qaçqınların, məcburi köçkünlərin və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin problemlərinin həlli üzrə aidiyyatı dövlət orqanlarına təkliflər vermək, onların qarşısında məsələ qaldırmaq, həmin şəxslərin miqrasiyası sahəsində dövlət və qeyri-hökumət təşkilatları ilə birgə müvafiq tədbirlər görmək, Komitənin səlahiyyətlərinə aid olan məsələlər üzrə qanunvericilik aktlarının layihələrini hazırlayıb müvafiq dövlət orqanlarına təqdim etmək, məcburi köçkünlərə aylıq yemək xərcləri üçün müavinətin və yardımın ünvanlı çatdırılmasına nəzarət etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərinə dair məsələlərin icrası ilə bağlı təlimatlar, qaydalar və digər normativ sənədlər hazırlayaraq müvafiq dövlət orqanları ilə razılaşdırmaqla təsdiq etmək və s. daxildir.

    Komitənin beynəlxalq əlaqələri

    1999-cu il dekabrın 6-da Azərbaycan Respublikası Prezdentinin Fərmanı ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edilmiş, məcburi köçkünlərin sosial problemlərinin həlli, infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin açılması məqsədilə Dünya Bankı tərəfindən ölkəmizə ayrılmış 10 mln. ABŞ dolları həcmində güzəştli kredit hesabına həmin Fondun xəttilə 150 mindən artıq məcburi köçkünün faydalandığı 153 müxtəlif mikrolayihələr həyata keçirilmiş və 6 min nəfərdən artıq məcburi köçkünə fiziki şəxs kimi mikro-kredit verilmişdir.

    Hazırda yuxarıda göstərilən məsələlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq, Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı tərəfindən müəyyən güzəştli maliyyə vəsaitinin ayrılması ilə bağlı müvafiq iş aparılır.

    Respublikamızda hazırda qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olan 60 beynəlxalq, 22 yerli humanitar və onların təsis etdikləri 13 inkişaf təşkilatı vardır. Son illər bu təşkilatların xətti ilə həyata keçirilən layihələr əsas etibarilə inkişaf yönümlüdür və bunlar da bilavasitə təşkilatların özləri tərəfindən tərtib olunaraq həyata keçirilir.

    Həmin təşkilatların tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün ölkədə nümunəvi şərait yaradılmışdır. Hətta Milli Məclisin 2004-cü il 3 dekabr tarixli qərarına əsasən "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişiklik edilmiş və beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fonduna hesablanmış məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edilmişlər.

    Beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının fəaliyyətinə Azərbaycan Respublikası Prezdentinin 1995-ci il tarixli Sərəncamı ilə yaradılmış Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən nəzarət və koordinasiya edilir.

    Aparılan səmərəli işlərin nəticəsi olaraq 1993-2004-cü illərdə ayrı-ayrı dövlətlər, maliyyə qurumları, beynəlxalq humanitar və inkişaf təşkilatları tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 mln. ABŞ dollarından çox həcmdə humanitar yardım göstərilmişdir.

    Ötən 12 il ərzində beynəlxalq humanitar təşkilatlar tərəfindən 4 minədək sığınacaq tikilərək məcburi köçkün ailələri oraya köçürülmüş, həmçinin 20 min məcburi köçkünün müvəqqəti məskunlaşdıqları ictimai binalarda təmir işləri aparılmışdır.

    1999-cu ildə ümummilli lider Heydər Əliyevin BMT-nin "Ümumdünya Ərzaq Proqramı" təşkilatının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadılmışdır.

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı əldə olunmuş razılığa əsasən İtaliyanın "ENİ" şirkəti tərəfindən "Azərbaycanda yurdlarından didərgin düşmüş şəxslər və məcburi köçkünlər" layihəsi çərçivəsində 2,2 mln. ABŞ dolları həcmində ayrılmış qrant vəsaiti hesabına 1999-cu ilin noyabr ayında Azərbaycan hökuməti, "ACİP Azərbaycan" Ortaq Şirkəti, İtaliyanın "ENİ" şirkəti və BMT QAK arasında imzalanmış üçtərəfli müqaviləyə əsasən məcburi köçkünlər üçün Xanlar rayonunda 234 ailə üçün 253 ev və sosial obyektlər, Beyləqan rayonunda 110 ailə üçün 124 ev və sosial obyektlər, Ağcabədi rayonu ərazisində Laçın qış yataqlarında (Taxta Körpü) 35 obada 5600 nəfər üçün su xətləri çəkilmişdir.

    Asiya İnkişaf Bankı vasitəsilə Yoxsulluğun Azaldılması üzrə Yaponiya Fondu hesabına maliyyələşdirilən "Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərə yardım" layihəsi çərçivəsində Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınmışdır.

    Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin təşəbbüsü ilə Saatlı rayonunda "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin Azərbaycan sektorunun tikintisini həyata keçirən Yunanıstanın "Contractors İnternational Company" (CİC) şirkətinin vəsaiti hesabına 100 ailəlik qəsəbə salınır.

    Qeyd etmək lazımdır ki, Ermənistanın tutduğu qeyri-konstruktriv mövqe, beynəlxalq təşkilatların fəaliyyətsizliyi, münaqişəyə ikili yanaşması nəticəsində məsələnin sülh yolu ilə həlli uzandığı üçün donorlar ölkəmizə ayrılan vəsaitlərin həcmini ilbəil xeyli azaldır və bir sıra beynəlxalq humanitar təşkilatlar respublikamızı tərk edirlər. Bu, həm də Azərbaycanın son illərdə geniş iqtisadi inkişaf mərhələsinə qədəm qoyması, yoxsulluq həddinin əhali arasında xeyli azalması və rifah halının nisbətən yaxşılaşdırılması ilə əlaqədardır.

    Əgər 1994-1995-ci illərdə beynəlxalq, yerli humanitar və onların təsis etdiyi inkişaf təşkilatları tərəfindən həyata keçirilmiş layihələrə ildə 70-75 mln. ABŞ dolları həcmində vəsait sərf olunurdusa , 2004-cü ildə bu vəsaitin miqdarı təxminən 34 mln. ABŞ dolları olmuşdur. Lakin Dövlət Neft Fondundan ayrılmış vəsaitlər də nəzərə alınmaqla, hökumətin bu sahə üzrə ötən ildəki xərcləri isə 120 mln. ABŞ dollarına bərabərdir.

    2001-ci ildə bir sıra beynəlxalq təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə ərzaq yardımı göstərilməsi proqramı dayandırılmışdır. Bu boşluq ölkə rəhbərinin müvafiq sərəncamları ilə aradan qaldırılmış və hazırda 146 min nəfər məcburi köçkün büdcə vəsaiti hesabına aylıq ərzaqla təmin edilir.

    Respublikanın 23 şəhər və rayonunda müvəqqəti məskunlaşmış 135 min nəfər məcburi köçkünə aylıq ərzaq yardımı göstərən yeganə qurum BMT-nin "Ümumdünya Ərzaq Proqramı" beynəlxalq humanitar təşkilatı da donor vəsaitinin çatışmazlığı ilə əlaqədar cari ilin əvvəlindən həmin yardımın paylanılmasını dayandırmışdır. Dövlət bu problemi də öz üzərinə götürmüşdür və hazırda təşkilatın fəaliyyətinin davam etdirilməsi istiqamətində müvafiq iş aparılır.

    Qaçqınların və məcburi köçkünlərin humanitar vəziyyəti hələ də mürəkkəb olduğu, onlar arasında yoxsulluq həddi yüksək olaraq qaldığı üçün bütün problemlərin həlli, şübhəsiz, beynəlxalq ictimaiyyətin, donor ölkə və maliyyə qurumlarının köməyi olmadan qeyri-mümkündür.

    Ölkədəki "qaçqın" statusu almaq niyyətində olan (üçüncü ölkələrdən olan sığınacaq axtaran) şəxslərin sosial problemlərinin həlli ilə də bağlı müəyyən tədbirlər həyata keçirilir.

    Belə ki, 2000-ci ilin may ayından etibarən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının vəsaiti hesabına ABŞ-ın "Amkor" beynəlxalq humanitar təşkilatı tərəfindən klinika təşkil olunmuş və orada "qaçqın" statusu almaq niyyətində olan (sığnacaq axtaran) şəxslərə tibbi xidmət göstərilir.

    2001-ci ildə həmin şəxslərin müvafiq Qanuna uyğun hüquqlarının tənzimlənməsi məqsədilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamenti yaradılmışdır.

    Eyni zamanda "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərə status verilməsi, onların sosial problemlərinin həlli və məktəb yaşlı uşaqlarının təhsil almaları üçün BMT QAK və müvafiq dövlət orqanları ilə birgə lazımi işlər görülür.

    Həmin şəxslərlə bağlı məsələlərin operativ həlli məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin, Xarici İşlər, Daxili İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır.

    Komitənin yerləşdiyi ünvan

    Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti - 57.
    Əlaqə telefonları: 430-09-21, 430-09-25.
    E-mail: dovletgachqinkom@azdata.net
    İnternet səhifəsi: www.refugees-idps-committee.gov.az
    yuxarı